Onların əməkhaqqısı artırılacaq - AÇIQLAMA

Onların əməkhaqqısı artırılacaq - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Qüdrət Həsənquliyev texniki və riyazi elmləri yaxşı bilən istedadlı gənclərin hərbi sahəyə cəlb olunması üçün onlara ciddi imtiyazların müəyyənləşdirilməsini təklif edib.

Bəs texniki və riyazi elmlər üzrə istedadlı gənclərin hərbi sahəyə cəlb olunması üçün hansı imtiyazlar tətbiq oluna bilər? Nə üçün bu sahələr üzrə yüksək biliklərə malik gənclər hərbi xidmətə və hərbi karyeraya maraq göstərmirlər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, müasir dövrdə Silahlı Qüvvələrdə texnologiyaların sürətli inkişafı mühəndis və elm adamlarına olan ehtiyacı artırır.

Onun sözlərinə görə, silah və hərbi texnologiyaların inkişaf tempi əvvəlki dövrlərlə müqayisədə kəskin sürətlənib:

“Bu gün müasir dünyada bütün sahələrdə, xüsusilə də Silahlı Qüvvələrdə texnologiyalar çox sürətlə inkişaf edir. Min il bundan əvvəl silahlar uzun müddət dəyişmirdisə, XIX və XX əsrlərdə bu dəyişikliklər onilliklərlə ölçülürdüsə, XXI əsrdə texnologiyalar hər il, hətta hər ay yenilənir. Ona görə də bu sahədə mühəndislərə, elm adamlarına və yüksək texniki biliklərə malik kadrlara çox böyük ehtiyac var”.

Ekspert qeyd edib ki, əsas məqsədlərdən biri hərbi sahə üçün milli kadr potensialının formalaşdırılması olmalıdır:

“Millət vəkili Qüdrət Həsənquliyevin səsləndirdiyi fikir də məhz bu baxımdan aktualdır. İstedadlı gənclərin hərbi sahəyə cəlb olunması üçün onların təminatı elə səviyyədə olmalıdır ki, həmin şəxslər digər sahələrə yönəlməyə məcbur qalmasınlar. Heç kimə sirr deyil ki, mühəndislərə, riyaziyyat və fizika üzrə istedadlı şəxslərə dünyanın bütün ölkələrində böyük tələbat var. Azərbaycanda da bu sahələr üzrə mütəxəssislər digər sektorlarda daha yüksək əməkhaqqı ilə işləyə bilirlər”.

E.Həsənlinin sözlərinə görə, söhbət yalnız maddi təminatdan getməməlidir. Onun fikrincə, texniki və riyazi elmlər üzrə istedadlı gənclər üçün müxtəlif sosial və peşəkar imtiyazların tətbiqi də onların hərbi sahəyə marağını artıra bilər.

“Burada təkcə maddi məsələni nəzərdə tutmamalıyıq. Digər imtiyazlar da tətbiq oluna bilər ki, həmin şəxsləri bu prosesə cəlb etmək mümkün olsun. Hətta gələcəkdə xüsusi ixtisas sahiblərinin, o cümlədən bəzi tibbi ixtisasların nümayəndələrinin də bu baxımdan ayrıca nəzərə alınmasına ehtiyac var”,– ekspert bildirib.

Emin Həsənli hərbçilərin əməkhaqlarının artırılması istiqamətində müzakirələrin aparıldığını da qeyd edib:

“Ümumilikdə hərbçilərin əməkhaqqının artırılması ilə bağlı müzakirələr gedir və biz bunun şahidi olacağıq. Azərbaycan dövləti hər zaman hərbçilərin əməkhaqqının yüksək olması üçün müəyyən addımlar atır. Eyni zamanda, xidmət şəraitləri arasında da fərq nəzərə alınmalıdır. Ən ağır şəraitdə xidmət edən hərbçi ilə daha rahat şəraitdə xidmət edən hərbçinin təminatı eyni olmamalıdır”.

Ekspert vurğulayıb ki, hərbçi peşəsinin yüksək səviyyədə qiymətləndirilməsi və hərbçilərin, şəhid ailələrinin, eləcə də qazilərin sosial təminatının gücləndirilməsi istiqamətində atılan addımlar gələcəkdə də davam etdirilə bilər.

“Azərbaycan dövləti bu istiqamətdə böyük imtiyazlar tətbiq edib. Həm şəhid ailələri, həm qazilər, həm də hərbçilər üçün müxtəlif sosial təminat tədbirləri həyata keçirilib. Gələcəkdə də bu proses davam edəcək və hesab edirəm ki, bu istiqamətdə xeyli addımlar atılacaq”, – deyə E.Həsənli əlavə edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR