Ad uşağın taleyini müəyyən edir? – Neyropsixoloqdan AÇIQLAMA

Ad uşağın taleyini müəyyən edir? – Neyropsixoloqdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Bəzi ailələr dünyasını dəyişmiş yaxınlarının adını yeni doğulan uşağa verirlər.

Bununla həm sevdikləri insanın xatirəsini yaşatmaq, həm də ailə bağlarını qorumaq istəyirlər.

Lakin cəmiyyətdə bununla bağlı başqa inanclar da mövcuddur: “Ölən insanın adı uşağa qoyulmaz”, “uşaq onun taleyini təkrarlaya bilər”, “ad insanın taleyini müəyyən edir” kimi fikirlər nəsildən-nəslə ötürülür.

Bəs elmi baxımdan ad həqiqətən insanın həyatını və taleyini müəyyən edə bilərmi?

Bu haqda Sfera.az-a açıqlama verən neyropsixoloq Aytəkin Aslan bunun tamamilə yanlış olduğunu bildirib. O, insanın adını daşıdığını, lakin taleyini daşımağını qeyd edib:

“Elmi araşdırmalar insanın yalnız müəyyən bir adı daşıdığı üçün həmin adı aldığı şəxsin həyatını, xəstəliyini və ya ölüm yaşını təkrarlayacağını göstərmir. Adın insan taleyini müəyyən edən bioloji və ya genetik mexanizm olduğuna dair elmi sübut yoxdur. Ancaq bu, adın insanın psixologiyasında və sosial həyatında heç bir rol oynamadığı anlamına gəlmir. Ad insanın sosial kimliyinin bir hissəsidir, insan özünü təqdim edərkən ilk istifadə etdiyi sözlərdən biridir və zaman keçdikcə özünüqavrayışının müəyyən elementinə çevrilə bilər. Üstəlik, cəmiyyətin müəyyən adlara verdiyi mənalar və həmin adlarla bağlı stereotiplər insanların bir-birinə münasibətinə təsir göstərə bilər. Yəni adın təsiri varsa belə, bu təsir “sehrli” və ya taleyüklü deyil, sosial və psixoloji mexanizmlərlə izah olunur. Xüsusilə vəfat etmiş qohumun adının uşağa verilməsi məsələsində diqqət edilməli məqam adın özündən daha çox, həmin ada ailənin yüklədiyi mənadır. İnsan başqa bir insanın adını daşıyanda, başqalarının gözləntilərinə uyğun yaşamaq yükünü də daşıya bilər. İnsan sanki adını daşıdığı şəxsin kölgəsində yaşayır və daim müqayisə olunur. 2026-cı ildə “Family Process” jurnalında yayımlanan fenomenoloji araşdırmada doğulmazdan əvvəl vəfat etmiş ailə üzvlərinin adını daşıyan 14 yetkin insanın təcrübəsi araşdırılıb. Tədqiqat göstərib ki, belə bir adlandırma insanlar tərəfindən eyni şəkildə yaşanmır. Bəzi iştirakçılar bu adı ailəyə bağlılıq, sevgi, qürur və xatirə ilə əlaqələndiriblər. Digərləri isə həmin adla birlikdə məsuliyyət, emosional yük, müqayisə və “Mən kiməm?” sualını yaşadıqlarını bildiriblər.Burada çox mühüm bir psixoloji fərq ortaya çıxır: problem adın özündə deyil, uşağın həmin adla birlikdə hansı hekayəni və hansı rolu daşımasındadır”.

Mütəxəssis bildirib ki, əgər valideyn uşağa “Bu ad babanın adı idi, biz onu çox sevirdik və xatirəsini yaşatmaq istədik” deyirsə, bu, uşağın ailə tarixini və öz köklərini anlamasına kömək edə bilər, amma burada fərqli məqamlar da var:

