Payız həm hüzur həm də hüzn gətirir - Səbəbi nədir?

Payız həm hüzur həm də hüzn gətirir - Səbəbi nədir?
Kateqoriya məlum deyil
T

Havaların dəyişməsi, xüsusilə payızın gəlişi ilə bir çox insan özünü daha hüznlü, halsız və ruh düşkünlüyündə hiss edir, bəzilərində isə bu, depressiv əlamətlərlə müşayiət olunur.

Digər tərəfdən, bəzi insanlar havalar soyuduqca və günlər qısaldıqca özlərini daha yaxşı hiss edir, əhvalları yüksəlir.

Psixoloq Almara Məlikova Sfera.az-a açıqlamasında bildirib ki, payızın gəlişi ilə bəzi insanlarda səbəbsiz hüzn, enerjisizlik, yuxululq, motivasiyanın azalması və sosiallaşmaq istəyinin zəifləməsi müşahidə oluna bilər.

Psixoloq qeyd edib ki, bunun yalnız psixoloji deyil, neyrobioloji səbəbləri də var. Onun sözlərinə görə, payız və qış aylarında günlərin qısalması, günəş işığının azalması beynin sirkadiyal ritminə, yəni daxili bioloji saatına təsir göstərir:

“İşıq gözün tor qişası vasitəsilə beyinə ötürülən siqnalları dəyişir və xüsusilə serotonin və melatonin sistemlərinin fəaliyyətinə təsir edə bilir. Serotonin əhval, emosional sabitlik və motivasiya ilə əlaqəli əsas neyromediatorlardan biridir. Melatonin isə yuxu-oyanıqlıq ritminin tənzimlənməsində mühüm rol oynayır”.

O vurğulayıb ki, mövsümi işıq dəyişikliklərinə uyğunlaşmaq bəzi insanlar üçün daha çətin ola bilər. Bu zaman insan özünü daha yuxulu, yorğun və emosional baxımdan həssas hiss edə bilər.

“Bu prosesdə dopamin sistemi də mühüm rol oynayır. Dopamin motivasiya, mükafat hissi və fəaliyyətə başlama istəyi ilə əlaqəlidir. Gün işığının və gündəlik aktivliyin azalması bəzi insanlarda bu sistemin fəaliyyətinə təsir göstərərək əvvəllər zövq aldığı fəaliyyətlərə marağın azalmasına səbəb olur. Daha həssas insanlarda bu dəyişikliklər mövsümi depressiya – elmi ədəbiyyatda mövsümi xarakterli depressiv pozuntu (SAD) kimi tanınan vəziyyətlə əlaqəli ola bilər”.

A.Məlikova əlavə edib ki, hər kəs payıza eyni reaksiya vermir. Bəzi insanlar üçün sərin hava, yağış və günlərin qısalması əksinə, rahatlıq və sakitlik hissi yaradır. Bunun səbəbi insanların sirkadiyal ritmlərinin, genetik xüsusiyyətlərinin, temperamentinin, keçmiş emosional assosiasiyalarının və həyat tərzinin fərqli olmasıdır:

“Payız hüznünü sadəcə əhval məsələsi kimi qiymətləndirmək düzgün deyil. İnsan beyni işığa, yuxuya, temperatur dəyişikliklərinə və gündəlik ritmə həssas bioloji sistemdir. Əsas məsələ insanın özündə baş verən dəyişiklikləri vaxtında fərq etməsidir. Mövsüm dəyişikliyi ilə yaranan ruh düşkünlüyü uzun müddət davam edirsə, gündəlik fəaliyyətə, yuxuya, iştahaya və həyata marağa ciddi təsir göstərirsə, bu vəziyyəti adi “payız hüznü” kimi qəbul etmək olmaz. Belə hallarda mütəxəssisə müraciət edilməsi tövsiyə olunur”.

İradə Elsevər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR