Kamran Əsədov: "Bu vicdansızlar nə qədər təhsildə varsa, heç bir uğura nail olmayacağıq" - MÜSAHİBƏ
Təhsil üzrə ekspert, AMEA tarix insitutunun Qafqaz ölkələri bölümünün işçisi, Bakı Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının doktorant müəllimi Kamran Əsədov və uşaq psixologiyası üzrə araşdırmaçı, gənc psixoloq Səma Əsgərli ilə təhsil və gənclərin psixoloji problemlərindən danışdıq.
Sfera.az Kamran Əsədov və Səma Əsgərlinin müsahibəsini təqdim edir:
- Kamran müəllim, öncə məktəbəqədər təhsilin durumundan danışaq. Necə qiymətləndirirsiniz?
- Təəssüflər olsun ki, Azərbaycanda məktəbəqədər yaş kateqoriyasına daxil olan uşaqların 2016-cı ilə qədər cəmi 6%-i cəlb olunub. Buna imkan verməyən əsas məsələlərdən biri də ondan ibarət idi ki, məktəbəqədr təhsil müəssisələrinin sayı az idi və bu, ödənişli olaraq həyata keçirilirdi. Lakin 2016-cı ildən başlayaraq Ölkə Prezidentinin Sərəncamına əsasən, məktəbəqədər təhsil müəssisələrinin bütün maliyyə resurslarının hamısı ölkə büdcəsinin vəsaiti hesabına ödənildi. Təhsil Nazirliyi isə məktəbəqədər təhsillə bağlı ayrıca layihələr hazırladı. Belə bir tövsiyyə də var ki, 2020-ci ildə məktəbəqədər yaşa malik olan uşaqların 90%-i nəzərdə tutulan mərhələlərə cəlb olunsun. Bundan başqa, bu gün Azərbaycanda məktəbəqədə təhsil müəssislərinin dərslik və material problemi var. Çünki müəllimlərin hazırlığı o qədər də yüksək səviyyədə deyil. Hesab edirəm ki, məktəbəqədər təhsil müəssisələri ilə bağlı biz istədiyimiz nəticəyə yalnız 2020-ci ildə nail ola biləcəyik. Hal-hazırdakı vəziyyət ürəkaçan olmasa da, qənaitbəxşdir.
- Səma xanım, şagirdə və gənc tələblərlə işləyirsiniz. Asandır, yoxsa çətin?
- Məktəbli şagirdlərindən fərqli olaraq tələbələrlə işləmək daha asandır. Çünki onlar artıq yetkinlik yaşına çatmış gənclərdir. Həyata baxışları fərqlidir. Buna görədə onlarla işləmək şagirdlərdən nisbətən asandır.
- Kamran müəllim, dediniz ki, "məktəbəqədər təhsil müəsisələri ilə bağlı biz istədiyimiz nəticəyə yalnız 2020-ci ildə nail ola biləcəyik". Niyə məhz, 2020-ci ildə?
- Bununla bağlı dövlət proqramı var. Statistikaya görə, Azərbaycanda ümumi məktəbəqədər təhsil müəssisələrinə cəlb olunma 21%-dir, amma Norveç, İsveç, Finlandiyada -100%, Fransa, Almaniyada isə 80%-dir. Buna görə də ölkəmizdə bu qanun layihəsinin vacibliyini ehtiva edən hadisə o idi ki, şagirdlər altı yaşda məktəbə gedəndə psixoloji və fizioloji baxımdan hazır olmurdular. Təhsil naziri isə məktəbəqədər təhsili ona görə məcburi etdi ki, şagirdlər birinci sinifə gedəndə artıq hazır olsunlar.
- Səma xanım, müəllim və şagird münasibətlərindən danışaq. Müəllim şagirdlə nəcə davranmalıdır?
- Müəllimlik sənəti çox şərəflidir. Müəllim olub kiməsə bilik və tərbiyyə vermək şərəfli olduğu qədər həm də məsuliyyətli işdir. Müəllim cəmiyyətimizin güzgüsüdür. Şagirdə bilik, təlim-tərbiyyə vermək, vətənpərvərlik ruhunda böyütmək və ən nəhayət, bir insan kimi formalaşmasında köməklik göstərmək, məhz müəllimlərin öhdəsinə düşür. Müəllim və şagird münasibətinə gəldikdə isə, məncə müəllim ilk öncə yaxşı bir psixoloq olmalıdır. Hər bir şagirdin psixologiyasına yaxından bələd olmalıdır. Ən azından sadə uşaq psixologiyası temperamentlərinə bələd olmalıdır ki, şagirdlə olan münasibətində, davranışlarında düzgün qərarlar verə bilsin. Unutmamalıyıq ki, hər bir şagirdin özünə məxsus ailəsi və fərdi xüsusiyyətləri mövcuddur. Yəni məktəblərə müxtəlif ailələrdən, müxtəlif şagirdlər gəlir. Şagirdlə yüksək tonda danışmaq olmaz. Ümumiyyətlə, yüksək tonda danışmaq tərbiyyə cəhətdən ziddir, xüsusən də əgər bu müəllimdirsə. Müəllimin işi-peşəsi şagirdə bilik verməklə yanaşı, həm də düzgün tərbiyyə vermək, onları düzgün yetişdirmək və gələcəklərini düzgün qurmaqda köməklik etməkdir. Müəllim qayğıkeş olmalıdır, şagirdin sevgisini qazanmağı bacarmalıdır ki, bu da müəllimin keçdiyi fənnə qarşı şagirddə daha da həvəs yaratsın. Düşünürəm ki, müasir müəllim qarşısındakı şagirdin gələcəyini görməyi bacarmalıdır. Müəllimlə şagird arasında olan hörmət qarşılıqlı olmalıdır. Müəllim şagirdin fikirlərinə hörmətlə yanaşmalıdır ki, uşaq kiçik yaşlarından özünü, fikirlərini dəyərli qəbul edildiyini görsün və bununla yanaşı özünə güvəni artsın, ən əsası isə gələcəkdə fikirlərini sərbəst şəkildə ifadə edə bilsin ki, gələcəkdə bir şəxsiyyət kimi formalaşa bilsin. Müəllim həmçinin şagirdə dayaq olmalıdır. Lazım gələrsə onların maddi-mənəvi sıxıntılarıyla marağlanmalıdır. Bəzən şagirdlərin dərsə biganə yanaşmalarının səbəbi də məhz belə hallar olur. Bu zaman valideynlərdə diqqətli olmalıdır. Valideyn bilməlidir ki, uşaq ailə-məişət problemlərindən uzaq olmalıdır. Belə halların aradan qaldırılması üçün müəllim mütamadi olaraq valideynlərlə əlaqə saxlamalı və müzakirələr etməlidir.
- Kamran müəllim, son zamanlar orta təhsillə bağlı valideynlərin şikayəti çoxalıb. Əsas şikayətləri dərs yükünün ağır olmasıdır. Problemin həlli nədədir?
- Bu gün orta məktəblərdə dərsliklər kifayət qədər informasiya yükünə malikdir. Yəni dərsliklər hədsiz dərəcədə ensiklopedik və akademik səviyyədə biliklərlə və əlavə materiallarla yüklənib. Bu da şagirdlərin elmə marağının azalmasına gətirib çıxarır. Mən Türkiyədən gəlmiş dərslik üzrə peşəkar mütəxəssisin seminarlarında iştirak etdim. O bizim dərslikləri analiz etdi. Adicə 4-cü siniflər üçün yazılmış dərslik düsturunu tətbiq etdik və məlum oldu ki, bizim 4-cü sinif, yəni 10-11 yaş üçün nəzərdə tutduğumuz dərsliklər, əslində Avropada 28-29 yaş katiqoriyası üçün nəzərdə tutulub. bu da onu göstərir ki, dərsliklərdə uşaqları ağır yüklə yükləyirlər. Ali məktəb səviyyəsində olan informasiyalar orta məktəblərdə şagirdərin öhtəsinə buraxılır. Bu da kifayət qədər ciddi problemdir. Bunu aradan qaldırmaq üçün ilk növbədə dərslikləri sadələşdirmək lazımdır. Dərslik yazan müəlliflər ali məktəblərin və akademiyanın əməkdaşları deyil, orta məktəb müəllifləri olmalıdır.