“Uşağa davamlı olaraq “Sən onun davamısan”, “Sən onun kimi olmalısan”, “Sən onun yerinə gəlmisən” və ya “Onun yarımçıq qalan həyatını sən davam etdirəcəksən” kimi mesajlar verilirsə, artıq ad sadəcə xatirə olmaqdan çıxaraq uşağın üzərinə psixoloji gözləntiyə çevrilə bilər.Uşaq öz şəxsiyyətini formalaşdırarkən ailəsinin ona verdiyi mesajlardan təsirlənir. Əgər ona daim adını daşıdığı insan haqqında danışılır və həmin insanla müqayisə edilirsə, uşaq zamanla “Mən özüm kiməm?” sualı ilə qarşılaşa bilər. O, öz seçimlərini və davranışlarını həmin insanın həyatı ilə müqayisə etməyə başlaya bilər. Bu isə xüsusilə identikliyin formalaşdığı uşaqlıq və yeniyetməlik dövründə əhəmiyyətli ola bilər.Bununla belə, vəfat etmiş bir qohumun adını daşımaq mütləq mənfi psixoloji təcrübə deyil. Əksinə, bəzi insanlar üçün bu ad ailə ilə bağlılıq, mənsubiyyət, sevgi və ailə tarixinin davamlılığı hissi yarada bilər. İnsan öz adını sevilmiş və hörmət edilmiş bir ailə üzvü ilə əlaqələndirirsə, bu, onun üçün müsbət emosional məna daşıya bilər. Deməli, eyni ad bir insan üçün qürur və bağlılıq, başqa biri üçün isə emosional yük ola bilər. Burada müəyyənedici amil adın özü deyil, ailənin həmin ada və həmin şəxsin xatirəsinə münasibətidir.Bəs “ölən qohumun taleyi uşağa keçə bilər” fikrinə necə yanaşmaq lazımdır? Elmi baxımdan bunun əsası yoxdur. Məsələn, vəfat etmiş qohum müəyyən yaşda xəstəlikdən dünyasını dəyişibsə, onun adını daşıyan uşağın həmin xəstəliyi eyni yaşda keçirəcəyini və ya eyni taleyi yaşayacağını göstərən bioloji mexanizm yoxdur. Ad genetik məlumat daşımır və bir insanın həyat tarixini digərinə ötürmür".

A.Aslan lakin burada başqa bir psixoloji mexanizmiin mövcud ola biləcəyini də vurğulayıb:

"Əgər ailə uşağın adını daşıdığı şəxsin həyatını daim onun qarşısına qoyursa, həmin hekayə uşağın özünüqavrayışının bir hissəsinə çevrilə bilər. Məsələn, uşaq “Mən onun kimi olmalıyam” və ya “Mən onun həyatını davam etdirməliyəm” düşüncəsi ilə böyüyə bilər. Belə halda baş verən hadisə adın taleyi müəyyən etməsi deyil; ailə gözləntilərinin və uşağın bu gözləntiləri necə mənimsəməsinin onun davranışlarına təsir etməsidir.

Bu səbəbdən uşağa vəfat etmiş qohumun adını vermək istəyən ailələr üçün ən sağlam yanaşma həmin şəxsin xatirəsini qorumaqla uşağın fərdi kimliyini bir-birindən ayırmaqdır. Uşağa belə bir mesaj verilə bilər: “Bu ad ailəmiz üçün çox qiymətlidir. Bu adı daşıyan insanı sevmişik və onun xatirəsini yaşatmaq istəmişik. Amma sən onun əvəzi deyilsən və onun həyatını yaşamaq məcburiyyətində deyilsən. Sən öz həyatını quracaq ayrıca bir insansan.”Əslində, valideynlərin özlərinə verməli olduqları əsas sual da budur: “Biz bu adı uşağa xatirə olaraq veririk, yoxsa ondan başqa bir insanın yerini doldurmasını gözləyirik?” Bu iki vəziyyət psixoloji baxımdan tamamilə fərqlidir. Əgər məqsəd “Onu xatırlamaq istəyirik”dirsə, bu, ailə yaddaşının bir formasıdır. Amma “O yoxdur, indi bu uşaq onun yerini dolduracaq” düşüncəsi varsa, burada ehtiyatlı olmaq lazımdır. Çünki uşaq heç kimin əvəzi deyil.Nəticə olaraq, elmi baxımdan “ad insanın taleyini yazır” fikrini təsdiqləyən əsas yoxdur. İnsan həyatını genetik xüsusiyyətlər, böyüdüyü mühit, münasibətlər, tərbiyə, təcrübələr, sosial şərait və şəxsi seçimlər kimi çoxsaylı amillər formalaşdırır. Ad isə bu böyük sistemin yalnız bir hissəsidir. Vəfat etmiş bir insanın adını uşağa vermək onun həmin insanın taleyini yaşayacağı demək deyil.Əslində burada daha doğru sual “Uşağa hansı ad verildi?” yox, “Bu adla birlikdə uşağa hansı hekayə verildi?” sualıdır. Çünki uşaq başqasının həyatını davam etdirmək üçün deyil, öz həyatını qurmaq üçün dünyaya gəlir. Ad keçmişlə bağ yarada bilər, amma gələcəyi yazmır. Hər insan öz hekayəsinin müəllifidir”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR