Yağış və sel kənd təsərrüfatına necə təsir edəcək? - PROQNOZ

Havaların soyuması, yağışlı və küləkli hava şəraitinin müşahidə olunması kənd təsərrüfatına da təsirsiz ötüşmür.
Belə hava şəraiti əkin sahələri, meyvə bağları və məhsuldarlıq üçün həm risklər, həm də müəyyən faydalar yarada bilər.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Sfera.az-a açıqlamasında bildirib ki, hazırkı hava şəraiti kənd təsərrüfatına ciddi ziyan vurmayacaq. Ekspert qeyd edib ki, yağışların uzunmüddətli olmaması səbəbindən kənd təsərrüfatına ciddi mənfi təsirin yaranması gözlənilmir.

Onun sözlərinə görə, yağış intensiv olsa da, uzun müddət davam etmədiyi üçün bitkilər üçün ciddi təhlükə yaratmır. V.Məhərrəmov bildirib ki, lakin yağışların hər gün və ya günaşırı yağması kənd təsərrüfatına müəyyən mənfi təsir göstərə bilər:
“Respublikada hava şəraiti istisevən bitkilərin normal inkişafı üçün hələ də əlverişlidir. Bəzi ərazilərdə taxıl biçinindən sonra əkin işlərinin aparılması, eləcə də məhsul yığımı ilə bağlı fəaliyyətlər yağış səbəbindən bir-iki gün dayandırıla bilər. Lakin bu fasilələrin ümumi kənd təsərrüfatı fəaliyyətinə ciddi təsir göstərəcəyi gözlənilmir”.
Ekspert yağışların fermerlər üçün müəyyən faydalarının da olduğunu vurğulayıb:
“Fermerlərin əsas problemlərindən biri su və xüsusilə suvarma suyunun çatışmazlığıdır. Yağışların yağması isə su ehtiyatlarının artmasına və bu problemin müəyyən hissəsinin həllinə kömək edir. Bəzi dağ rayonlarında dolu yağması isə ağac və digər bitkilərə müəyyən zərər vura bilər. Bununla belə, dolunun yaratdığı zərərin miqyası ölkə üzrə ciddi fəsadlara səbəb olacaq səviyyədə deyil. Hazırkı hava şəraitinin ümumilikdə ölkədə məhsul qıtlığına və ya qiymət artımına səbəb olacağı gözlənilmir”.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, sentyabrın ilk günlərində bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışlar gözlənilir. Ayrı-ayrı ərazilərdə dolu düşə, yağıntılar nəticəsində çaylarda sululuq arta və bəzi dağ çaylarından qısamüddətli sel keçə bilər.
İradə Elsevər
Sfera.az






