Metroda belə oturmaq qadağan edilə bilər
İspaniyanın Madrid şəhər bələdiyyəsi kişilərin ictimai nəqliyyatda qadınları narahat edəcək şəkildə oturmasının qarşısını almaq üçün xəbərdarlıq lövhələri asacaq.
Sfera.az xəbər verir ki, sözügedən qərar gələn həftədən etibarən qüvvəyə minəcək.
Bənzər problemə bir çox ölkələrdə olduğu kimi, Bakı metrosunda, avtobuslarda da rast gəlinir. Sosial şəbəkə istifadəçiləri tez-tez kişilərin nəqliyyatda ətrafdakıları narahat edəcək şəkildə oturmasını tənqid edir, problemin həllinin tapılmasını istəyirlər.
Madriddə asılması nəzərdə tutulan xəbərdarlıq lövhələrinin gələcəkdə Azərbaycanda da tətbiq olunması məsələsinin nə qədər real olacağını öyrənmək üçün Bakı Metrepoliteni QSC mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. Nəsimi Paşayev bildirdi ki, bizdə hələ ki, belə bir qərar nəzərdə tutulmayıb. Lakin ola bilsin, gələcəkdə bu barədə hər hansı addım atılsın və Bakı Metropoliteninə də belə məlumatlandırıcı lövhələr yerləşdirilsin.