- Səma xanım, müəllim sözə baxmayan və dərsə hazırlıqlı olmayan şagirdini necə cəzalandırmalıdır?
- Mən düşünürəm ki, ümümiyyətlə, müəllim şagirdi cəzalandırmamalıdır. Və müəllimə bunun üçün heç bir səlahiyyət verilmir. Sadəcə müəllim şagirdi düzgün istiqamətləndirməli və sakitcə yanlışılığını izah etməyi bacarmalıdır. Cəza verməyin nəticələri heç də xoş olmaya bilər. Uşaq da psixoloji fəsadlar yarada bilər. Unutmamalıyıq ki, heç bir halda uşağa qarşı fiziki cəza, təhqir etmə, ələ salma olmamalıdır. Fiziki və mənəvi cəza insanın yaddaşında həmişəlik qalır. Cəzada bir sıra vacib qaydalar var: 1. Uşağın səhf hərəkəti təklikdə müzakirə edilməlidir, belə ki, bir çox uşaqların kənar şəxslərin yanında səhvləri haqqında müzakirə onlar da psxioloji zədə qoyur. 2. Uşaq xəstə olduğu zaman, yemək zamanı, yuxudan əvvəl və sonra, oyun zamanı, fiziki və ya mənəvi zədədən sonra uşağı danlamaq və cəzalandırmaq olmaz. 3. Əgər siz kefsiz, əsəbisinizsə cəzadan imtina etməyə dəyər. Uşağı cəzalandırmaq olmaz. Əgər uşaq nəsə düzgün etmədisə, ona belə etmək olmaz və bu cür vəziyyətdə necə düzgün hərəkət etmək lazım olduğunu izah edin. Uşaq nəyin pis və nəyin yaxşı olduğunu anlamalıdır. Və izahat bunun ən düzgün yoludur.
- Kamran müəllim, 2015-ci ildən ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılır. Bu, gələcək üçün nə vəd edir?
- Müəllimlərin diaqnostik qiymətləndirməsi göstərdi ki, bizim müəllimlərimizin özünə də müəlllim lazımdır. Bu ifadə həqiqətə uyğundur. Təsəvvür edin, bu gün Azərbaycanın 54 ali təhsil müəsisəsində 165 min tələbə təhsil alır. Bunların 40 minə yaxını pedaqoji ixtisaslara aiddir. Ali məktəbləri bitirmiş müəllimlərin və orta məktəblərdə çalışan ixtisaslı kadrların 40%-nin müəllim olmadıqları məlum oldu. Yəni öz ixtisaslarını bilmirlər. Bunların içərisində insanlara düzgünlüyü öyrədən və düzgünlükdən danışan müəllimlər var ki, özləri saxta diplomlarla müəllim işləyir və yalançı insanlardır. Qiymətləndirmənin nəticəsi də 50% müəllimlərin məktəbdə vaxt keçirməklə məşğul olduqlarını sübuta yetirdi. Ölkə başçısı hər il müəllimlərin əmək haqqını artırır. Ancaq üzərilərində işləməyən müəllimlərin maaşını artırmağa dəyməz. Heç o cür müəllimlərin əmək haqqı da artırılmır. Bu müəllimlər mütləq atestasiyadan keçməlidir. Ən azı da il ərzində bir dəfə mütləq şəkildə imtahan vasitəsi ilə yoxlamadan keçirilməlidirlər. Çünki bizim müəllimlərimiz yaxşı olsaydılar, buraxılış imtahanında 35 min şagird öz ana dilindən 2 (iki-red.) almazdı. Bundan başqa, ali məktəblərə sənəd verənlərin 60%-i 200 bal toplaya bilməyirlər. Demək, həmin müəllimlərin yetişdirdiyi şagirdlər imtahanda da biabırçı nəticələr göstərdilər. Yaxşı nəticələrinsə heç biri orta məktəbin nəticəsi deyil, yalnız repetitor və hazırlıq kurs müəllimlərinin sayəsindədir.
- Səma xanım, müəllimlə işləmək asandır, yoxsa şagirdlərlə?
- Həm şagird, həm də müəllimlə işləməyin özünə görə çətinlikləri var. Lakin düşünürəm ki, müəllimlərin həm yaşları, həm dünya görüşləri, həm də bilikləri şagirdlərdən daha artıq olduğu üçün onlarla işləmək şagirdlərlə müqayisədə nisbətən daha asan olur.
- Kamran müəllim, imtahan mövzusuna toxundunuz. TQDK ləğv olundu, hüquqi şəxs kimi DİM-ə çevrildi. DİM isə hüquqi şəxs olduqdan sonra imtahan qiymətlərini qaldırdı. İmtahan qiymətlərinin atrması təhsilin keyfiyyətinə təsir göstərə bilər?
- Əslində bu ciddi məsələdir. Biz indiyə qədər imtahanlarda iştirak edənlərin say çoxluğu olduğu zamanlarda irəliləyişi az görmüşüksə, az olanda çətin ki, nəsə əldə etmək mümkün olsun. Statistik göstəricilərə nəzər salanda görürük ki, 2010-cu ildə ali məktəblərə 110 min abituriyent sənəd vermişdi, amma 2017-ci ildə bu rəqəm 65 minə qədər düşdü. Son 7 ildə 40 mindən çox azalma var ki, bu da yaxşı hal deyil. DİM hesab edir ki, xidmət haqqları kəskin şəkildə artandan sonra daha istəkli və hazırlıqlı şəxslər imtahan verəcək. Amma Ölkə prezidenti tərəfindən 2013-cü ildə təstiq edlmiş Təhsilin inkişafı üzrə dövlət strategiyasına görə, təhsil əlçatan olmaldır və sosial vəziyyətindən asılı olmayaraq, hər kəsə bu imkan verilməlidir. Lakin xidmət haqqları artandan sonra, bir çox imkansız, amma savadlı, yüksək nəticə göstərə biləcək şəxslər təhsildən məhrum ola bilər. Ona görə də hesab edirəm ki, imtahan qiymətlərinin kəskin artması keyfiyyət artımına gətirib çıxarmayacaq.
- Səma xanım, valideynlər övladlarına tərbiyə verməyə nə vaxtdan başlamalıdır ki, məktəbdə şagird və ya tələbə ilə müəllim arasında müəyyən münaqişələr yaranmasın?
- Valdeynlər övladlarına tərbiyyə verməyə övladının ilk doğulduğu andan başlamalıdırlar. Sonra gec ve çətin ola biler. Çünki valideyn düşünə bilər ki, övladı hələ körpədir, dünyadan anlayışı yoxdur, hələ heç nə anlamır və müəyyən bir yaş həddinə (məsələn 4-5) çatdıqdan sonra, artıq tərbiyyə verməyə başlayır. Lakin övladının həmən o müəyyən yaş həddinədək etdikləri uşağının şüur altında qala bilər və hətta bəziləri vərdiş halına çevrilə bilərlər. Belə bir haldan sonra valideynin övladına tərbiyyə verməsi, onu dəyişməyə calışması yetəri qədər çətin və uzun bir proses ola bilər. Valideynlər övladlarına tərbiyyə verərkən qoyulan normaları mütləq əvvəldən müzakirə etməlidirlər ki, ata-ananın fikirləri üst-üstə düşsün. Yəni ananın dediyi sözü ata inkar edərsə, bu zaman uşağın düzgün tərbiyyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi, söz ehtiyyatı belə valideyn davranışı ilə birbaşa bağlıdır. Valideyn övladı ilə necə davranarsa, necə münasibət gostərərsə, uşaq da dostları ilə, ümümilikdə ətrafı ilə söhbət edərkən həmən danışıq tərzindən istiadə edəcəkdir. Valideynlər davranışları ilə övladlarına nümunə olmalıdır. Ölkəmizdə övladla valideyn arasında həmişə anlaşma problemləri olur. Bu iki təbəqə həmişə bir-birindən şikayət edir. Valideyn və övlad arasında səmimiyyət yoxdur. Və nə qədər ki, səmimiyyət və dostluq olmayacaqsa, bir o qədər də onlar arasında problemlər olacaqdır. Belə hallarda uşaq dərdini danışmağa başqa adamlar axtarır. Lakin həmən insanın nə dərəcə güvənilir, dürüst olacağı bilinmir. Beləlikə övlad xarici mühitə can atır və ailədən uzaqlaşır.
