Azərbaycanın Turizm Səfiri kim olacaq? - AÇIQLAMA

2026-2030-cu illər ərzində Azərbaycan Respublikası üçün Turizm Səfiri Proqramının yaradılması nəzərdə tutulur.
Bu, Prezidentin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
Belə ki, bu istiqamətdə turizm səfirlərinin iştirakı ilə Azərbaycana tanıtım səfərlərinin təşkili, sosial media və rəqəmsal platformalarda tanıtım kampaniyalarının həyata keçirilməsi və azı 1 beynəlxalq tanınmış şəxsin Turizm Səfiri kimi cəlb edilməsi, minimum 5 birgə rəqəmsal məzmunun hazırlanması və azı 50 milyon baxış və yüksək əhatə göstəricilərinin əldə edilməsi planlaşdırılır.
Bəs, Turizm Səfiri necə təyin ediləcək? Xarici mütəxəssislərin cəlb olunması nə dərəcə uğurlu addımdır? Və Turizm Səfirinin təyin olunması bu sahəyə nə kimi töhvələr verə bilər?
Məsələ ilə bağlı turizm eksperti Cəfər Qarayev Sfera.az-a açıqlama verib. O bildirib ki, Turizm Səfiri Proqramının yaradılması çox müsbət və strateji addımdır:

“Bir çox ölkə bu modeli artıq tətbiq edir və görürük ki, düzgün seçilmiş peşəkar səfirlər ölkənin tanıdılmasına ciddi töhfə verir. Azərbaycan da hədəf bazarlarda belə səfirlərlə təmsil olunsa, bu, həm ölkəmizin beynəlxalq tanıdılmasına, həm də yeni tərəfdaşlıqların qurulmasına ciddi dəstək olar. Turizm səfiri institutundan istifadə edən ölkələr arasında Malayziya, Vyetnam, Özbəkistan, Uqanda, Qana və Kayman adaları var. Bir çox ölkə isə eyni məqsədlə fərqli adlardan istifadə edir, məsələn, “brend səfiri”, “turizm elçisi” və ya “kampaniya səfiri”.
Ekspert Azərbaycan üçün ən uyğun modelin Malayziya və Özbəkistan təcrübəsi ola biləcəyini vurğulayıb:
“Yəni, hər hədəf bazar üzrə ayrıca turizm səfiri təyin etmək. Turizm Səfirləri Proqramı Azərbaycanla həqiqi bağlılığı olan tanınmış mədəniyyət və incəsənət xadimlərini, idmançıları, iş adamlarını və digər nüfuzlu şəxsləri bir araya gətirən sistemli təşəbbüsdür. Səfirlər öz platforma və əlaqələrindən istifadə etməklə yanaşı, Azərbaycanı müxtəlif nüfuzlu beynəlxalq dairələrdə tanıda, ölkənin imicini gücləndirə, həmçinin iri MICE, mədəniyyət, idman və digər beynəlxalq tədbirlərin Azərbaycana cəlb olunmasına töhfə verə biləcəklər. Proqram bu əməkdaşlıqların strateji şəkildə seçilməsini, sistemli idarə olunmasını və Azərbaycanın turizm və daha geniş milli prioritetlərinə uyğunlaşdırılmasını təmin edir”.
Bəsti Rəfizadə
Sfera.az






