Səhər yorğun oyanırsınızsa, buna diqqət edin

Uzun müddət yatmaq hər zaman yaxşı istirahət demək deyil. İnsan 9-10 saat yatmasına baxmayaraq yorğun oyanırsa, səbəb yuxunun keyfiyyəti, bioloji ritmin pozulması və ya bəzi sağlamlıq problemləri ola bilər.
Sfera.az xəbər verir ki, mütəxəssislərə görə, böyüklər üçün adətən 7-9 saat yuxu kifayətdir. Uzun yuxudan sonra yaranan halsızlıq “yuxu ətaləti”, yəni beynin yuxudan oyanıqlığa keçidinin gecikməsi ilə bağlı ola bilər.
Davamlı yorğunluğa yuxu apnesi, dəmir çatışmazlığı və anemiya, qalxanabənzər vəzin zəif fəaliyyəti, həmçinin bəzi dərmanlar səbəb ola bilər. Güclü xoruldama, yuxuda nəfəsin dayanması, səhər baş ağrısı və gün ərzində həddindən artıq yuxululuq yuxu apnesinin mümkün əlamətləridir.
Həftəsonu normadan çox yatmaq da problemi tam həll etmir. Əksinə, yuxu və oyanma saatlarının kəskin dəyişməsi sirkadiyal ritmi poza bilər.
Mütəmadi olaraq uzun yatmağınıza baxmayaraq yorğunluq davam edirsə və gündəlik fəaliyyətinizə mane olursa, səbəbi müəyyənləşdirmək üçün həkimə müraciət etmək tövsiyə olunur./metbuat






