Nazirlikdən deputata CAVAB: "Müəyyən qrafiklə..."

Milli Məclisin deputatı Səyyad Aranın rayonlarda nazirlərin keçirdiyi vətəndaş qəbullarının təşkili ilə bağlı səsləndirdiyi fikirlərə Səhiyyə Nazirliyindən cavab verilib.
Sfera.az xəbər verir ki, deputat Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında seçicilərin problemlərinin həlli məsələsindən danışarkən nazirlərin vətəndaşlarla görüşlərinin təşkilini də tənqid edib.
Səyyad Aran bildirib ki, bəzi hallarda vətəndaşların nazirlərlə birbaşa ünsiyyət qurması çətinləşir. Onun sözlərinə görə, qəbullara əvvəlcədən müəyyən edilmiş siyahı üzrə vətəndaşlar buraxılır və nəticədə real problemi olan şəxslərin nazirə müraciət etmək imkanı məhdudlaşır.
Deputat səhiyyə naziri ilə bağlı fikirlərində də bu məsələyə toxunaraq deyib ki, nazir rayonlara gedərkən vətəndaşların real problemlərini yerində dinləməlidir.
"Bu, düzgün deyil. Məsələn, səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur".
Səhiyyə Nazirliyi isə deputatın səhiyyə naziri tərəfindən rayonlarda vətəndaş qəbullarının keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında səhiyyə naziri və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir.
Qeyd olunub ki, vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində əvvəlcədən yerləşdirilir. Nazirlik vurğulayıb ki, bu baxımdan, səsləndirilən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün mövcud səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir.
Beləliklə, deputat vətəndaşların problemlərinin həllində nazirlərin daha birbaşa iştirak etməli olduğunu vurğulasa da, Səhiyyə Nazirliyi öz növbəsində vətəndaş qəbullarının müəyyən edilmiş qrafik və qaydalar əsasında keçirildiyini bildirir.
Firuzə Əliyeva






