Tibb işçilərinin maaşı artırılır: “Bu, insan kapitalına investisiyadır”

Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması ilə bağlı təşəbbüsünü Prezident İlham Əliyev müsbət qarşılayıb və bununla bağlı müvafiq tapşırıq verib.
Bu təşəbbüsün davamı olaraq TƏBİB sistemində çalışan 72 212 tibb işçisinin əməkhaqlarının 2026-cı il sentyabrın 1-dən artırılması nəzərdə tutulur.
Maraqlıdır, həyata keçirilən bu maaş artımları tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi baxımından nə dərəcədə əhəmiyyətlidir? Xüsusilə regionlarda kadr çatışmazlığının aradan qaldırılmasında bu artımlar gözlənilən nəticəni verə bilərmi? Eyni zamanda, orta və kiçik tibb heyətinin əməkhaqlarının 17-18 faiz artırılması fonunda qarşıdakı dövrdə digər kateqoriyalar üzrə də əlavə artımların həyata keçirilməsi gözlənilirmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması 72 212 nəfər tibb işçisinin maddi rifahının yaxşılaşdırılmasına xidmət edən mühüm sosial addımdır.

Onun sözlərinə görə, prezident İlham Əliyev tərəfindən bu gün verilən müvafiq tapşırıq dövlətin səhiyyə sisteminin inkişafına, tibb işçilərinə göstərilən diqqət və qayğının gücləndirilməsinə, eləcə də əhalinin rifahının daha da yüksəldilməsinə verdiyi əhəmiyyətin növbəti göstəricisidir:
“Qərarın xüsusilə qısa müddətdə – artıq 1 sentyabrdan qüvvəyə minməsi tibb işçiləri üçün həm mühüm sosial dəstək, həm də əməyinə verilən dəyərin konkret ifadəsidir. Bu artımı yalnız əməkhaqqının yüksəldilməsi kimi deyil, səhiyyə sisteminin uzunmüddətli və dayanıqlı inkişafına yönəlmiş insan kapitalına investisiya kimi qiymətləndirmək lazımdır. Həkim və digər tibb işçisi öz peşə fəaliyyətini həyata keçirərkən sosial təminatı ilə bağlı narahatlıqların təsiri altında olmamalıdır. Tibb işçisinin maddi və sosial baxımdan daha təminatlı olması onun peşəsinə motivasiyasını artıracaq, bu isə nəticə etibarilə göstərilən tibbi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək”.
Millət vəkil qeyd edib ki, əməkhaqlarının artırılması eyni zamanda səhiyyə sektorunda mövcud kadr çatışmazlığının aradan qaldırılması və iş yükünün daha ədalətli bölüşdürülməsi baxımından da əhəmiyyətlidir:
“Xüsusilə regionlarda səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunması üçün kadr potensialının gücləndirilməsi əsas məsələlərdən biridir. İlkin səhiyyə xidməti üzrə aparılmış araşdırmalar əlavə olaraq təxminən 1 500 tibb işçisinə ehtiyac olduğunu göstərir. Bu baxımdan əməkhaqqının artırılması regionlarda çalışmaq üçün tibb işçiləri üçün daha əlverişli və rəqabətqabiliyyətli şərait yarada bilər. Digər mühüm məqam isə səhiyyə sahəsində beyin axınının qarşısının alınmasıdır. Dövlət sektorunda əməkhaqlarının və sosial təminat imkanlarının yaxşılaşdırılması özəl sektorla rəqabətdə dövlət səhiyyəsinin kadrlar üçün cəlbediciliyini artıracaq. Bu, xüsusilə gənc mütəxəssislərin ölkədə qalması və öz peşə fəaliyyətlərini Azərbaycan səhiyyəsinin inkişafına yönəltməsi baxımından vacibdir”.
P.Vəliyevanın fikrincə, əməkhaqlarının yüksəldilməsi tibb təhsilinə olan marağın artmasına da müsbət təsir göstərə bilər:
“Belə bir siyasət gənclər üçün həkimlik və digər tibb ixtisaslarının həm sosial, həm də peşəkar baxımdan daha cəlbedici olmasına şərait yaradacaq. Bununla yanaşı, cəmiyyətdə tibb işçisinin nüfuzunun və əməyinə verilən dəyərin daha da yüksəlməsinə xidmət edəcək. Bu addım dövlətimizin insan kapitalına verdiyi yüksək dəyərin göstəricisidir. Səhiyyə sisteminin gücü yalnız müasir xəstəxanalar və tibbi avadanlıqlarla deyil, həm də peşəkar, motivasiyalı və sosial baxımdan təminatlı tibb işçiləri ilə ölçülür. Hesab edirəm ki, bu islahatın davamlı xarakter daşıması və növbəti mərhələlərdə əməkhaqlarının digər tibb işçisi kateqoriyalarını da əhatə etməsi səhiyyə sistemində kadr potensialının daha da gücləndirilməsinə mühüm töhfə verə bilər. Bu baxımdan bugünkü qərarı həm tibb işçilərinə dövlət qayğısının, həm də Azərbaycanda səhiyyə islahatlarının ardıcıl şəkildə davam etdirilməsinin mühüm göstəricisi hesab edirəm”.
Firuzə Əliyeva






