"Oğlum narkotikə görə məni dostuna "zaloq" qoydu, sonra isə..." - Yaşlı anadan TÜKÜRPƏDİCİ SÖZLƏR
Axşamüstü sürətlə metroya tərəf gedirdim. Arxamdan onun ümid və sevinc dolu səsi gəldi: "Salfetka var salfetka”... Birdən arxaya dönüb yaşlı qadını gördüm. Elə sakit səslə yalvarırdı ki, adam salfetka almamağa, onun yanından düz keçib getməyə, biganə qalmağa belə utanırdı. Bir qədər diqqətlə baxdım, nimdaş geyimli ahıl qadındı. İçim sızladı, qəribə hiss etdim özümü. Toparlanıb, ona yaxınlaşdım. Salfet almaq bəhanəsi ilə onu tanımalıydım. Nədənsə bir anlıq doğmalıq hiss etdim. O isə dayanmadan eyni sözləri deyirdi. Maraqlıdır, məgər, bu yaşda qadının övladı və ya himayə çıxacaq bir doğması yoxdurmu ki, əlləri əsə-əsə, onun-bunun qabağına qaçıb salfet satır? Nə etmək olar, bəzən gördüklərimiz bizi təəccübləndirər.
Sfera.az-ın bu dəfəki qəhrəmanı 70 yaşlı Sara (ad şərtidir-red.) nənədir. Sara nənə balaca boyu ilə çiyinlərində bir ailənin böyük yükünü daşıyır. Səhərin sübh çağında yuxudan oyanır, axşama qədər çörək pulu üçün qədim şəhərin küçələrində ac-susuz dolaşıb salfet satmağa çalışır. Uzun sözün qısası, söhbət etməyə başladıq...
- Mənə də salfet ver, ay nənə...
- Al, qızım (gülümsəyir).
- Sara nənə, mən həmişə burdan keçirəm, ancaq səni birinci dəfədir görürəm. Çoxdandı bu tərəflərdə salfet satırsan?
- Hə... Ola bilər bu dəfəki kimi diqqətlə fikir verməmisən. Hər gün səhərdən axşama qədər burda oluram. Qaranlıq düşəndə evə gedirəm.
- Ay nənə, sənin kimin-kimsənən yoxmu?
Pis olur, bir qədər fikrimi yayındırmaq istəyir. Ancaq hiss edirəm ki, dərdli qadındır, dərdini bölüşməyə adam axtarır.
- Var, amma məni sorğu sual etmə. Ehhh... danışsam tonlarla kitab yazmaq olar. Səhər tezdən ac-susuzam, heyim-hərəkətim yoxdur. Nə olar məni çox danışdırma, yadıma düşəcək, yenə pis olacam. Sən yaxşı qızsan.
Sözünü bitirib bir qədər susur və yanından ötüb keçənlərin üzünə baxır. Ancaq dillənib heç nə demir.
- Gəl, danışaq...
- O zaman bir az gözlə bu bir paçkanı satıb bitirim gedək, burda şirniyyat evi var, orda mənə pulsuz çay verirlər. Çay içə-içə danışarıq.
Gözləməyə məcburam. Təxminən yarım saat ərzində salfetləri satıb qurtarır. Özü mənə yaxınlaşır. Və nənənin dediyi yerə getdik.
- İndi danış görək, cildlərlə kitablara yazılan dərdin nədir?
- Dərdsiz insan varmı? (Doluxsunur) Mənim dərdim böyükdür. Min bir əziyyətlə iki oğul böyüt, heç birinin də xeyrin görmə. Ana üçün bundan böyük dərd ola bilər? (kövrəlir)
- Oğlanların hardadı ki?
- İkisi də yanımdadır, sadəcə nankor övladdılar. Məni yaman günə qoydular. Rəhmətlik ərim öləndən sonra heç xoş gün görmədim. O, sağ olanda dünyanın hər yerini gəzdirdi, nə gördümsə, onun sağlığında gördüm. Ağzımın dadı da onunla getdi. İndi kimə lazımam, nəyə lazımam. Ancaq işləyib onları saxlamağa lazımam.
- Oğlanlarını sən saxlayırsan?
Çayından bir qurtum içib danışmağa başlayır...
- Birini mən saxlayıram. O biri də evlidir, özü öz ailəsini saxlayır. Bir evin içində məni saymırlar. Hərəsi öz kefinin bəyidir. Ancaq onu bilirlər ki, səhərin "gözü" açılmamış ananı küçələrə salsınlar, axşam da qayıdanda əlimi güdsünlər. Ərim sağ olsaydı bu köpək uşaqları mənnən belə davrana bilməzdilər. Atalarından it kimi qorxurdular. Ərimin ölməyi bunları qudurtdu. Biri narkoman oldu, biri də özbaşına gedib tanınmayan, bilinməyən birinin qolundan tutub gətirib arvad elədi. Nə anasını tanıdım, nə də atasını. Danışanda da heç kimi bəyənmir. Kül onun başına, vaxtında elələrin qabağımda "smirna" durğuzmuşam. Qırx il ayaqqabı fabrikində işləmişəm, ali təhsilli qadınam. Neyniyim indi... Allah pis övladların üzünü qara eləsin. Axırımı yaman günə qoydular.
Özü mövzunu dəyişir...
- O vaxt elə gözəl idim ki, kaş şəkillərim burda olardı baxardın. Geyinib keçinirdim, ayağımda da dikdaban. Bütün fabrikin kişiləri elçi düşürdü mənə. Amma mən həyat yoldaşımı seçdim. Məndən eybəcər olsa da. onu çox sevdim. Yoldaşım yaxşı kişi idi, bir dəfə olsun məni nə söydü, nə də döydü. Nazımla oynayırdı, hər istədiyimi edirdi. Anası, bacıları ağzın açıb mənə söz deyə bilmirdilər. Hamısının cavabın özü verirdi. Ancaq məndə onlara pis gəlin olmamışam. Qaynanam məndən razılıq edirdi, sadəcə ara-bir baldızlarımın tırkasına gedirdi. Qızları analarının mənnən mehriban olmasına paxıllıq edirdilər. Qaynanam özü də deyirdi ki, "səni qızlarımdan çox istəyirəm".
Bu dəfə mövzunu mən dəyişirəm. Və növbəti suala keçid edirəm.
- Bəs, oğlun qızı alanda sənə məsləhət etmədi?
- Yox. Oğlum universitetdə oxuyurdu. O vaxt dostlarıyla tez-tez kafeyə gedirdi. Bir dəfə də yığışıb gedəndə bunu görüb tanış olmuşdu. Bir ayın içində oğlanın başın nətər yedisə, oda ayağın dirədi ki, onu alacam. Evdə nə qədər söz-söhbət, dava-dalaş etdim, ancaq kar eləmədi. Deməli, bir gün oğlum evdən çıxanda dedi ki, "dostumgilə gedirəm". Sən demə məni aldadıbmış, gedib qızı qaçırtmağa. Səhər durdum gördüm gəlməyib. Çıxdım işimin dalınca getdim, axşam qayıdanda gördüm ki, bu qızı gətirib. Həmin axşam dalaşıb çıxdım evdən, iki-üç gün küçələrdə, metorlarda gecələdim. Axırı o biri oğlum axtarıb tapdı. Qoşulub ona evə getdim. Çarəsiz idim, yoxsa inan Allaha getməzdim. Amma onları da bir müddət danışdırmadım. Qız özü də gələn gündən məni yola vermədi. Qaynana bu, gəlin mən idim. Oğlanlar evdən çıxan kimi əlin ağdan-qaraya da vurmurdu. Axşama kimi telefon əlindən düşmürdü, ölmüş anasıgilnən danışırdı bütün günü. Məndə məcbur qalıb evimin işini yenə özüm görürdüm. Oğlum da qız nə deyirdi, qanun idi. Gəlindən də yarımadım.
Gəlnindən danışdıqca daha da əsəbləşirdi. Sanki imkanı olsaydı onu boşatdırardı.
- Valideynləri necə. maraqlandı qızları hardadı?
- Yox, ana-bala oğlumun başını yedilər. Qızın anası o qədər şirin dilinə saldı ki, axırı bədbəxt balamı tora saldılar. Beş ildir balamın ömrü çürüyüb. Oğlana nə əməl, nə cadu ediblərsə, yazıq gic kimidir. Nə desələr, "baş üstə", heç özü də bilmir nə etdiyini. Beş ilə yaxındır evimdə gəlindir, anası cəmisi bir dəfə gəlib. Onda da evimə qırğın salıb, məni evdən qovdurublar. Ehhh... ay qızım, mənim başıma gələn oyun qalmayıb. (Əsəbləşir) Acından ölən köpəyin qızı gələndə ayağında cırıq ayaqqabı, bozarmış paltar var idi. İndi oğlumun hesabına geyimə geyim demir. Evdə yeməyi bəyənmir, oğlanı hər axşam restoranlara sürüyür. Oğlum da yaxşı yerdə işləyir. Mənə baxmasa da, ona yaxşı baxır. Allaha qurban olum Allah onun sifəti balama övlad da vermir.
