Tez-tez kredit götürmək vərdişdir? - PSİXOLOQDAN AÇIQLAMA

Son illər kredit götürmək bir çox insan üçün gündəlik maliyyə ehtiyaclarını qarşılamağın adi üsuluna çevrilib.
Lakin bəzi insanlar bir krediti bağlamadan digərinə müraciət edir, borclarını yeni kreditlərlə ödəməyə başlayırlar.
Bəs kredit götürmək zamanla vərdişə, hətta bir növ asılılığa çevrilə bilərmi? Bu asılılıqdan qurtulmaq üçün nə etmək lazımdır?
Məsələ ilə bağlı psixoloq Nizami Orucov Sfera.az-a açıqlama verib. O bildirib ki, kredit götürmək özlüyündə psixoloji problem və ya asılılıq deyil, amma problem kreditin məqsədli maliyyə alətindən çıxaraq insanın davamlı olaraq borc hesabına yaşamasına çevrildiyi zaman başlayır:

“Bəzi insanlarda bir krediti bağlamadan digər kreditə müraciət etmək zamanla təkrarlanan davranış formasına çevrilə bilər. İnsan əvvəlki borcun yaratdığı maliyyə təzyiqini yeni kredit hesabına azaltmağa çalışır və qısa müddətlik rahatlıq hiss edir. Lakin bu rahatlıq müvəqqəti olur və yeni borc yaranır. Beləliklə, insan bir müddət sonra özünü borc dövrəsində tapa bilər. Burada psixoloji amillər də rol oynaya bilər. Məsələn, impulsiv qərarvermə, gələcəyi planlaşdırmaqda çətinlik, emosional alış-veriş, stress zamanı pul xərcləmə və ya maddi problemlərdən qaçmaq üçün krediti həll yolu kimi görmək bu davranışı gücləndirə bilər”.
Psixoloq bu vəziyyətdən çıxmaq üçün ilk addımın nə olduğunu açıqlayıb:
“İlk addım yeni kredit götürməklə əvvəlki krediti bağlamaq dövrəsini dayandırmaq və real maliyyə vəziyyətini olduğu kimi görməkdir. Bütün borclar, aylıq ödənişlər, gəlirlər və zəruri xərclər yazılı şəkildə müəyyənləşdirilməlidir. İnsan borc problemini görməməzliyə vurduqca vəziyyətdən çıxmaq daha da çətinləşir. Digər tərəfdən, təkcə “daha kredit götürməyəcəyəm” demək kifayət etməyə bilər. Kredit götürməyə səbəb olan davranışın özü də araşdırılmalıdır.
İnsan özünə sual verməlidir: Mən hansı vəziyyətlərdə kredit götürmək istəyirəm? Həqiqi ehtiyac yarananda, yoxsa stressli və emosional olduğum zaman? Əgər problem impulsiv xərcləmə və ya emosional davranışlarla bağlıdırsa, bunun üzərində ayrıca işləmək lazımdır. Maliyyə planlaması ilə yanaşı, ehtiyac olduqda psixoloq və maliyyə üzrə mütəxəssisdən dəstək almaq faydalı ola bilər. Çünki bəzən problemin bir tərəfi borcların idarə olunmasıdırsa, digər tərəfi insanın pulla və xərcləmə ilə qurduğu münasibətdir. Ən vacib məqam isə budur: borcdan çıxmaq üçün yeni borc yaratmaq əvəzinə, insan həm maliyyə vəziyyətini, həm də bu davranışın arxasında dayanan səbəbləri dəyişməlidir. Əgər kredit götürmək artıq insanın nəzarət edə bilmədiyi, təkrarlanan və mənfi nəticələrə baxmayaraq davam etdirdiyi davranışa çevrilibsə, bunu ciddi qəbul etmək və peşəkar dəstək almaq lazımdır”.
Bəsti Rəfizadə






