Rəşad Dağlı azadlığa çıxa bilər – Tarix AÇIQLANDI

Prezidentin əfv sərəncamından sonra meyxanaçı Rəşad Dağlının da azadlığa buraxılması ilə bağlı çağırışlar səslənir. Tərəfdarları onun adının əfv siyahısına salınmalı olduğunu bildirir, bəziləri isə sənətçinin günahsız olduğunu iddia edir.
Belə açıqlamalara görə qanunvericilikdə hər hansı hüquqi məsuliyyət nəzərdə tutulurmu? Ümumiyyətlə, Rəşad Dağlı nə vaxt həbsdən buraxıla bilər?
Sfera.az bildirir ki, globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə həmin hökmün ictimai müzakirəsi fərqli məsələlərdir:
“Ayrı-ayrı şəxslərin hökmə dair fərqli mövqe bildirməsi onun hüquqi qüvvəsini dəyişmir. Eyni zamanda, hər hansı məhkumun əfv olunmasına çağırış etmək avtomatik olaraq hüquqazidd fəaliyyət hesab edilə bilməz. Əfv Azərbaycanın hüquq sistemində nəzərdə tutulan konstitusion mexanizmdir və Prezidentin səlahiyyətlərinə aiddir. Bu səbəbdən “əfv olunsun” və ya “əfv siyahısına daxil edilsin” kimi çağırışlar qanunda nəzərdə tutulan əfv institutundan istifadə olunmasına dair ictimai mövqedir. Lakin ictimai fikir bildirmək ilə konkret şəxslər haqqında bilə-bilə yalan məlumat yaymaq arasında hüquqi fərq var. Bu baxımdan “Rəşad Dağlı günahsızdır” ifadəsi özlüyündə avtomatik olaraq hüquqi məsuliyyət yaratmır. Hüquqi məsuliyyət konkret ifadənin qanunda nəzərdə tutulan tərkib əlamətlərinə uyğun olub-olmamasından asılıdır”.
Hüquqşünas xatırladıb ki, Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib:
“Əfv ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə eyni hüquqi mexanizm deyil. Əfv Prezidentin fərdi qaydada həyata keçirdiyi konstitusion səlahiyyətdir. Şərti olaraq vaxtından əvvəl azad edilmə isə məhkəmənin qərarı ilə tətbiq olunur və Cinayət Məcəlləsinin 76-cı maddəsi ilə tənzimlənir. Xüsusilə ağır cinayətə görə məhkum edilmiş şəxsin şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün cəzanın ən azı dörddə üç hissəsinin faktiki çəkilməsi tələb olunur. Rəşad Dağlının 9 il 6 aylıq cəzası üzrə bu müddət 7 il 1 ay 15 gündür. Onun 9 noyabr 2022-ci ildən həbsdə olduğu barədə məlumatlar nəzərə alınarsa, bu hədd təxminən 2029-cu ilin dekabrında tamamlanır. Lakin müddətin tamamlanması avtomatik azad edilmə demək deyil”.






