Araz Əsgərli: “Müharibəni qazandıq, indi sülhü cəmiyyətin düşüncəsinə çevirməliyik”

Sülh yalnız siyasi razılaşma deyil, eyni zamanda insan hüquqları və insan ləyaqəti məsələsi olduğunu bildirib.
Sfera.az xəbər verir ki, bunu Ombudsman Aparatının mətbuat katibi Araz Əsgərli bildirib.
A.Əsgərli Ombudsman Səbinə Əliyevanın “Sülh Aylığı” təşəbbüsü çərçivəsində sülh və insan hüquqlarının əlaqəsinə dair fikirlərini bölüşüb.
O qeyd edib ki, sülh müharibənin bitdiyi gün öz mahiyyətini tam qazanmır:
“Sülh insanın gələcəyə qorxu ilə deyil, ümidlə baxdığı, özünü təhlükəsiz və ləyaqətli hiss etdiyi həyatın qurulması ilə gerçək məzmununu tapır. Bu baxımdan sülh yalnız siyasi məqsəd deyil, fundamental insan hüququ və insan ləyaqətinin ifadəsidir”.
Araz Əsgərlinin sözlərinə görə, Azərbaycanın müharibədən sonrakı əsas hədəfi yeni qarşıdurmalar yaratmaq deyil, regionda davamlı sülh, təhlükəsizlik, əməkdaşlıq və inkişaf üçün şərait formalaşdırmaqdır.
O, 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair Saziş layihəsinin paraflanmasını və Birgə Bəyannamənin imzalanmasını prosesin mühüm siyasi mərhələsi kimi qiymətləndirib.
“Burada Azərbaycanın siyasətinin mühüm fəlsəfəsi görünür: müharibədə qalib gəlmək siyasi gücün, sülh qurmaq isə siyasi məsuliyyətin göstəricisidir”, – deyə A.Əsgərli vurğulayıb.
Onun fikrincə, siyasi iradə artıq ortaya qoyulub və növbəti mərhələ sülhü siyasi qərardan cəmiyyətlərin düşüncə tərzinə çevirməkdir.
Araz Əsgərli Ombudsman Səbinə Əliyevanın 21 avqust–21 sentyabr tarixlərini “Sülh Aylığı” elan etməsinin də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib.
“Bu təşəbbüsün əsas fəlsəfəsi də elə buradadır: sülh dövlətlərin siyasi iradəsi ilə başlayır, cəmiyyətlərin ümumi düşüncəsinə çevrildikdə isə davamlı xarakter alır”, – deyə o qeyd edib.
A.Əsgərli vurğulayıb ki, siyasi sənəd sülhün hüquqi və siyasi əsasını yarada bilər, lakin onun sosial və mənəvi dayaqlarını insanlar formalaşdırır. Onun sözlərinə görə, insan hüquqlarına hörmətin, insan ləyaqətinin qorunmasının, qarşılıqlı anlayışın və dialoqun olmadığı mühitdə davamlı sülh qurmaq mümkün deyil.
Mətbuat katibi Azərbaycanın keçmiş müharibə və işğal təcrübəsinin xalqın yaddaşında qalacağını, lakin tarixi yaddaşla yaşamaqla keçmişin düşmənçiliyində yaşamağın eyni olmadığını bildirib.
“Yaddaş qorunmalıdır, nifrət isə gələcəyə miras qalmamalıdır”, – deyə Araz Əsgərli yazıb.
O, sülhün yalnız Azərbaycan və Ermənistan dövlətlərinin diplomatik gündəliyi olmadığını, hər iki cəmiyyətin gələcəyi ilə bağlı məsələ olduğunu diqqətə çatdırıb.
A.Əsgərli hesab edir ki, milli və etnik düşmənçiliyi qızışdıran yazılar, nifrət dili, revanşist çağırışlar və tarixin siyasi manipulyasiyası cəmiyyətləri gələcəyə deyil, keçmişin qarşıdurmalarına qaytarır.
“Keçmişin həqiqətini qorumaqla gələcəyin sülhünü qurmaq mümkündür. Biz ağrını unutmadan sülhü seçə bilərik. Ədalətdən vaz keçmədən barışığa gedə bilərik”, – deyə o bildirib.
Araz Əsgərli sülhün bir günün və ya bir neçə ilin işi olmadığını, bunun üçün siyasi iradə ilə yanaşı ictimai düşüncənin də dəyişməsinin vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, regionun ehtiyacı yeni qan izləri deyil, yaradılmış sülh imkanlarının qorunması, siyasi iradənin qarşılıqlı məsuliyyətə çevrilməsi və sülhün cəmiyyətlərin düşüncə tərzinə çevrilməsidir.
“Davamlı sülh bir tərəfin iradəsi ilə deyil, cəmiyyətlərin ortaq məsuliyyəti ilə qurulur”, – A.Əsgərli qeyd edib.






