Saxta video və səsləri tanımağın üsulları - Ekspertdən TÖVSİYƏ

Süni intellekt texnologiyalarının sürətli inkişafı bəşəriyyətə böyük imkanlar qazandırsa da, eyni zamanda rəqəmsal təhlükəsizlik sahəsində görünməmiş təhdidlər yaradır. Son dövrlər bu texnologiyalar vasitəsilə hazırlanan saxta video və səslər (deepfake) artıq sadə bir əyləncə vasitəsi olmaqdan çıxaraq, kiber-fırıldaqçılıq, şantaj və dezinformasiya alətinə çevrilib. Rəsmi qurumlar və texnologiya nəhəngləri bu növ saxta məzmunların yayılmasının qarşısını almağa çalışsalar da, reallıq budur ki, heç bir sistem bizi bu təhlükədən tam sığortalaya bilməz. Belə bir vəziyyətdə ən böyük müdafiə xətti elə insanların öz şüuru və rəqəmsal savadlılığıdır.
Bəs adi gözlə və ya diqqətli dinləmə ilə süni intellektin hazırladığı saxta materialları real olanlardan necə ayırd etmək olar? Cəmiyyəti bu görünməz təhlükədən qorumaq üçün hansı təxirəsalınmaz addımlar atılmalıdır?
Kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Əmirov Sfera.az-a açıqlamasında bildirib ki, “deepfake” videoları və saxta səsləri bəzi detallara diqqət etməklə müəyyənləşdirmək mümkündür.
Onun sözlərinə görə, videolarda göz qırpması, üz və çənə nahiyəsindəki bulanıqlıq, dodaq hərəkətləri ilə səs arasındakı uyğunsuzluq saxtakarlığın əsas əlamətlərindəndir:
“Saxta səslərdə isə monoton ton, təbii nəfəs səslərinin olmaması və robotik küy diqqət çəkir. Azərbaycanda “deepfake” təhlükəsi ilə bağlı maarifləndirmənin artırılması çox vacibdir. Vətəndaşlar bu tip şübhəli video və səslərə dərhal inanmamalıdır”.
O söyləyib ki, dələduzluq hallarından qorunmaq üçün şəxsi foto və səs yazılarını geniş şəkildə paylaşmamaq, şübhəli zənglər zamanı məlumatı başqa vasitələrlə yoxlamaq lazımdır.

Ekspert deyib ki, “deepfake” texnologiyalarının yaratdığı təhlükə təkcə ayrı-ayrı şəxslərin aldadılması ilə məhdudlaşmır. Belə saxta görüntü və səslər insanların adından pul tələb edilməsi, yaxınlarının və ya iş yoldaşlarının aldadılması, eləcə də müxtəlif şəxslər haqqında yanlış məlumatların yayılması üçün istifadə oluna bilər. Ekspert dedi ki, xüsusilə sosial şəbəkələrdə yayılan və qısa müddətdə böyük auditoriyaya çatan videoların həqiqiliyinin yoxlanılması bu baxımdan mühüm əhəmiyyət daşıyır:
“İstifadəçilər qarşılaşdıqları şübhəli məzmunun yalnız görüntüsünə deyil, onun hansı mənbədən yayıldığına da diqqət yetirməlidirlər. Eyni məlumatın digər etibarlı xəbər resurslarında və rəsmi səhifələrdə olub-olmamasını yoxlamaq saxta məzmunun müəyyən edilməsinə kömək edə bilər. Xüsusilə sensasion xarakter daşıyan, insanlarda qorxu və ya təcili reaksiya yaratmağa hesablanan paylaşımlara qarşı daha ehtiyatlı olmaq lazımdır”.
F.Əhmədov hesab edir ki, bu istiqamətdə əsas problemlərdən biri insanların süni intellektlə hazırlanmış məzmunu real görüntüdən ayırmaq bacarığının texnologiyanın inkişaf sürətinə uyğunlaşmamasıdır:
"Buna görə də “deepfake” təhlükəsi ilə bağlı maarifləndirmə yalnız texnologiya istifadəçiləri arasında deyil, müxtəlif yaş qrupları və cəmiyyətin bütün təbəqələri arasında aparılmalıdır. Rəqəmsal savadlılığın artırılması insanların belə manipulyasiyalara qarşı daha hazırlıqlı olmasına imkan verə bilər. Gələcəkdə süni intellekt vasitəsilə hazırlanan saxta video və səslərin daha da real görünməsi mümkündür. Bu səbəbdən insanların hər gördüyü və eşitdiyi informasiyanı avtomatik olaraq həqiqət kimi qəbul etməməsi, məlumatı yoxlamağı gündəlik rəqəmsal davranışın bir hissəsinə çevirməsi vacibdir. “Deepfake”lərlə mübarizədə texnoloji həllərlə yanaşı, istifadəçilərin diqqətli və tənqidi yanaşması da mühüm rol oynayır”.
İradə Elsevər






