Dini məsələlərdə Sİ-yə güvənmək olar? - İlahiyyatçıdan AÇIQLAMA

Dini məsələlərdə Sİ-yə güvənmək olar? - İlahiyyatçıdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə şəriətdə süni intellekt məsələsinə xüsusi önəm verilməsinin vacibliyini və bu mövzuda müftilərin xüsusi görüşünün keçirilməsinin zəruriliyini bildirib.

Bu açıqlama dini məsələlərdə “ChatGPT” kimi süni intellekt platformalarından istifadənin nə dərəcədə doğru olduğu sualını da gündəmə gətirib.

Süni intellektin verdiyi dini məlumatlara inanmaq və həmin məlumat əsasında əməl etmək olarmı, yoxsa dini hökm və fətva üçün mütləq din xadiminə müraciət edilməlidir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, süni intellektdən istifadə müasir dövrün tələbi kimi din xadimləri və müftilər üçün də aktual məsələdir.

Onun sözlərinə görə, İslam yenilikləri və müasirliyi dəstəklədiyindən din alimlərinin də bu texnologiyadan istifadə etməsi qaçılmazdır.


“Ancaq bütün sahələrdə olduğu kimi, din sahəsində də süni intellektdən istifadənin qaydaları müəyyənləşməlidir. Din həssas sahədir. Şəriət hökmləri və fətvalar əsasında cəmiyyət müəyyən addımlar atır və bu, məsuliyyət doğurur. Süni intellekt isə insan olmadığı və məsuliyyət daşımadığı üçün bu sahədə müəyyən məhdudiyyətlər olmalıdır”, – ilahiyyatçı qeyd edib.

T.İrfan hesab edir ki, din xadimləri araşdırılmış və əmin olduqları məsələlərin dəqiqləşdirilməsi üçün süni intellektdən yararlana bilərlər:

“Din adamları tam əmin olduqları mövzularla bağlı süni intellektə müraciət edə bilərlər. Məsələn, müəyyən bir hökmə və ya fətvaya gəliblərsə, bunu cəmiyyətə təqdim etməzdən əvvəl əlavə dəqiqləşdirmə aparmaq üçün süni intellektdən istifadə mümkündür. Amma heç bir elmi tədqiqat aparmadan, araşdırma etmədən sadəcə süni intellektə sual verib alınan cavabı insanlara hökm və ya fətva kimi təqdim etmək təhlükəli nəticələr doğura bilər”.

İlahiyyatçı əlavə edib ki, fərqli məzhəb və cərəyanlara aid məlumatların kontekstdən çıxarılaraq fətva kimi təqdim edilməsi radikalizm və ekstremizm riskini də artıra bilər. Onun sözlərinə görə, süni intellektin informasiya imkanları geniş olsa da, dini məsələlərin hamısını düzgün qiymətləndirmək imkanında deyil:

“Süni intellekt bir alətdir. İnsan bu alətdən müsbət məqsədlərlə də istifadə edə bilər, sui-istifadə edərək mənfi istiqamətlərə də yönəldə bilər. Dünyanın bütün kitabxanalarındakı və insanların malik olduğu bütün biliklər süni intellektə yüklənməyib. Din alimləri elə mənbələrdən və situasiyaya uyğun yanaşmalardan istifadə edə bilirlər ki, süni intellekt həmin məsələyə cavab verməkdə çətinlik çəkə bilər. Xüsusilə insanın emosional və fərdi vəziyyətinin nəzərə alınmasını tələb edən situativ məsələlərdə bu daha aydın görünür”.

T.İrfan vurğulayıb ki, fərdlərin süni intellektdən birbaşa dini hökm və ya fətva alaraq buna əsasən hərəkət etməsi düzgün deyil:

“Birbaşa fətvanı süni intellektdən almaq olmaz. Şəriət hökmünü süni intellektdən soruşub ona əməl etmək xətalıdır. Süni intellekt daha çox fətva verən müftilərin və din alimlərinin əlavə məlumat və dəqiqləşdirmə vasitəsi kimi istifadə oluna bilər. Ona görə də din xadimlərinin süni intellektdən istifadə metodları və qaydaları müəyyən çərçivəyə salınmalıdır. Bunun sərhədləri olmalıdır. Bu vasitədən özbaşına və sərhədsiz şəkildə istifadə mənfi nəticələrə gətirib çıxara bilər”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR