İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu

İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Kateqoriya məlum deyil
T

26 Avqust – Laçın şəhəri Günüdür. Bu əlamətdar tarix Azərbaycanın ərazi bütövlüyünün bərpasını, Laçının işğaldan azad edilməsini və şəhərdə aparılan genişmiqyaslı quruculuq işlərini özündə əks etdirir.


1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinə Laçın adı verilib və şəhər statusu alıb. 1930-cu il avqustun 8-də Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil edilib. Rayon 1835 kvadratkilometr ərazini əhatə edir və zəngin təbiəti, dağları, meşələri və strateji mövqeyi ilə seçilir.


Laçın 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun əhalisi doğma yurdlarından didərgin salınıb, yüzlərlə insan həlak olub və itkin düşüb. Rayonun yaşayış məntəqələri, sosial və iqtisadi infrastrukturu dağıdılıb, tarixi və mədəni irs nümunələri vandalizmə məruz qalıb.


Laçının işğalı Ermənistanla Qarabağ bölgəsi arasında birbaşa quru əlaqəsinin yaranmasına imkan verdi. Rayonun itirilməsi Azərbaycanın digər ərazilərinin işğalına gedən prosesdə mühüm strateji nəticələr doğurdu və sonrakı faciəli hadisələrə zəmin yaratdı. Lakin 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər nəticəsində tarixi ədalətin bərpası üçün yeni mərhələ başlayıb. Üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib.


Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın şəhəri Günü kimi müəyyən edilib. Bu tarix hər il şəhərin azadlığının və yeni inkişaf mərhələsinin rəmzi kimi qeyd olunur.


Bu gün Laçında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan təsdiqlənib. Yeni yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, səhiyyə, mədəniyyət və turizm obyektləri yaradılır. Şəhərin müasir siması formalaşdırılmaqla yanaşı, onun tarixi və təbii xüsusiyyətlərinin qorunmasına xüsusi diqqət yetirilir.


Laçında Böyük Qayıdış prosesi 2023-cü il mayın 28-dən başlayıb. 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, Sus kəndinə 59 ailənin, Bəylik kəndinə isə 89 ailənin daimi məskunlaşması təmin edilib. Bununla da uzun illər doğma yurd həsrəti çəkən laçınlıların öz torpaqlarına qayıdışı davam edir.


Rayonda enerji, nəqliyyat və su infrastrukturu da sürətlə inkişaf etdirilir. Laçında bir sıra su elektrik stansiyaları istifadəyə verilib və rayonun elektrik tələbatı tamamilə yaşıl enerji hesabına qarşılanır. 2026-cı il iyulun 11-də Hoçaz çayı üzərində yeni su elektrik stansiyalarının açılışı keçirilib. Həmin gün “Həkəriçay” su anbarının da təməli qoyulub.
Kəlbəcər-Laçın avtomobil yolunun və Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Hava limanının 2025-ci ildə istifadəyə verilməsi Laçının turizm və iqtisadi potensialının inkişafına yeni imkanlar yaradıb.


Laçında sənaye və turizm sahələrinin inkişafı da diqqət mərkəzindədir. Aqro-Sənaye Parkında yeni müəssisələr yaradılır, mebel, ayaqqabı və tekstil istehsalı inkişaf etdirilir. Zerti kəndində “Laçın” İstirahət Kompleksi istifadəyə verilib, Həkəri çayı ətrafında yeni istirahət və turizm məkanları yaradılır.


Bu gün Laçın Azərbaycanın Zəfərinin, Böyük Qayıdışın və quruculuq siyasətinin simvollarından biridir. Vaxtilə işğal nəticəsində xarabalığa çevrilən şəhər bu gün yenidən qurulur, sakinləri doğma yurda qayıdır və Laçında həyat öz axarına qayıdır.


26 Avqust – Laçın şəhəri Günü həm şəhidlərimizin əziz xatirəsinə ehtiram, həm də Azərbaycanın qazandığı tarixi Zəfərin qürurla qeyd edildiyi əlamətdar gündür. Laçının keçmişi qəhrəmanlıq tariximiz, bu günü Zəfərimiz, gələcəyi isə Böyük Qayıdış və quruculuqla yazılır.

Rəhman Mehtiyev
Vətən müharibəsi şəhidi Rəşad Mehdiyevin atası, Birinci Qarabağ müharibəsi qazisi


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR