Bakıda bu yolun işıqforunda dəyişiklik edildi

Binəqədi rayonu, Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hərəkət iştirakçılarının intensivliyi və nəqliyyat axınının mövcud vəziyyəti nəzərə alınaraq Binəqədi rayonu, Dalğa küçəsindən Binəqədi şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə işıqforların vaxt planında müvafiq dəyişiklik edilib. Bu məqsədlə NİİM-in əməkdaşları sözügedən yolda təhlillər aparıblar.
Təhlillər zamanı işıqforların vaxt planı dəyişdirilərək faza müddəti 7 saniyə artırılıb. Nəticədə günün pik saatlarında Dalğa küçəsində yaranan nəqliyyat sıxlığının uzunluğu 285 metrdən 180 metrə qədər (təxminən 37 faiz) azalıb.
Qeyd edək ki, mərkəz tərəfindən paytaxt yollarında nəqliyyat axınının vəziyyəti mütəmadi olaraq təhlil edilir və zərurət yarandıqda işıqforların iş rejimlərinin optimallaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.






