Azərbaycanda “Sülh Aylığı” elan edildi - 21 sentyabrın mahiyyəti nədir?

21 sentyabr dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi dünyada sülh ideyasının təşviqi, münaqişələrin dinc yolla həllinin vacibliyinə diqqət çəkilməsi, zorakılığın qarşısının alınması və insan hüquqlarının qorunmasının əhəmiyyətinin vurğulanmasıdır.
Sfera.az xəbər verir ki, Azərbaycanda da 21 Sentyabr Beynəlxalq Sülh Günü ilə bağlı xüsusi təşəbbüs həyata keçirilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust-21 sentyabr tarixləri “Sülh Aylığı” elan edilib. “Sülh Aylığı”nın əsas məqsədi cəmiyyətdə sülh mədəniyyətinin formalaşdırılması və möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunmasının sülhlə birbaşa əlaqəsinin diqqətə çatdırılmasıdır. Bir ay ərzində sülhün yalnız müharibənin olmaması deyil, eyni zamanda insanların təhlükəsiz və ləyaqətli şəraitdə yaşaması, hüquqlarının qorunması, ayrı-seçkiliyə yol verilməməsi, müxtəlif fikir və mövqelərə hörmətlə yanaşılması kimi dəyərlərlə bağlı olduğu barədə maarifləndirmə aparılır. Bu baxımdan “Sülh Aylığı” çərçivəsində müxtəlif maarifləndirici tədbirlərin, görüşlərin, konfransların, dəyirmi masaların və ictimai müzakirələrin keçirilməsi, sülh və insan hüquqları mövzusunda məlumatlılığın artırılması nəzərdə tutulub.
Beynəlxalq Sülh Günü BMT tərəfindən dünyada sülh və zorakılığın dayandırılması ideyasının təbliği məqsədilə təsis edilib. Bu gün dövlətlərə və cəmiyyətlərə münaqişələrin qarşısının alınmasının, dialoqun və qarşılıqlı anlaşmanın vacibliyini xatırladır.
Beynəlxalq Sülh Günü xüsusilə müharibə və silahlı qarşıdurmaların davam etdiyi dövrlərdə daha böyük əhəmiyyət daşıyır. Çünki sülh yalnız dövlətlər arasında münasibətlərin normallaşdırılması deyil, həm də insanların həyat və təhlükəsizliyinin təmin olunması deməkdir. Sülh və insan hüquqları bir-biri ilə sıx bağlı anlayışlardır. Müharibə və silahlı münaqişələr zamanı insanların ən fundamental hüquqları olan yaşamaq, təhlükəsizlik, sağlamlıq, təhsil və azadlıq hüquqları ciddi şəkildə pozula bilər.
Eyni zamanda davamlı sülhün təmin olunması üçün insan hüquqlarına hörmət, qanunun aliliyi, ədalət və bərabərlik prinsiplərinin qorunması mühüm şərtlərdən hesab olunur. Buna görə də sülhün təşviqi insan hüquqlarının müdafiəsi ilə paralel aparılan prosesdir.
Azərbaycanda isə “Sülh Aylığı”nın keçirilməsi sülh dəyərlərinin cəmiyyətdə daha geniş təbliğinə xidmət edir. Xüsusilə gənclərin və uşaqların sülh, tolerantlıq, qarşılıqlı hörmət və dialoq mədəniyyəti barədə məlumatlandırılması bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Aylıq çərçivəsində cəmiyyətin müxtəlif təbəqələrinin diqqətinin sülhün qorunmasına, insan hüquqlarının müdafiəsinə və münaqişələrin dinc vasitələrlə həllinə yönəldilməsi əsas məqsədlərdən biridir.
Beləliklə, 21 Sentyabr sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün insanlara sülhün, təhlükəsizliyin və qarşılıqlı hörmətin dəyərini xatırladan, münaqişələrin dialoq yolu ilə həllinə çağırış edən beynəlxalq platforma kimi qiymətləndirilir. Azərbaycanda 21 avqustdan 21 sentyabra qədər davam edən “Sülh Aylığı” da bu dəyərlərin cəmiyyətdə təbliğinə yönəlib.
Bəsti Rəfizadə






