“Kifli qidanı belə "xilas" edirik, amma…”

“Kifli qidanı belə "xilas" edirik, amma…”
Kateqoriya məlum deyil
T

Soyuducuda saxladığımız pendir, çörək, meyvə və digər qida məhsullarının üzərində kif əmələ gəlməsi ilə tez-tez qarşılaşırıq.

Bəzi insanlar məhsulun yalnız kiflənmiş hissəsini kəsib atdıqdan sonra qalan hissənin yeyilə biləcəyini düşünür. Lakin bu yanaşmanı bütün qida məhsullarına tətbiq etmək düzgün deyil.

Sfera.az xəbər verir ki, qidanın kiflənməsi zamanı məhsulun növü, strukturu və nəmliyi onun təhlükəsiz olub-olmamasında əsas amillərdəndir.

Yumşaq pendirlər, çörək, yumşaq meyvə və tərəvəzlər, mürəbbə və jele, həmçinin bişmiş məhsullar kifləndikdə onların atılması tövsiyə olunur.

Səbəb isə kifin yalnız məhsulun gözlə görünən hissəsində olmaması, daha dərin qatlara yayıla bilməsidir. Xüsusilə yumşaq və nəmliyi yüksək olan məhsullarda bu risk daha böyükdür.

Lakin bəzi sərt qida məhsullarında vəziyyət fərqli ola bilər. Məsələn, sərt pendirlərdə kiflənmiş hissənin ətrafından və altından ən azı 2,5 santimetr məsafənin kəsilərək çıxarılmasından sonra qalan hissənin istifadə edilə biləcəyi bildirilir. Bu zaman bıçağın kifli hissəyə toxundurulmaması da tövsiyə olunur.

Maraqlı məqam odur ki, qidanın kifli olub-olmadığını yalnız qoxusuna və görünüşünə əsasən qiymətləndirmək də düzgün yanaşma deyil. Bəzi qidalar xarab görünməsə, qoxusu və dadı dəyişməsə belə, xəstəlik törədən mikroorqanizmlər daşıya bilər. Kif isə xarab olmanın əlamətlərindən biri hesab olunur.

Mütəxəssislərin və qida təhlükəsizliyi üzrə qurumların tövsiyələrindən belə nəticəyə gəlmək olar ki, "kifli hissəni kəs, qalanını ye” yanaşması universal qayda deyil. Məhsulun növü və quruluşu nəzərə alınmalıdır.

Xüsusilə çörək, yumşaq pendir, mürəbbə, bişmiş yeməklər və yumşaq meyvə-tərəvəzlər kifləndikdə yalnız görünən hissəni kəsməklə kifayətlənmək təhlükəsiz yanaşma hesab edilmir. Sərt və sıx strukturlu bəzi məhsullarda isə kifli hissənin düzgün şəkildə kəsilərək çıxarılması mümkün ola bilər.\\azxeber.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR