Yaydan sonra münasibətlər dəyişir? – Psixoterapevtdən diqqətçəkən AÇIQLAMA

Yay mövsümündən sonra gündəlik həyat ritminə qayıdış qadın və kişi münasibətlərinə də təsir göstərə bilər.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Sfera.az-a açıqlamasında bildirib ki, iş, təhsil, məsuliyyətlər, yorğunluq və vaxt azlığı cütlüklər arasında ünsiyyətin zəifləməsinə səbəb ola bilər.
Onun sözlərinə görə, yay aylarında birlikdə daha çox vaxt keçirən cütlüklər sentyabrda əvvəlki rejimə qayıtdıqda bir-birinə qarşı səbirsizləşə və xırda məsələləri problemə çevirə bilərlər:
“Bu, çox vaxt sevginin azalması deyil, emosional resursun tükənməsidir”.

Psixoterapevt qeyd edib ki, münasibətlərdə yaranan hər gərginliyi mövsümlə izah etmək düzgün deyil. O bildirdi ki, əgər münasibətdə əvvəldən yığılan inciklik, etimadsızlıq, hörmətsizlik və emosional uzaqlıq varsa, sentyabr həmin problemlərin üzə çıxmasına şərait yarada bilər:
“Sentyabr ayrılığın səbəbi deyil, mövcud problemin görünən hala gəlməsinə şərait yaradan dövrdür. Sağlam münasibətdə qadın və kişi dəyişən həyat ritminə birlikdə uyğunlaşmağın yolunu tapır”.
O deyib ki, ayrılıq qərarı adətən bir ayın və ya bir mübahisənin nəticəsi olmur. Onun fikrincə, insan münasibətdən emosional olaraq uzaqlaşıbsa, ayrılıq üçün müxtəlif səbəblər ön plana çıxa bilər:
"Bu gün səbəb vaxt azlığı, sabah iş, başqa bir gün isə xarakter fərqi ola bilər. Gərginlik sadəcə son nöqtəni qoyur. Ona görə sentyabr münasibətləri dağıtmır, münasibətin əsl vəziyyətini göstərir. Sevgi və bağlılıq varsa, həyatın ritmi dəyişəndə münasibət uyğunlaşır; bitibsə, ən kiçik gərginlik belə ayrılıq üçün kifayət edir”.
İradə Elsevər






