Yeni qayda tətbiq edildi: Bloqerlər nə qədər vergi ödəyəcək?

Yeni qayda tətbiq edildi: Bloqerlər nə qədər vergi ödəyəcək?
Kateqoriya məlum deyil
T

Dövlət Vergi Xidmətinin sosial media üzərindən gəlir əldə edən bloqer və influenserlərin fəaliyyətini ayrıca uçota almaq üçün “Rəqəmsal platforma təsirçisi” adlı yeni fəaliyyət kodu – 6312003 müəyyənləşdirməsi sosial media reklam bazarında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

DVX bildirir ki, bu addımın əsas məqsədi sosial şəbəkələr vasitəsilə reklam, məhsul və xidmətlərin təşviqi, məzmun istehsalı və digər əməkdaşlıqlardan gəlir əldə edən şəxslərin fəaliyyətinin daha şəffaf rəsmiləşdirilməsidir.

Bəs bu dəyişiklik praktikada bloqerlərə və reklamverən şirkətlərə necə təsir edəcək? Reklam qiymətlərinin dəyişməsi, vergi və digər ödənişlərin nəzərə alınması fonunda influenserlərin əldə etdiyi xalis gəlir nə qədər olacaq?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vergi məsələləri üzrə ekspert Mehdi Babayev bildirib ki, son vaxtlar bloqerlik fəaliyyəti ilə məşğul olanların sayı artmaqdadır.

Onun sözlərinə görə, bloqerlər ayrı-ayrı vergi ödəyicisi kimi uçotda olan fiziki şəxslərin və ya hüquqi şəxslərin mallarını, işlərini, xidmətlərini öz səhifələrində təbliğ etməklə, nümayiş etdirməklə, dolayısıyla reklam etməklə həmin şəxslərdən gəlir əldə edirlər:

“Təbii ki, gəlir əldə edən şəxslər vergi ödəyicisi kimi uçotda durmalıdırlar – VÖEN-i olmalıdır və müvafiq qaydada öz vergilərini Vergi Məcəlləsinə uyğun olaraq hesablayıb ödəməlidirlər. Məsələ bundadır ki, bu günə qədər həmin o bloqer fəaliyyəti ilə məşğul olan şəxslər vergi ödəyicisi kimi uçotda duranda fəaliyyət kodunun seçilməsində çətinlik çəkirdilər. İndi konkret fəaliyyət kodu müəyyən olunub və həmin fəaliyyət kodunu seçən şəxslər də birbaşa vergi orqanları tərəfindən bilinəcək.

Bloqer gəlir əldə etməzdən qabaq, yəni artıq niyyəti gəlir əldə etmək məqsədli fəaliyyət həyata keçirirsə, o halda həmin o fiziki şəxs mütləq vergi orqanında uçotda durduqdan, VÖEN aldıqdan sonra fəaliyyət göstərə bilər”.

Ekspert qeyd edib ki, bu elektron platformalar üzərindən həyata keçirildiyinə görə vergi orqanının bəzən bunu nəzarət etmək imkanları olmur və ya xüsusən çətin olur:

“Ona görə də tövsiyə olunur ki, bu fəaliyyətlə, yəni bloqerliklə məşğul olan fiziki şəxslərimiz, vətəndaşlarımız gəlir əldə etməzdən qabaq vergi ödəyicisi kimi uçotda dursunlar, VÖEN alsınlar. Təbii ki, onlar mənfəət vergisinin ödəyicisi olacaqlar. Artıq onlar müəyyən güzəştlərdən də yararlana bilərlər. Ümumiyyətlə, vergi qanunvericiliyinin tələblərini bilmələri tövsiyə olunur və mühasibat uçotu qaydalarına, mühasibat işi tələblərinə uygun olaraq uçotlarını da tutmalıdırlar və hesabatlarını hazırlayıb müvafiq orqanlara da göndərməlidirlər”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR