Tez-tez xəstələnən uşaqlarda güclü immunitet yaranır? - Həkimdən CAVAB

Tez-tez xəstələnən uşaqlarda güclü immunitet yaranır? - Həkimdən CAVAB
Kateqoriya məlum deyil
T

Uşaqların bağçaya başlaması ilə birlikdə il ərzində daha tez-tez xəstələnməsi valideynlərin ən çox narahat olduğu məsələlərdən biridir.

Xüsusilə ilk illərdə uşaqlar arasında soyuqdəymə, virus infeksiyaları və digər yoluxucu xəstəliklərin yayılması daha çox müşahidə olunur. Bu vəziyyət bəzi valideynləri uşağı bağçadan uzaq saxlamağa vadar etsə də, digər bir yanaşmaya görə, uşağın müxtəlif infeksiyalarla qarşılaşması immun sisteminin formalaşması baxımından faydalı ola bilər.

Lakin tez-tez xəstələnməyin həqiqətən immuniteti gücləndirib-gücləndirmədiyi və uşağın xəstəlikdən qorunması üçün bağçaya getməsinin məhdudlaşdırılmasının nə dərəcədə doğru olduğu sual doğurur.

Bəs bağçaya başlayan uşaqların ilk aylarda tez tez xəstələnməsi normaldırmı? Zamanla, həqiqətən də, immunitet yaranır?

Mövzu ilə bağlı pediatr Elşən Tağıyev Sfera.az-a açıqlama verib. O, uşağın tez-tez xəstələnməsinin səbəbinin imunnitet zəifliyindən irəli gəlmədiyini izah edib:

“Problem immun sisteminin zəifliyi deyil. Uşaq sadəcə yeni və çoxsaylı infeksion agentlərlə daha intensiv qarşılaşmağa başlayır. Bağça infeksiyaların yayılması üçün əlverişli mühitdir. Uşaqlar bir-biri ilə yaxın təmasda olur, oyuncaqları paylaşır, əllərini tez-tez ağızlarına aparırlar. Respirator viruslar isə öskürək, asqırma, tənəffüs sekresiyaları və əllər vasitəsilə asanlıqla yayıla bilir. Amerika Pediatriya Akademiyası qrup şəklində uşaq baxımında olan uşaqlarda infeksion xəstəliklərin, xüsusilə respirator infeksiyaların daha çox rast gəlindiyini bildirir. Xüsusilə bağçanın ilk ayları daha çətin keçə bilər. Tədqiqatlar göstərir ki, bağçaya başladıqdan sonra respirator infeksiya əlamətlərinin tezliyi arta bilər, lakin zaman keçdikcə bu yük tədricən azalır”.

Mütəxəssis xəstələndikcə immunitetin möhkəmlənməsi fikrinin qismən yanlış olduğunu açıqlayıb:

“İmmunitet hər xəstəlikdən sonra ümumi şəkildə “güclənmir”. Bunun əvəzinə immun sistem müxtəlif virus və bakteriyalarla qarşılaşdıqca həmin mikroorqanizmlərə qarşı spesifik immun cavab və immun yaddaş formalaşdırır. Uşaq gələcəkdə eyni və ya oxşar patogenlə qarşılaşdıqda xəstəlik daha yüngül keçə bilər və ya ümumiyyətlə klinik simptom yaranmaya bilər. Bu səbəbdən bağçanın ilk illərində infeksiyaların artması müəyyən mənada infeksion təmasların daha erkən yaşlara keçməsi kimi də qiymətləndirilə bilər. Uzunmüddətli müşahidələrdə erkən dövrdə qrup uşaq baxımına başlayan uşaqlarda bəzi infeksiyaların daha çox olduğu, sonrakı illərdə isə bu fərqin azaldığı göstərilib.

Uşaqlar böyüdükcə respirator infeksiyaların tezliyi də ümumilikdə azalır. AAP məlumatlarına görə, həyatın ilk illərində uşaqlar ildə təxminən 8-10 dəfə soyuqdəymə keçirə bilər, amma yaş artdıqca bu rəqəm azalır. Lakin burada mühüm bir məqam var ki, uşağı qəsdən infeksiyalara məruz qoymaq immunitet yaratmaq üsulu deyil. Peyvəndlərin vaxtında aparılması, əllərin yuyulması, otaqların yaxşı havalandırılması və xəstə uşaqların infeksiya zamanı uyğun şəkildə evdə saxlanılması yoluxmaların qarşısını almaqda daha düzgün yanaşmalardır. Yəni bağçaya başlayan uşağın ilk aylarda tez-tez xəstələnməsi çox vaxt normal adaptasiya dövrünün bir hissəsidir və təkbaşına immun çatışmazlığı göstərmir. Əsas fikir budur ki, uşaq xəstələndikcə ümumi immuniteti güclənmir, müxtəlif infeksion agentlərlə qarşılaşdıqca onlara qarşı spesifik immun yaddaş formalaşır. Zamanla immun sistemin təcrübəsi artdıqca və uşaq böyüdükcə infeksiyaların tezliyi adətən azalır”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR