Tək olarkən televizoru açıq qoyuruq: Bu, nəyin əlamətidir?

Tək olarkən televizoru açıq qoyuruq: Bu, nəyin əlamətidir?
Kateqoriya məlum deyil
T

Bəzi insanlar evdə tək olduqda belə, televizoru, musiqini və ya hər hansı videonu açıq saxlayırlar. Bu, bəzən evdə səs-küyün olması və ya insanın özünü daha rahat hiss etməsi ilə bağlı ola bilir.

Məsələ ilə bağlı psixoloq Aynur İsgəndərova Sfera.az-a açıqlamasında bildirib ki, bunu yalnız bir səbəblə izah etmək düzgün deyil.

Onun sözlərinə görə, ən geniş yayılmış səbəblərdən biri səssizliyin insanda yaratdığı narahatlığın azaldılmasıdır.

Psixoloqun sözlərinə görə, arxa planda televizorun, radionun və ya musiqinin olması onlarda tanış və təhlükəsiz mühit hissi yaradır:

“Xüsusilə gün ərzində sosial ünsiyyətə öyrəşmiş insan üçün evə gəldikdə qəfil yaranan səssizlik psixoloji baxımdan bir qədər boşluq kimi qəbul edilə bilər. Digər səbəb təklik hissinin azaldılmasıdır. Burada maraqlı məqam ondan ibarətdir ki, insanın fiziki olaraq tək olması ilə özünü tənha hiss etməsi eyni şey deyil. Televizorda danışan insanların səsi müəyyən mənada sosial mühit illüziyası yaradır və insan özünü daha rahat hiss edir. Bəzən isə bu davranış emosional özünütənzimləmə vasitəsi kimi çıxış edir. Məsələn, insan stresli, gərgin və ya yorğun olduqda tanış musiqiyə qulaq asmaq və ya sevdiyi verilişə baxmaq onun emosional vəziyyətinin stabilləşməsinə kömək edə bilər. Yəni burada məqsəd sadəcə səs yaratmaq deyil, insanın özünü daha rahat və təhlükəsiz hiss etməsidir”.

A.İsgəndərova söyləyib ki, digər tərəfdən, bəzi insanlar üçün bu, sadəcə vərdişdir:

"İnsan uzun müddət evdə televizor və ya musiqi ilə vaxt keçiribsə, zamanla bu, şüursuz şəkildə gündəlik rutinin bir hissəsinə çevrilə bilər. Bu halda davranışın arxasında xüsusi psixoloji problem axtarmağa ehtiyac yoxdur.

Bəzi hallarda isə insanın daim nəsə açıq saxlamaq ehtiyacı öz düşüncələri ilə tək qalmaqdan yayınma ilə əlaqəli ola bilər. Məsələn, insan narahat düşüncələrdən, stressdən və ya xoşagəlməz emosiyalardan qaçmaq üçün daim özünü səslə və informasiya ilə məşğul saxlaya bilər. Əgər bu davranış insanın sakit qalmasına, öz düşüncələri ilə baş-başa qalmasına və ya gündəlik həyatına ciddi şəkildə mane olursa, artıq bunun üzərində düşünmək və səbəbini araşdırmaq faydalıdır”.

Psixoloq hesab edir ki, televizorun və ya musiqinin evdə daim açıq olması öz-özlüyündə psixoloji problemin göstəricisi deyil:

"Əsas məsələ insanın bunu nə üçün etdiyidir və həmin davranış onun həyatına necə təsir göstərir. Bir insan üçün bu, sadəcə rahatlıq və zövq məsələsi ola bilər, digəri üçün isə təklik hissini, narahatlığı və ya daxili gərginliyi azaltmaq üsulu ola bilər.

Psixoloji baxımdan burada ən çox təhlükəsizlik, emosional rahatlıq, sosial bağlılıq və stimullaşdırılma ehtiyacı ilə əlaqə görmək mümkündür".

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR