Restorana gedənlərin diqqətinə – Sizi belə aldadırlar

Restorana daxil olanda diqqətimizi çəkən məqamlardan biri də səslənən musiqidir.
Bəzi yemək məkanlarında daha hərəkətli və ritmik mahnılara üstünlük verildiyi halda, digərlərində sakit və həzin musiqilər səsləndirilir. İlk baxışdan bu, sadəcə musiqi zövqü kimi görünsə də, seçimin arxasında müştərinin davranışına təsir edən müəyyən amillər dayana bilər.
Sfera.az xəbər verir ki, araşdırmalar restoranlarda səsləndirilən musiqinin müştərilərin yemək müddətinə və məkanla bağlı təcrübəsinə təsir göstərə bildiyini ortaya qoyur. Xüsusilə musiqinin tempi, yəni ritmin sürəti bu baxımdan diqqət çəkən amillərdəndir.
Araşdırmalara görə, həzin musiqi səslənən zaman müştərilər restoranda daha uzun müddət qalıblar. Hərəkətli musiqi zamanı isə restoranı daha tez tərk ediblər.
Bu nəticə restoranlar üçün praktik əhəmiyyət daşıya bilər. Məsələn, müştəri axınının yüksək olduğu saatlarda daha ritmik musiqidən istifadə masaların daha tez boşalmasına və yeni müştərilərin qəbul edilməsinə şərait yarada bilər. Sakit saatlarda isə daha həzin musiqilər insanların məkanda daha uzun müddət qalmasına və ümumi atmosferin daha rahat hiss edilməsinə xidmət edə bilər.
Digər araşdırmalar da həzin musiqinin yemək müddətini uzada bildiyini göstərir. 248 nəfərin iştirak etdiyi bir təcrübədə musiqi səslənən şəraitdə insanların səssizliklə müqayisədə yeməyə daha çox vaxt sərf etdiyi, həzin musiqinin isə sürətli musiqi ilə müqayisədə yemək müddətini uzatdığı müəyyənləşdirilib. Bununla belə, həzin musiqinin daha çox qida qəbuluna səbəb olduğu aşkar edilməyib.
Bəzi tədqiqatlarda musiqinin növünün müştərinin faktiki xərcləməsinə təsir göstərə bildiyi də müşahidə olunub. Məsələn, britaniyalı bir restoranda aparılan araşdırmada klassik musiqi səsləndirilən axşamlarda müştərilərin orta hesabla daha çox xərclədiyi müəyyən edilib.
Maraqlı məqamlardan biri də musiqinin yemək sürətinə təsiridir. Belə ki, hərəkətli mahnılar səslənərkən insanlar yeməklərini daha sürətli yeyə, həzin musiqilər zamanı isə daha yavaş yeyə bilərlər.\\azxeber.com






