ABB-dən daşınmaz əmlak bazarı ilə bağlı mühüm araşdırma

ABB Bakı şəhərinin daşınmaz əmlak bazarı ilə bağlı yeni araşdırma-hesabatını
ictimaiyyətə təqdim edib. Hesabatda 2026-cı ilin birinci yarısında paytaxtın daşınmaz
əmlak bazarında özünü göstərən əsas tendensiyalar araşdırılır.
Hesabatdan belə məlum olur ki, cari ilin ilk 2 rübündə Bakının daşınmaz əmlak bazarında qiymət artımı davam etsə də, temp əvvəlki dövrlərlə müqayisədə nisbətən zəifləyib. Bu isə onu göstərir ki, daşınmaz əmlaka tələbin yenə böyük olmasına rəğmən alıcılar qiymət məsələsində və seçimlərdə daha həssas davranmağa başlayıblar.
Torpaq bazarında qiymət artımı daha böyük olub. Torpaq sahələrinə yüksək tələb
qiymət artımına təsir göstərib. Xüsusilə inkişaf potensialı yüksək və məhdud təklifə
malik ərazilərdə torpağın investisiya və tikinti resursu kimi əhəmiyyəti artıb. Fərdi
yaşayış evlərinə tələb və onların qiymətlərində artım tendensiyası da qorunub. Burada
mövsümi tələb amili də öz təsirini göstərib.
Qeyri-yaşayış sahələrinin qiymətlərində artım müşahidə olunub. Lakin bu
seqmentdə bazar daha dəyişkən dinamika nümayiş etdirib. Obyektin yerləşməsi,
funksional təyinatı və gəlir yaratmaq potensialı qiymətlərin formalaşmasında mühüm
amil kimi çıxış edib.
Bir diqqətçəkən tendensiya da ondan ibarətdir ki, Bakı şəhərinin mənzil
bazarında qiymət artımı tədricən daha geniş coğrafiyaya yayılmaqdadır. Həmçinin
alıcılar daha əlçatan ərazilərə yönəlirlər.
Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir
çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə
məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı
araşdırma- hesabatlarla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.






