Azərbaycana gələn turistlərin sayı AZALIB

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana 191 ölkədən 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Bildirilib ki, ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalıb.
Azərbaycana gələnlərin 28,3 faizi Rusiya, 20 faizi Türkiyə, 7,9 faizi İran, 4,7 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan vətəndaşları olub. Həm Özbəkistanın, həm də Pakistanın payı 3,2 faiz, İsrailin 3,1 faiz, Hindistanın 2,6 faiz, Çinin 2,5 faiz, Səudiyyə Ərəbistanının 2,3 faiz təşkil edib.
Gələnlərin 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,1 faizi Almaniya, 1 faizi Böyük Britaniya, 12,6 faizi isə digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub.
Azərbaycana gələnlərin 67,4 faizini kişilər, 32,6 faizini qadınlar təşkil edib.
Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 8 faiz artaraq 65,9 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 1,6 faiz artaraq 531,3 min nəfərə çatıb.
Bununla yanaşı, körfəz ölkələrindən gələnlərin sayı 32,8 faiz azalaraq 159,5 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 10,8 faiz azalaraq 585,9 min nəfər olub.
Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 72,4 faizi hava, 26,2 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Eyni zamanda, 2026-cı ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz azalaraq 1 milyon 160,1 min nəfər təşkil edib.
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının 42,7 faizi Türkiyəyə, 15,9 faizi Rusiyaya, 12,4 faizi Gürcüstana, 5,8 faizi İrana, 23,2 faizi isə digər ölkələrə gedib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə gedənlərin sayı 2,7 faiz, Gürcüstana səfər edənlərin sayı 8 faiz artıb. Rusiyaya gedənlərin sayı 1,3 faiz, İrana gedənlərin sayı 36,3 faiz, digər ölkələrə səfər edənlərin sayı isə 4,1 faiz azalıb.
Xaricə gedən Azərbaycan vətəndaşlarının 65,1 faizini kişilər, 34,9 faizini qadınlar təşkil edib.
Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 70,4 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.





