Naxçıvanda ziyarətgahda hörmətsizlik Badamlı suyunda yuyulan ayaq

Naxçıvanda ziyarətgahda hörmətsizlik Badamlı suyunda yuyulan ayaq
Kateqoriya məlum deyil
T

Naxçıvana səfər edən bəzi bloqerlərin bölgədə çəkərək sosial şəbəkələrdə paylaşdıqları videolar ciddi müzakirələrə və narazılığa səbəb olub.

Sözügedən görüntülərdə "Əshabi-Kəhf" ziyarətgahında çəkiliş zamanı xanımlardan birinin geyimi ilə müxtəlif hərəkətlər etdiyi, ərazidə fərqli pozalar verdiyi görünür.

Digər görüntüdə isə Amalya adlı xanımın Badamlı ərazisində ayaqyalın şəkildə su mənbəyinin içərisində hərəkət etdiyi əks olunub.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Ajans.az saytının baş redaktoru Tural Müseyibov öz fikirlərini bildirib.

T.Müseyibov qeyd edib ki, "Əshabi-Kəhf" sadəcə turistlərin ziyarət etdiyi məkan deyil, həm də dini və tarixi əhəmiyyət daşıyan ziyarətgahdır. Onun sözlərinə görə, belə yerlərdə çəkiliş apararkən məkanın xüsusiyyətləri, eləcə də yerli əhalinin həmin əraziyə münasibəti nəzərə alınmalıdır.

Baş redaktor vurğulayıb ki, "Əshabi-Kəhf"in reklam və ya tanıtıma ehtiyacı olan adi kommersiya məkanı kimi təqdim edilməsi düzgün yanaşma deyil:

“Əshabi-Kəhf ziyarətgahdır. Bu elə bir yerdir ki, insanların dua etmək, ibadət etmək və ziyarət məqsədilə getdiyi məkandır. Orada insanların əyləşib dua etməsi üçün yaradılmış yerlər var. Bu məkanın xüsusiyyətlərini nəzərə almadan müxtəlif pozalar vermək, geyim üzərindən diqqət cəlb edən görüntülər yaratmaq narazılığa səbəb ola bilər”.

T.Müseyibov bildirib ki, Naxçıvana gedən şəxslər bölgənin tarixi, mədəniyyəti və adət-ənənələri ilə bağlı əvvəlcədən məlumatlanmalıdırlar. O qeyd edib ki, Azərbaycanın hər bölgəsinin özünəməxsus adət-ənənələri və həssas yanaşdığı məqamlar var.

Baş redaktorun fikrincə, hər hansı məhsulun və ya şəxsi brendin tanıtımı zamanı istifadə edilən çəkiliş formatını dini və tarixi məkana tətbiq etmək düzgün deyil.

“Bu hansısa kosmetik məhsulun, gecə geyiminin və ya parfümün təqdimatı deyil. Tamamilə fərqli məkandan söhbət gedir. Əgər daha yüksək səviyyədən danışılırsa, həmin yer haqqında oxumaq, araşdırmaq və məlumatlanmaq lazımdır. Heç olmasa orada kimdənsə soruşmaq olar”, – deyə T.Müseyibov əlavə edib.

O, Badamlı ilə bağlı yayılan digər videoya da münasibət bildirib. Baş redaktor qeyd edib ki, görüntülərdə su mənbəyinin içərisində ayaqyalın hərəkət edilməsi də ictimai narazılığa səbəb olub.

“Badamlı dəvət edibsə, heç olmasa çəkilişə nəzarət edilməli idi. İnsan su mənbəyinin içərisində ayaqyalın gəzir, suya daxil olur. Bununla bağlı hansı izah verilə bilər? Əgər məqsəd təbliğatdırsa, bu formada təqdimat əks-təbliğat təsiri yarada bilər”, – deyə T.Müseyibov vurğulayıb.

Baş redaktorun sözlərinə görə, turizm və məhsul tanıtımı məqsədilə keçirilən çəkilişlərdə məkanın statusu, yerli əhalinin həssaslığı və həmin əraziyə münasibət nəzərə alınmalıdır.

T.Müseyibov sonda belə çəkilişləri həyata keçirən şəxsləri daha diqqətli olmağa çağırıb və bildirib ki, görülən işin səviyyəsi ilə çəkiliş aparılan məkan arasında uyğunluğun qorunması vacibdir.



PAYLAŞ

OXŞAR XƏBƏRLƏR