Ekspertdən gənclərə tövsiyə: "Aşağı maaşla işləməkdən qorxmayın"

Gənclərin əmək bazarına daxil olması son illərdə bir sıra çətinliklərlə müşayiət olunur. Təcrübə tələbi, aşağı başlanğıc maaşları və ixtisas üzrə iş imkanlarının məhdudluğu onların həm karyera qurmasına, həm də gələcək planlarını formalaşdırmasına təsir göstərir.
Sfera.az xəbər verir ki, insan resursları üzrə ekspert İlkin Məcidov bildirib ki, əmək bazarının sürətli inkişafı təhsil sektorunun bu dəyişikliklərə tam uyğunlaşmasını çətinləşdirir.

O qeyd edib ki, tələbələr əldə etdikləri bilikləri praktikada tətbiq etməli, mümkün qədər erkən mərhələdə təcrübə qazanmalıdırlar:
"Məzunların yüksək maaş gözləntisi ilə uzun müddət öz ixtisası üzrə işləməməsi onların əldə etdiyi biliklərin zamanla zəifləməsinə səbəb ola bilər. Gənclərin ilk mərhələdə daha aşağı maaşla olsa belə, öz ixtisasları üzrə işləyərək təcrübə toplaması və özlərini inkişaf etdirməsi daha məqsədəuyğundur".
Ekspert tələbələrin universitet illərində istehsalat təcrübəsindən də səmərəli istifadə etməsinin vacibliyini vurğulayıb. O deyib ki, təhsil müəssisələri tələbələrə əsasən nəyi etməli olduqlarını öyrədir, əmək bazarı isə həmin bilikləri praktikada necə tətbiq etməyi tələb edir:
"Əmək bazarında uğur qazanmaq üçün təkcə ixtisas biliyi kifayət etmir. Ünsiyyət qurmaq, komandada işləmək, dəyişikliklərə uyğunlaşmaq və digər yumşaq bacarıqlar da gənclərin karyera inkişafında mühüm rol oynayır".
İradə Elsevər
Sfera.az






