Uşağınızındakı bu davranışlar bağçadakı zorakılığın göstəricisi ola bilər - AÇIQLAMA

Uşağınızındakı bu davranışlar bağçadakı zorakılığın göstəricisi ola bilər - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Bağçalarda uşaqlara qarşı şiddət halları hər zaman açıq şəkildə özünü göstərmir.

Bəzən fiziki iz və ya uşağın konkret şikayəti olmadığı üçün valideynlər təhlükəni gec fərq edir. Uşağın davranışındakı qəfil dəyişikliklər, bağçaya getmək istəməməsi və ya müəyyən şəxslərdən qorxması isə diqqət çəkən siqnallar ola bilər.

Bu baxımdan, valideynlər bağçada şiddətə məruz qalmanın gizli əlamətləri barədə məlumatlı olmalıdırlar.

Sfera.az xəbər verir ki, psixoloq Aytən Ələkbərova deyib ki, övladına diqqətlə yanaşan valideyn uşağın yaşadığı psixoloji narahatlığı bir sıra davranışlardan müşahidə edə bilər. Onun sözlərinə görə, uşağın bağçaya getməkdən imtina etməsi, gecə yuxudan qışqıraraq oyanması və müəyyən qorxular nümayiş etdirməsi diqqətdən kənarda qalmamalıdır.

A.Ələkbərovanın fikrincə, valideynlər uşağın bağçaya başlamasından əvvəl və sonrakı dövrdə onun davranışlarını müşahidə etməlidirlər.

Uşağın gündəlik davranışında qəfil dəyişikliklərin yaranması, əvvəl sevdiyi oyunlardan uzaqlaşması, daha aqressiv və ya əksinə, həddindən artıq sakit olması valideyn üçün siqnal rolunu oynaya bilər:

“Uşaqlar yaşadıqları hadisələri hər zaman böyüklər kimi ifadə edə bilmirlər. Xüsusilə məktəbəqədər yaşda olan uşaq ona qarşı fiziki və ya psixoloji təzyiq göstərildiyini konkret sözlərlə izah etməkdə çətinlik çəkə bilər. Bu səbəbdən valideynin yalnız “Nə baş verdi?” sualını verməsi kifayət deyil. Uşağın oyun zamanı davranışlarına, oyuncaqlarla münasibətinə, danışıq tərzinə və müəyyən situasiyalara reaksiyasına da diqqət yetirilməlidir”.

A.Ələkbərova qeyd edib ki, bəzi uşaqlar bağçada eşitdikləri ifadələri sonradan oyun zamanı və ya evdə təkrarlaya bilirlər. Hətta uşağın özünə və oyuncaqlarına qarşı sərt davranması, müəyyən sözləri təkrar etməsi də onun hansısa hadisədən təsirləndiyini göstərə bilər.

Bununla yanaşı, psixoloq valideynləri uşağın hər bir şikayətini dərhal konkret fakt kimi qəbul etməməyə çağırıb. O deyib ki, bəzi hallarda uşaqlar istədikləri nəticəni əldə etmək üçün valideynlərini manipulyasiya edə və “məni döydülər” kimi ifadələr işlədə bilirlər. Buna görə də vəziyyəti düzgün qiymətləndirmək üçün uşağın dedikləri digər davranış və müşahidələrlə birlikdə dəyərləndirilməlidir:

“Valideyn uşağı sorğu-suala tutmaq və qorxutmaq əvəzinə onunla sakit şəkildə danışmalı, özünü təhlükəsiz hiss etməsi üçün şərait yaratmalıdır. Uşağın sözünü yarımçıq kəsməmək, onu günahlandırmamaq və “sənə heç kim toxuna bilməz” kimi qorxunu artıran ifadələrdən uzaq durmaq da vacibdir”.

Psixoloq hesab edir ki, uşağın davranışlarının sistemli şəkildə müşahidə olunması bağçada yaşanan problemlərin vaxtında müəyyənləşdirilməsinə imkan verir. Valideynlə tərbiyəçi arasında düzgün ünsiyyətin qurulması, uşağın gündəlik vəziyyəti barədə məlumat mübadiləsi aparılması və şübhəli hallar müşahidə edildikdə mütəxəssisə müraciət olunması bu prosesdə mühüm əhəmiyyət daşıyır:

“Əsas məqsəd uşağın qorxusunu görməzdən gəlmək deyil, həmin qorxunun səbəbini düzgün müəyyənləşdirməkdir. Valideynin diqqətli müşahidəsi və uşağa göstərdiyi düzgün yanaşma problemin daha da dərinləşməsinin qarşısını ala bilər”.

İradə Elsevər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR