2035-ci ilə qədər dünyada 2,4 milyard 6G bağlantısı olacaq

2035-ci ilə qədər dünyada 2,4 milyard 6G bağlantısı olacaq
Kateqoriya məlum deyil
T

“GSMA Intelligence” tərəfindən yayımlanan yeni hesabatda 6G texnologiyasına keçidin mərhələli şəkildə həyata keçiriləcəyi və 2035-ci ilə qədər dünya üzrə 2,4 milyard 6G bağlantısının qurulacağı bildirilib.

Sfera.az xəbər verir ki, hesabata görə, 2030-cu ilin sonuna qədər 6G bağlantılarının sayı təxminən 50 milyon olacaq. Bu isə həmin dövrdə ümumi mobil bağlantı bazarının cəmi 0,5 faizini təşkil edəcək.


Proqnozlara əsasən, 2035-ci ilə qədər belə dünya üzrə mobil bağlantıların dörddə üçündən çoxu əvvəlki nəsil texnologiyalardan istifadə edəcək.


Bu səbəbdən operatorlar 6G infrastrukturunu qurarkən mövcud 5G və 4G xidmətlərini də fasiləsiz şəkildə davam etdirməli olacaqlar. Hesabatda mobil internet trafikinin də əhəmiyyətli dərəcədə artacağı qeyd edilib. Aylıq mobil məlumat trafikinə dair göstəricinin 2025-ci ildəki 144 eksabaytdan illik orta hesabla 15 faiz artaraq 2035-ci ildə 604 eksabayta çatacağı gözlənilir.


Mobil internet trafikində ən böyük payı video məzmunlarının təşkil edəcəyi bildirilir. Bununla yanaşı, süni intellektlə işləyən cihazlar və genişləndirilmiş reallıq (XR) tətbiqlərinin də şəbəkələrə düşən yükü əhəmiyyətli dərəcədə artıracağı proqnozlaşdırılıb.


Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) rəhbərliyi ilə formalaşdırılan 6G prosesində texniki performansla bağlı ilkin tələblər 2026-cı ilin fevralında rəsmiləşdirilib.


Yeni nəsil mobil rabitə standartlarının yalnız daha yüksək yükləmə sürəti təmin etməyəcəyi, eyni zamanda süni intellekt inteqrasiyası və inkişaf etmiş sensor imkanlarını birbaşa şəbəkə infrastrukturuna gətirəcəyi gözlənilir.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR