“Hazırda dərs dediyim tələbələrin çoxu məni ilk dəfə TikTok-da kəşf edib” - İngilis dili müəllimi ilə müsahibə
Bu gün dil öyrənmək üçün hər zaman uzun dərslərə ehtiyac yoxdur — bəzən 60 saniyəlik bir video belə yeni bir ifadəni yadda saxlamağa kifayət edir. İngilis dili müəllimi @englishwith_roman TikTok-un qısa video formatından istifadə edərək ingilis dilini daha sadə, praktik və gündəlik həyata yaxın şəkildə təqdim edir.
Hazırda Türkiyənin Bolu Abant İzzet Baysal Universitetində idarəetmə ixtisası üzrə doktorantura təhsili alan Roman Rəhimli ingilis dili üzrə təlimçi və tərcüməçi kimi fəaliyyət göstərir. Onunla TikTok-da təhsil kontenti yaratmaqdan, izləyicilərlə ünsiyyətdən və rəqəmsal platformaların müəllimlik fəaliyyətinə təsirindən danışdıq.
– İngilis dili müəllimliyinə marağınız necə yarandı?
– Uşaqlıqdan xarici dillərə marağım olub. Zamanla bu maraq peşəkar fəaliyyətimin də bir hissəsinə çevrildi. Tədrisdə əsas məqsədim dili yalnız qaydalar toplusu kimi deyil, real həyatda istifadə edilən ünsiyyət vasitəsi kimi öyrətməkdir. Tələbənin dili bilməsi qədər onu rahat istifadə edə bilməsi də mənim üçün vacibdir.
– Dərslərinizdə hansı istiqamətlərə və yanaşmaya üstünlük verirsiniz?
– Tələbənin məqsədinə uyğun fərdi yanaşmağa çalışıram. General English, Business English, IELTS hazırlığı və Conversation Club istiqamətlərində fəaliyyət göstərirəm. Bəzi tələbələr danışığını inkişaf etdirmək, bəziləri imtahana hazırlaşmaq, digərləri isə iş həyatında ingilis dilindən daha rahat istifadə etmək istəyirlər. Məqsədim dərsləri effektiv, maraqlı və nəticəyönlü qurmaqdır.
– TikTok-da ingilis dili ilə bağlı kontent yaratmaq ideyası necə yarandı?
– Əvvəldən konkret planım yox idi. Sadəcə düşünürdüm ki, müəllimin işi dərs otağı ilə məhdudlaşmamalıdır. İnsanlar gün ərzində rəqəmsal platformalarda kifayət qədər vaxt keçirirlər. Mən də düşündüm: niyə həmin vaxtın bir hissəsini öyrənməyə çevirməyək?
TikTok-da məqsədim ingilis dilini çətin bir fənn kimi deyil, gündəlik həyatın təbii hissəsi kimi göstərməkdir. Mənim üçün TikTok sadəcə kontent platforması deyil, bir növ rəqəmsal sinif otağıdır.
– İlk videolarınızla indiki kontentiniz arasında nə dəyişib?
– İlk vaxtlarda daha çox qrammatik qaydaları izah edir və bir videoda mümkün qədər çox məlumat verməyə çalışırdım. Sonradan başa düşdüm ki, qısa, konkret və praktik məlumat daha effektivdir.
İndi hər videoda bir mövzuya fokuslanıram və izləyicinin öyrəndiyini dərhal tətbiq edə bilməsinə çalışıram. Şərhləri də izləyirəm və insanların suallarını növbəti videoların mövzusuna çevirirəm.
– Qısa video formatı dil öyrətmək üçün nə dərəcədə effektivdir?
– İnsanların məlumat əldə etmə vərdişləri dəyişib. İndi qısa zamanda konkret və faydalı məlumat almağa üstünlük verirlər. Mən də mürəkkəb görünən mövzuları 30–60 saniyə ərzində sadə dillə və gündəlik nümunələrlə izah etməyə çalışıram. Bəzən bir qısa video insanın ingilis dili öyrənməyə başlaması üçün ilk motivasiya ola bilər.
– İngilis dili öyrənənlərin ən çox etdiyi səhvlər hansılardır?
– Ən çox rast gəldiyim problemlərdən biri Azərbaycan dilindən ingilis dilinə birbaşa tərcümə etməyə çalışmaqdır. Halbuki hər dilin öz məntiqi və ifadə qəlibləri var. Videolarımda yalnız düzgün variantı göstərmək deyil, həmin ifadənin ingilis dilində niyə məhz o formada qurulduğunu izah etməyə çalışıram.
– Auditoriyanın ən çox maraq göstərdiyi kontentlər hansılardır?
– Gündəlik danışıqda istifadə olunan ifadələrlə bağlı videolar daha çox maraq görür. İnsanlar öyrəndikləri məlumatı real həyatda dərhal tətbiq edə bildikdə kontent onlar üçün daha dəyərli olur. Düşünürəm ki, təhsil kontentində əsas məsələ yalnız mövzunu bilmək deyil, auditoriyanın hansı məlumata ehtiyacı olduğunu da anlamaqdır.
– İzləyicilərin şərhləri kontentinizə təsir edirmi?
– Çox böyük təsiri var. Hətta müəyyən mənada kontentimin mövzularını izləyicilər seçir.
Eyni sual bir neçə dəfə verilirsə və ya müəyyən mövzuda çətinlik hiss olunursa, onu növbəti videoya çevirirəm. Bu, həm kontenti daha faydalı edir, həm də auditoriya ilə qarşılıqlı etibar yaradır.
– TikTok vasitəsilə sizi tanıyıb dərslərinizə qoşulan tələbələr olurmu?
– Bəli, hazırda dərs keçdiyim tələbələrin böyük hissəsi məni ilk dəfə TikTok-da görüb. Məsələn, IELTS-ə hazırlaşan tələbələrimdən biri əvvəlcə Speaking mövzusunda videolarımı izləyirdi. Daha sonra hazırlıq proqramına qoşuldu, hədəflədiyi nəticəni əldə etdi və hazırda xaricdə təhsilini davam etdirir. Belə nümunələr mənə rəqəmsal platformalarda paylaşdığım kontentin real nəticəyə çevrilə bildiyini göstərir.
– TikTok müəllim kimi fəaliyyətinizə və şəxsi brendinizə necə təsir edib?
– Əvvəllər məni daha çox tövsiyə vasitəsilə tanıyırdılarsa, indi TikTok sayəsində daha geniş auditoriyaya çata bilirəm. İnsanlar dərsə başlamazdan əvvəl videolarımı izləyir, izah tərzimi və yanaşmamı görürlər. Bu da etibarın formalaşmasına kömək edir. Platforma həm yeni tələbələrin cəlb olunmasına, həm şəxsi brendimin inkişafına, həm də yeni əməkdaşlıq imkanlarının yaranmasına təsir edib.
– TikTok Azərbaycanda regionlarda yaşayan insanlar üçün dil təhsilini daha əlçatan edə bilirmi?
– Əlbəttə. Rəqəmsal platformaların ən böyük üstünlüklərindən biri coğrafi məhdudiyyətləri aradan qaldırmasıdır. İnsan Bakıda, Azərbaycanın hər hansı bölgəsində və ya başqa ölkədə yaşamasından asılı olmayaraq eyni kontentə çıxış əldə edə bilir. Mənim də tələbələrim arasında Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən qoşulanlar var.
– TikTok müəllim kimi sizi də inkişaf etdiribmi?
– Bəli. Qısa video formatı məni mürəkkəb mövzunun ən vacib hissəsini seçməyə və onu mümkün qədər aydın şəkildə izah etməyə öyrədib. Bu, həm videolarımda, həm də dərslərimdə fikirlərimi daha strukturlaşdırılmış və konkret şəkildə çatdırmağıma kömək edir.
– TikTok-da təhsil kontenti yaratmağa başlayan müəllimlərə nə tövsiyə edərdiniz?
– İlk növbədə davamlı və intizamlı olmaq lazımdır. Nəticələr hər zaman dərhal gəlmir. Ona görə başlanğıcda yalnız baxış və izləyici sayına fokuslanmaq düzgün deyil. Əsas məsələ auditoriyaya real fayda vermək, düzgün məlumat paylaşmaq və bunu davamlı etməkdir. Etibar zamanla yaranır. Rəqəmsal platformalarda əsas məqsəd sadəcə görünmək deyil, faydalı olmaqdır.







