Süni intellektin inkişafı dayandırılmalıdırmı? - Mütəxəssisdən AÇIQLAMA

Süni intellektin inkişafı dayandırılmalıdırmı? - Mütəxəssisdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Süni intellektin (AI) bütün sahələrə təsir göstərəcəyi, təhlükəsizlik riskləri yaradacağı, insan əməyinə olan ehtiyacı azaldacağı və şəxsi həyata müdaxiləni asanlaşdıracağı ilə bağlı narahatlıqlar getdikcə artır.

Bu səbəbdən bəzi dairələrdə süni intellekt sahəsində tədqiqatların məhdudlaşdırılması, tətbiq imkanlarının daraldılması və inkişaf tempinin azaldılması ilə bağlı çağırışlar səsləndirilir.

Artıq Avropa İttifaqı, ABŞ, Kanada və digər inkişaf etmiş ölkə və regionlarda süni intellektin inkişafı ilə bağlı təhlükəsizlik məsələləri müzakirə olunur.

Bəs bu narahatlıqlar nə dərəcədə əsaslıdır? Süni intellektin inkişafının davam etdirilməsi və tətbiq sahəsinin genişləndirilməsi nə dərəcədə vacibdir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən süni intellekt üzrə mütəxəssis Ümid Salay bildirib ki, bu sahədə narahatlıqların müəyyən əsasları var:

“Bəli, bu narahatlığın əsası var. Mən Sİ ilə işləyən və onu insanlara öyrədən biri kimi texnologiyanın yaratdığı imkanları hər gün görürəm. İnsan əvvəllər bacarmadığı işi görə bilir, ideyasını daha tez həyata keçirir, saatlarla vaxt aparan prosesin öhdəsindən daha rahat gəlir. Mən də növbəti modellərin nəyə qadir olacağını maraqla gözləyirəm. Elə buna görə inkişafın sürətini sorğulamağı texnologiyaya qarşı çıxmaq yox, məsuliyyətli yanaşmaq hesab edirəm. Süni intellekt sahəsində bütün tədqiqatların dayandırılması və ya minimuma endirilməsi doğru yanaşma deyil. Onun sözlərinə görə, səhiyyə, elm, təhsil, təhlükəsizlik və biznes üçün fayda yarada biləcək araşdırmalar davam etdirilməlidir. Bununla belə, gündəlik istifadə olunan Sİ tətbiqləri ilə ən qabaqcıl modellərin inkişafını eyni şəkildə qiymətləndirmək olmaz. Xüsusilə növbəti Sİ sistemlərinin hazırlanmasını sürətləndirə bilən modellər bizi daha ehtiyatlı davranmağa məcbur edir. İnkişafın tempi baş verənləri anlamaq və təhlükəsizliyi yoxlamaq imkanımızı qabaqlamamalıdır”.

O, "Anthropic" şirkətinin rəhbəri Dario Amodei-nin “We Must Pace the Frontier” məqaləsində səsləndirdiyi yanaşmanı da qeyd edib. Mütəxəssisin fikrincə, ən qabaqcıl modellərin imkanları artdıqca onların necə işlədiyini anlamağa, sınaqdan keçirməyə və təhlükəsizlik mexanizmləri yaratmağa kifayət qədər vaxt ayrılmalıdır.

“Burada məqsəd Sİ-nin inkişafını dayandırmaq deyil. Kritik mərhələlərdə sürəti azaltmaq və qazanılan vaxtı real nəzarət sistemlərinin yaradılmasına sərf etmək lazımdır”, – ekspert bildirib.

Ümid Salay insan nəzarəti məsələsinə də diqqət çəkib:

“Süni intellekt sisteminin verdiyi qərarın sonunda insanın təsdiq verməsi özlüyündə real nəzarət anlamına gəlmir. Əgər insan həmin nəticənin necə yarandığını anlaya, onu yoxlaya və lazım gəldikdə alternativ qərar verə bilmirsə, prosesdə iştirak etsə də, faktiki olaraq onu idarə etmir. Əmək bazarında süni intellektin yaratdığı dəyişikliklər də diqqətlə qiymətləndirilməlidir. Əsas risk insan əməyinin bir anda tamamilə yox olması deyil. Təkrarlanan işlərin bir hissəsi avtomatlaşacaq, bəzi vəzifələr azalacaq, bir sıra peşələrdə görülən işlərin məzmunu dəyişəcək. Məni daha çox insanların bu dəyişikliyə uyğunlaşmaq üçün kifayət qədər vaxtının olub-olmayacağı düşündürür. Müəllim nəyi öyrətməli olduğunu, peşə sahibi hansı bacarıqları inkişaf etdirməli olduğunu, cəmiyyət isə hansı səlahiyyətləri Sİ sistemlərinə verməyə hazır olduğunu düşünə bilməlidir”.

Ü.Salay hesab edir ki, süni intellekt üzərində nəzarətin yalnız texnologiya şirkətlərinin özlərinə həvalə edilməsi də kifayət deyil. Onun fikrincə, müstəqil qiymətləndirmə, yoxlanıla bilən öhdəliklər və şəffaf nəzarət mexanizmləri yaradılmalıdır. Eyni zamanda qaydalar kiçik iştirakçıların bazardan sıxışdırılmasına və bütün gücün bir neçə böyük şirkətin əlində cəmləşməsinə səbəb olmamalıdır. “Nəzarətin özü də nəzarətsiz qalmamalıdır”, – mütəxəssis vurğulayıb.

Ekspertin fikrincə, süni intellektin inkişafının davam etdirilməsi vacibdir, lakin inkişaf yalnız daha güclü sistemlərin yaradılması ilə ölçülməməlidir. Bu sistemləri anlamaq, idarə etmək və lazım gəldikdə inkişaf tempini azaltmaq imkanının yaradılması da prosesin ayrılmaz hissəsi olmalıdır. “Sİ insan həyatına böyük fayda verə bilər. Bunun üçün öz yaratdığımız güc üzərində qərar vermək haqqımızı qorumalıyıq”, – Ü.Salay bildirib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR