Bakıda ev alarkən bu ərazilərdən uzaq durmaq lazımdır

Son illər Bakıda nəqliyyat vasitələrinin sayının artması şəhərin müxtəlif ərazilərində səs-küy problemini də gündəmə gətirir.
Xüsusilə avtomobil yolları, intensiv hərəkətin olduğu küçələr və nəqliyyat qovşaqlarının yaxınlığında yaşayan sakinlər gün ərzində yüksək səs-küyə məruz qalırlar.
Maraqlıdır, Bakıda hansı ərazilər nəqliyyat səs-küyü baxımından daha problemli, hansılar isə nisbətən sakit hesab olunur? Vətəndaş ev alarkən və ya kirayə götürərkən hansı ərazilərin və obyektlərin yaxınlığında yaşamaqdan çəkinməlidir?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı azxeber.com-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, Bakıda nəqliyyat səs-küyü artıq yaşayış keyfiyyətinə birbaşa təsir edən əsas amillərdən biridir:
"İnsanlar mənzil alarkən və ya kirayə götürərkən çox vaxt yalnız qiymətə, təmirə, mərtəbəyə və nəqliyyata çıxışa baxırlar, amma evin günün müxtəlif saatlarında hansı səs yükünə məruz qaldığını nəzərə almırlar. Halbuki avtomobil axınının həcmi, sürəti, ağır nəqliyyat vasitələrinin sayı, yolun binaya məsafəsi və yol ilə bina arasında maneələrin olub-olmaması səs-küy səviyyəsinə ciddi təsir edir”.
Ekspert qeyd edib ki, Bakı və Abşeronda nəqliyyat sıxlığı da səs-küy probleminin əsas səbəblərindən biridir:
"Bakı və Abşeronda gündəlik on minlərlə insanın eyni vaxtda şəhər mərkəzinə və müxtəlif istiqamətlərə hərəkət etməsi əsas magistrallarda ciddi nəqliyyat sıxlığı yaradır. Buna görə səs-küy baxımından ən problemli yaşayış yerləri ilk növbədə böyük prospekt və magistralların birinci xəttində yerləşən binalardır. Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti, Tbilisi prospekti, Babək prospekti, Nobel prospekti, 8 Noyabr prospekti, Neftçilər prospektinin intensiv hissələri, Moskva prospekti, Bakı–Sumqayıt yolu və şəhərin əsas giriş-çıxış yollarına birbaşa baxan mənzillərdə nəqliyyat səsi daha ciddi problem yarada bilər. Eyni yanaşma 20 Yanvar dairəsi, Şamaxinka adlandırılan ərazi, Koroğlu, Gənclik, 28 May ətrafı, Dərnəgül, Biləcəri dairəsi və digər iri nəqliyyat qovşaqlarına yaxın binalara da aiddir. Burada məsələ həmin rayonun bütövlükdə pis yaşayış yeri olması deyil; eyni ərazidə magistralın üzərindəki bina ilə ondan bir neçə küçə içəridə yerləşən bina arasında səs-küy baxımından çox böyük fərq ola bilər”.

Ekspertin sözlərinə görə, yol kəsişmələrində və intensiv magistralların ətrafında səs səviyyəsi daha yüksək olur:
"Elmi araşdırmalarda da yol kəsişmələrində və intensiv magistralların ətrafında səs səviyyəsinin daha yüksək olduğu, yoldan uzaqlaşdıqca isə azaldığı göstərilir. Nisbətən sakit yaşayış üçün isə əsas magistrallardan içəridə yerləşən məhəllələr, dalan və lokal küçələr, tranzit avtomobil hərəkətinin olmadığı yaşayış zonaları daha əlverişlidir. Məsələn, Badamdarın, Yasamalın, Nərimanovun, Nəsiminin, Binəqədinin, Xətainin və digər rayonların daxilində əsas prospektlərdən aralı məhəllələr arasında kifayət qədər sakit yerlər tapmaq mümkündür. Şəhərin kənarına doğru Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh, Nardaran və digər bağ-qəsəbə ərazilərinin magistraldan və kommersiya mərkəzlərindən aralı daxili küçələri də adətən mərkəzi Bakı ilə müqayisədə daha sakit yaşayış mühiti verə bilər. Burada da "qəsəbə sakitdir” prinsipi ilə seçim etmək düzgün deyil: məsələn, qəsəbənin əsas yolunun üzərindəki evlə 300–500 metr içəridə yerləşən evin akustik şəraiti tam fərqli ola bilər”.
Ekspert mənzil alarkən və ya kirayə götürərkən vətəndaşların bəzi ərazilərdən və obyektlərdən uzaq durmasının vacib olduğunu vurğulayıb:
"Vətəndaş mənzil alarkən və ya kirayə götürərkən xüsusilə magistral yolun birinci xəttindən, iri yolayrıclarının və işıqforlu kəsişmələrin düz qarşısından, avtobusların intensiv hərəkət etdiyi küçələrdən, avtobus dayanacağı və son dayanacaqlarının bilavasitə yaxınlığından, yük avtomobillərinin istifadə etdiyi yollardan, dəmir yolunun yaxınlığından, avtomobil təmiri və şin servislərinin cəmləşdiyi küçələrdən, avtomoyka və gecə işləyən obyektlərin yanından, şadlıq sarayları, restoran və gecə fəaliyyət göstərən əyləncə obyektlərinin ətrafından, tikinti meydançalarının və sənaye obyektlərinin yaxınlığından ehtiyat etməlidir. Xüsusilə yataq otağının pəncərəsi magistrala baxırsa, hətta mənzil yaxşı təmirli olsa belə, gecə saatlarında mühərrik, siqnal, motosiklet, sürətlənən avtomobil və ağır nəqliyyat vasitələrinin səsi ciddi narahatlıq yarada bilər. Mənzilin yüksək mərtəbədə olması da avtomatik olaraq problemi həll etmir. Bəzən qarşısında maneə olmadığı üçün yol səsi yuxarı mərtəbələrə də açıq şəkildə yayılır”.
Ekspert vətəndaşlara mənzil almadan və ya kirayə götürməzdən əvvəl əraziyə günün müxtəlif saatlarında baş çəkməyi tövsiyə edib:
"Mənzil seçərkən ən düzgün üsullardan biri həmin ünvana yalnız gündüz deyil, səhər pik saatında, axşam saat 18:00–20:00 arasında və imkan varsa, gecə saat 23:00-dan sonra ayrıca baş çəkməkdir. Pəncərələri bir neçə dəqiqə açıq saxlayıb səsə qulaq asmaq, sonra bağlayaraq səs izolyasiyasının effektivliyini yoxlamaq lazımdır”.
Adil Nəbiyev qeyd edib ki, eyni binada yerləşən mənzillər arasında da səs-küy baxımından ciddi fərq ola bilər:
"Binanın həyətə baxan mənzili ilə prospektə baxan mənzilinin qiyməti eyni olsa belə, yaşayış komfortu tamamilə fərqli ola bilər. Mənzil ilə əsas yol arasında başqa bina, yaşıllıq sahəsi və müəyyən məsafənin olması üstünlükdür. Səs-küy xəritələrinin şəhərsalma baxımından əhəmiyyəti də məhz yaşayış və digər həssas obyektlərin akustik baxımdan komfortlu və diskomfortlu zonalarının müəyyənləşdirilməsidir”.
Adil Nəbiyev gələcəkdə daşınmaz əmlak seçərkən mənzillərin akustik göstəricilərinin də nəzərə alınmasını təklif edib:
"Məncə, gələcəkdə Bakıda daşınmaz əmlak seçərkən enerji sertifikatı və digər göstəricilər kimi binanın və konkret mənzilin akustik göstəricisinin də nəzərə alınması çox faydalı olardı. Çünki insan evi bir dəfə alır, amma yolun səsini hər gün və hər gecə eşidir. Ona görə də "metroya 2 dəqiqəlik məsafə”, "əsas yolun üstündə”, "prospektə birbaşa çıxış” kimi üstünlük kimi təqdim edilən xüsusiyyətlərə başqa tərəfdən də baxmaq lazımdır. Nəqliyyata yaxınlıq rahatlıq yaradır, lakin həddindən artıq yaxınlıq səs-küy, toz və daimi avtomobil axını deməkdir. Ən optimal seçim əsas nəqliyyat arteriyasına çıxışı rahat olan, amma birbaşa onun üzərində yerləşməyən, bir neçə küçə içəridə olan yaşayış sahəsidir. Yəni mənzil seçimində təkcə "işə nə qədər tez çataram?” yox, "gecə burada nə qədər rahat yata bilərəm?” sualı da verilməlidir”.






