İnsan bədənində yeni orqan kəşf edildi - FOTO

İnsan orqanizmi ilə bağlı aparılan araşdırma zamanı alimlərin diqqətini çəkən yeni orqan kəşf edilib.
Kəllə sümüyünün daxilində daha əvvəl fərq edilməyən və immun sisteminin kiçik mərkəzləri kimi fəaliyyət göstərən strukturlar müəyyənləşdirilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Vaşinqton Universitetinin Tibb Fakültəsinin tədqiqatçıları siçanlar üzərində apardıqları araşdırmada kəllə sümüyünün daxilində limfa düyünlərinə bənzər xüsusiyyətlərə malik immun strukturlar aşkar ediblər. İndiyədək sümük iliyinin əsas funksiyasının qan hüceyrələrini istehsal etmək olduğu düşünülüb.
Yeni nəticələr isə kəllə sümüyündə yerləşən sümük iliyinin beynin immun müdafiəsində də aktiv rol oynaya biləcəyini göstərir. Kəşfin ən maraqlı tərəfi bu strukturların beyinə son dərəcə yaxın yerləşməsidir. Alimlər daha əvvəl kəllə sümüyü, beyni əhatə edən qişalar və beyin toxuması arasında kiçik kanalların olduğunu müəyyən ediblər. Yeni araşdırmada isə beyindən ayrılan bəzi zülalların həmin kanallar vasitəsilə birbaşa kəllə sümüyündəki sümük iliyinə çata bildiyi üzə çıxıb.
Tədqiqatçılar bu mexanizmin həqiqətən müdafiə funksiyası daşıyıb-daşımadığını yoxlamaq üçün siçanlarda aqressiv beyin xərçəngi növü olan qlioblastoma modeli üzərində təcrübə aparıblar. Nəticələr kəllə sümüyündəki bu immun strukturların şişə qarşı reaksiya göstərə bildiyini ortaya qoyub. Alimlərin fikrincə, bu sistem beynin digər nahiyələrində baş verən anormal proseslər barədə orqanizmin digər immun mərkəzləri məlumat əldə etməmişdən əvvəl reaksiya verə bilən ilk müdafiə xətti rolunu oynaya bilər. Araşdırmanın diqqətçəkən məqamlarından biri isə əldə olunan nəticələrin yalnız siçanlarla məhdudlaşmamasıdır.
Alimlər insan kəllə sümüyünün sümük iliyində də oxşar immun hüceyrələrin mövcudluğuna dair sübutlar əldə ediblər. Tədqiqatçılar hesab edirlər ki, bu kəşf gələcəkdə xüsusilə beyin şişlərinin, eləcə də neyrodegenerativ xəstəliklərin öyrənilməsi və müalicə üsullarının inkişafı baxımından əhəmiyyətli nəticələr verə bilər.
Bəsti Rəfizadə
Sfera.az






