Deputatlar yay tətilini necə keçirib? - "İstirahət alınmır..."

Deputatlar yay tətilini necə keçirib? - "İstirahət alınmır..."
Kateqoriya məlum deyil
T

Milli Məclisin deputatlarının yay tətili başa çatıb. Deputatlar iyulun 15-dən avqustun 30-dək məzuniyyətdə olublar. Sentyabrın başlaması ilə parlamentin fəaliyyəti də bərpa olunub.

Bəs deputatlar 47 günlük yay tətilini necə keçiriblər?

Millət vəkillərinin yay aylarını necə keçirdikləri, istirahət üçün xarici ölkələrə gedib-getmədikləri və Azərbaycanda hansı bölgələrə səfər etdikləri ilə maraqlandıq.

Mövcud suallar ətrafında Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Mahir Süleymanlı bildirib ki, bu yay əsasən Şabran və şimal bölgəsində istirahət edib:

“Yay tətilimi Şabranda keçirmişəm. Avqust ayında mətbuatda da verilmişdi, vətəndaş qəbullarında olmuşam. Bir dəfə də Şabranın özündə olmuşam. Şimal zonasında görməli və səfalı yerlər çoxdur. Quba və Qusarda da olmuşam. Bu yay xarici ölkələrdə istirahət etməmişəm. Əsasən Şabranda və şimal bölgəsində olmuşam”.

Deputat Fazil Mustafa isə yay tətilinin bir hissəsini xaricdə, digər hissəsini Naxçıvanda və Azərbaycanın müxtəlif rayonlarında keçirib:

“Qısa müddətə xaricə getdim, amma qalan vaxtı Naxçıvanda keçirdim. Azərbaycanın bir neçə rayonunda oldum və daha çox Bakıda qaldım. Xüsusi səfər və ya tədbir planlaşdırmamışdım. Daha çox yaradıcılıqla məşğul oldum, çoxsaylı mütaliə və yaradıcılıq işləri ilə vaxtımı faydalı keçirdiyimi düşünürəm”.

Naqif Həmzəyev isə məzuniyyətini Gəncə və Gəncəbasar bölgəsində keçirib:

“Məzuniyyətimi Gəncə şəhərində və Gəncəbasar bölgəsində keçirdim. Yerli turizmin inkişafına töhfə verməyə çalışdım”.

Deputat Rəşad Mahmudov yay aylarında xaricə istirahət məqsədilə getmədiyini, əsasən ölkə daxilində olduğunu bildirib:

“Bu yay xaricə istirahət məqsədilə səfər etmədim. Qısa fasilələrlə əsasən ölkə daxilində oldum. Vaxtımın böyük hissəsini Cənub bölgəsində, deputat seçildiyim ərazidə və Bakıda keçirdim. Təbii ki, yay aylarında da həm deputatlıq fəaliyyətim, həm də tibbi fəaliyyətim fasilələrlə davam etdi. Ona görə klassik mənada uzunmüddətli tətil olmasa da, imkan daxilində ailəmlə birlikdə ölkəmizdə dincəlməyə çalışdım”.

Ceyhun Məmmədov isə uzun müddətdir işlərinin çoxluğu səbəbindən tam mənada istirahət edə bilmədiyini deyib:

“Qeyd etmək lazımdır ki, təəssüf ki, uzun illərdir istirahət etmək alınmır. Cari işlərin çoxluğu ilə bağlı bu yay da xaricə getmək imkanım olmadı. Əsasən Bakıda olmuşam. Bir neçə gün də doğulub boya-başa çatdığım Cəbrayıl rayonuna həftəsonları getmişəm və orada qalmışam. Ümumilikdə tətilimi bu şəkildə keçirə bildim. Çünki görüşlər, televiziya müsahibələri və digər işlər tələb edirdi ki, Bakıda olum və daha çox bu fəaliyyətlərə vaxt ayırım”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR