Dünyanın ən yaşlı insanı 117-ci ilini qeyd edib

Dünyanın yaşayan ən yaşlı insanı Etel Katerham 117 yaşına çatıb.
Sfera.az xəbər verir ki, 2025-ci ilin aprelində dünyanın yaşayan ən yaşlı insanı titulunu qazanan Katerham doğum gününü İngiltərənin Surrey qraflığında ailəsi və dostları ilə birlikdə qeyd edib.
Hazırda Surrey qraflığının Laytvater şəhərində yerləşən “Hallmark Lakeview” Qocalar Evində yaşayan Katerham braziliyalı rahibə İnah Kanabarro Lukasın 116 yaşında vəfat etməsindən sonra dünyanın ən yaşlı insanı elan edilib.
Etel Katerham “Titanik” faciəsindən 3 il, Rusiyada çar rejimini devirərək mütləq monarxiyaya son qoyan inqilabdan isə 8 il əvvəl, yəni 1909-cu ildə anadan olub. O, iki dünya müharibəsinin şahidi olub.
“Ginnesin Rekordlar Kitabı”nın məlumatına görə, Katerham 2020-ci ildə 110 yaşında COVID-19-a yoluxub və xəstəliyi sağaldaraq pandemiyadan sonra uzunömürlülüyü ilə diqqət çəkən şəxslərdən biri olub.
Katerham gənclik illərində, 1927-ci ildə Hindistana gedərək burada bir ailənin yanında uşaq baxıcısı kimi çalışıb. O, 1931-ci ildə İngiltərədə keçirilən tədbirlərdən birində Britaniya ordusunda podpolkovnik rütbəsində xidmət edən Norman Katerhamla tanış olub.
Cütlük daha sonra Honq Konqda yaşayıb. Etel Katerham burada uşaq bağçası açıb. Həyat yoldaşı Norman 1976-cı ildə vəfat edib. Onun iki qızı da Katerhamdan əvvəl dünyasını dəyişib.
Maraqlıdır ki, Katerhamın bacılarından biri olan Qladys də uzunömürlülüyü ilə seçilib. O, 104 yaşında vəfat edib.
Etel Katerham 116-cı doğum günündən qısa müddət sonra, ötən ilin sentyabrında İngiltərə kralı III Çarlz tərəfindən ziyarət edilib. Görüş zamanı Katerham kralın 21 yaşında Uels şahzadəsi elan edildiyi 1969-cu ili xatırlayaraq ona zarafatla: “Bütün qızlar sənə aşiq idi və səninlə evlənmək istəyirdi”, – deyib.
“Ginnesin Rekordlar Kitabı”nın məlumatına görə, dünyada ən uzun ömür sürmüş şəxs isə 122 il 164 gün yaşayan və 1997-ci ildə vəfat edən fransalı Janne Kalmandır.
Bəsti Rəfizadə
Sfera.az