- Kamran müəllim, təhsil sistemində dəfələrlə layihələr həyata keçirildi, qanunlar, dərsliklər dəyişildi, amma bunların heç birinin faydası olmadı. Təhsilimiz niyə inkişaf etmir?
- Əgər biz bu gün oxuyub yaza biliriksə, demək, təhsil var. Təəssüflər olsun ki, biz təhsildən nə istədiyimizi bilmirik. Bizim təhsildə çatmaq istədiyimiz hədəflər yoxdur. Məqsədlər var, amma nəticə yönümlü hədəflərimizi bilmirik. Orta məktəblərdə 151 min müəllimlərimiz var, 90%-i kurikulumdan setifikat alıblar. Amma kurikulumdan anlayışları yoxdur. Çünki biz Sovet dövründə olduğu kimi, bu gün də plan yerinə yetirmək üçün layihələr həyata keçiririk. Sanki, kolxoz quruluşudur və bizim qarşımıza öhdəlik qoyublar ki, bu qədər plan verməlisiniz. Bununçün də bizim universitetlər əmək bazarının tələbinə uyğun işçi hazırlamırlar.
- Səma xanım, valideyn övladını tərbiyyələndirmək üçün necə cəzalandırmalıdır? Ümumiyyətlə, döyməklə cəzalandırmaq olar?
- Fiziki cəza bir çox valideynlər üçün asan gələn metoddur. Çunki qəzəbi göstərmək hər bir insan üçün təbiidir, lakin özünü saxlamaq, uşağa sakitcə yalnışlığını izah etmək, ona anlayış göstərmək valideyn tərəfindən ciddi səylər tələb edir. Təəssüflər olsun ki, valideynlər fiziki cəzadan sonra qalan fəsadlardan xəbərsizdilər. Fiziki cəza görən uşaq etdiyi səhf hərəkətdən deyil, məhz, veriləcək cəzadan qorxur. Bu qorxu hissi isə bütün ömür böyü onları izləyir. Uşaqlarda insana qarşı olan sistematik qorxu onlarda nevrozluq yaradır. Bunun nəticəsində isə uşaqlar yaxın münasibətlər qura bilmir, öz güvən hissinin yaranmasında çətinlik çəkirlər. Unutmamalıyıq ki, uşaqları təhqir etmək, alçatmaq heç bir halda olmaz. Cəzaların psixoloji təsirləri müxtəlif ola bilər. Məsələn: nitqində ləngimə, fiziki və psixoloji fəsadlar, nevroz və s. Tez-tez cəzanın nəticəsində uşaqda günahkar hissi formalaşmır. Bunun əvəzində cəza qorxusu yaranır. Uşaqları düzgün cəzalandırmanın bir neçə növü var: cərimə, ciddi baxış, məhrum etmə, izah və s. Cərimə: əgər uşaq hansısa bir nəlayiq hərəkət edibsə, məsələn, divarı yazıbsa onu silməlidir, oyuncaqlarını dağıdıbsa, yığışdırmalıdır və s. Ciddi baxış: bu metod yalnız sözə baxan uşaqlara işləyir. Valideynin yalnız bir baxışı kifayət olur ki, uşağı etdiyi hərəkət barədə düşündürsün. Məhrum etmə: bu üsül nə mənəvi, nə də fiziki zərər vermir. Məsələn, uşaq hansısa səhv hərəkət edibsə, ona söz verilən oyuncaqdan məhrum edilir. İzah: cəzalar arasında ən düzgün metod məhz, izah metodudur. Cəzalandırmadan əvvəl onun bunu etmə məqsədini öyrənin. Daha sonra etdiyinin niyə səhv olduğunu anlatmağa calışın. Özü səhvini dərk etdikdən sonra, bir daha təkrar etməyəcəkdir.
- Kamran müəllim, təhsildə hədəflər niyə yoxdur və ya maneələr kim və nələrdir?
- Təhsildə hansısa hədəflərə çatmaq üçün peşəkar kadr olmalıdır. Direktorlar nə qədər ki, 11-ci sinif şagirdindən pul alıb məktəbdən buraxacaqlarsa, qiymət yazacaqlarsa və hər şeyə göz yumacaqlarsa, biz heç bir hədəfimizə çata bilməyəcəyik. Yəni bu vicdansızlar nə qədər təhsildə varsa, onların olduğu müddətdə heç bir uğura nail olmaq mümkün olmayacaq. Bir məktəb rəhbəri ki, vicdansızlıq edib, ali təhsil müəsisələrinə və orta məktəblərə öz qohum-əqrabalarını yığıb, ailə ansambılı yaradaraq təhsili məhv edirsə, bu cür təhsilin düşmənləri ilə heç bir uğurumuzu həyata keçməyəcək. Bunları mütləq təmizləmək lazımdır. Çünki təhsildə qohumbazlıq, yerlibazlıq və digər şəxslərə güzəştlər aradan qaldırılmalıdır.
- Səma xanım, Azərbaycan valideynlərinin övlad tərbiyyəsini qənaətbəxş saymaq olar?
- Bəli... Çunki ölkəmizin valideynləri öz övladlarını təhsilə yönəltmələrinə çalışırlar, onları vətənpərvər ruhda böyüdürlər, vətənə və anaya qarşı məhəbbət hissini yaratmasına çalışırlar, böyüklərə qarşı hörmət edilməsinin lazım olduğunu bildirirlər. Əsas məsələlər də bunlardır. Bu da bizim mentalitetə uyğundur və bunları nəzərə alarsaq valideynlərin övladlarına verdikləri tərbiyyəni qənaətbəxş saymaq olar.
- Kamran müəllim, müsahibələrinizin birində "Şirvanşahlar tariximizin utanc yeridir...” - demişdiniz. Bu sözə görə bir çoxları sizi tənqid etdi. Sizi tənqid edənlərə cavabınız nədir, yəni həqiqətən də Şirvanşahlar tariximizin utanc yeridir?
- Şirvanşahlar dövləti haqqında səsləndirdiyim fikrə atalar demiş, Papadan artıq katolik olduqlarını göstərmək istəyən saxta vətənşüvənlər fikir bildirdilər. Elmi adından, sosial statusundan, vəzifəsindən asılı olmayaraq, tarixdən xəbəri olmayanlar guya tarixi bilirmiş kimi ağıl verməyə başaladı. Hesab edirəm ki, o adamlar orta məktəbdə son dəfə Əlifba kitabını oxuyublar. Ondan sonra normal bir elmi əsər oxumayıblar. Onların orta məktəbdə tədris olunan Azərbaycan Tarixi dərsliyindən, kurikulumun standartı olan şəxsiyyət standartından anlayışları yoxdur. Onlara dedim ki, gəlin, sizə dərs keçib öyrədim, heç bir xəbər çıxmadı. Sonra dedim ki, gedin Şirvanşah hökmdarları III Məniçöhrü, I Şeyx İbrahim Dərbəndini və s. oxuyun, ondan sonra deyin görək, belə şəxsiyyətlərə oxşamağı təhsil strategiyasının tələblərində olan şəxsiyyət kimi məktəb şagirdlərinə tövsiyyə edə bilərikmi? Əlbətdə ki, Şirvanşahlar bizim qədim tarixə, zəngin mədəniyyətə malik dövlətlərimizdən biridir. Hər bir dövlətin tarixində uğursuz və müasir dövrdə xoş qarşılanmayan hadisələri var. Mən dərslik müəllifiyəm. Həmin fikri də o zaman səsləndirmişdim ki, bu kimi faktlar tariximizdə var, amma dərsliklərimizdə olmasın. Çünki məktəb şagidlərimiz ziddiyyyətli və qeyri müəyyən yanaşmasınlar tariximizə. Mən o irad bildirənlərin hər birindən tariximizi daha çox və yaxşı bilirəm və daha çox sevib müdafiə edirəm.
Gülnarə Eynullaqızı
Sfera.az