Ah çəkib üzünü qapıya tərəf tutub deyinməyə başlayır. Gözündən yaş axır, tez silir ki, görməyim. Mən də gördüyümü hiss etdirmirəm.
- O biri oğlun nə işlə məşğuldur?
- (Hikkə ilə) Nə işlə məşğul olacaq? Avara narkomanın biridi. Onu da narkoman edən böyük oğlum oldu. O qədər bezdirdi ki, axırı pis yollara saldı balamı. Bu oğlum o birindən yenə yaxşıdı. Ancaq neynəyim, anayam da ürəyim dözmür. Pis dərddi də tutulub, narkotiki olmayanda havalı olur. Canımın dərdindən səhər çıxıb, axşam gedirəm ki, mənnən işi olmasın. İstifadə etməyəndə havalı olur, nə etdiyini özü də bilmir. Dərdi-səri puldu, olmayanda da məni basıb döyür, əynimi-başımı cırır.
- Müalicə etdirmisiniz?
- Hə, amma xeyri yoxdu. Burdan müalicə olunur, ordan gedir öz bildiyini edir. Artıq öyrəşib də. Ancaq elə qəşəng oğlandı, arzularımı ürəyimdə qoydu. Demişdim bu birinə elçi gedə bilmədi, amma buna öz ürəyimcə olan qızı alacam. İndiki vəziyyətində kimin balasın alıb bədbəxt edim (kövrəlir).
- Səni çox döyür?
- Soruş denən, nələr etmir... Ağlı başında olmur da, beyninə nə girir, onu edir. Evdən dəfələrlə qızıllarımı, qəpik-qəpik yığdığım pulları, bahalı qablarımı oğurlayıb satıb. Axırda da öz başıma oyun açıb (ağlayır).
- Nə oyunu?
- Utanıram danışmağa. Nə oğluma, nə də özümə yaraşdırmıram.
- Utanma, danış...
- (Başın aşağı salır) Amma heç kimə demə. Oğlum artıq 3 ilə yaxındır narkotik aludəçisidir. Əvvəl-əvvəl elə də çox istifadə etmirdi, sonralar daha da şiddətləndi. Bir dəfə evə gəldi. Mən də həmin gün heç hara getməmişdim. Məndən pul istədi. Doğrudan da pulum olmadı verməyə, yoxsa canımı qurtarıb verərdim. Elə bildi ki, bilə-bilə vermirəm. Nə qədər and içdimsə, xeyri olmadı, başladı evi dağıtmağa. Heç nə tapa bilməyib, yenə basıb məni döydü. O qədər döydü ki, elə bildim ölmüşəm. Evdən çıxdı, bir az keçmişdi ki, yenə dala qayıtdı. Gedib mal satan şərəfsiz dostları ilə danışıb, onlar da deyib ki, "ananı gətir "zaloq" qoy, sənə mal verək". Axşam düşmüşdü, qışın soyuğu, titrəyirəm, halım da yox. Məni sürüyə-sürüyə uçuq bir dama apardı. Mal verən gəldi, nə pıçıldaşdılarsa, məni orda qoyub getdi. O birilər getdilər, amma biri yanımda qaldı. İki gün orda qaldım. Özüm də çox qorxdum ki, qoca olsam da, namusuma sataşarlar. Ancaq mənnən işi olmadı, əksinə qayğıma qaldı. Oğlanlarımdan görmədiyimi ondan gördüm. Hətta dedi ki, "getmə, mənnən qal. Anamı cavan itirmişəm, sən mənə analıq et". Amma oğlum gəlib apardı. Bəlkə də ona başıma gələnləri danışdım deyə yazığı gəldi, nə bilim.
Kənardan kimisə görür, söhbəti bitirməmiş, məndən tez ayrılır. Və iti addımlarla üzü dayanacağa tərəf gedir. Arxasınca getsəm də, ona çata bilmədim. "Görəsən, qadın kimi gördü, nəyə görə getdi", - deyə çox düşündüm...
Gülnarə Eynullaqızı
Sfera.az






