Bu axşam vərdişləri insult riskini artıra bilər - XƏBƏRDARLIQ

Gündəlik həyatımızda adi görünən bəzi axşam vərdişləri uzunmüddətli perspektivdə insult riskinin artmasına səbəb ola bilər.
Sfera.az xəbər verir ki, dietoloqlar Liz Vays və Rozanna Rast “Eating Well” nəşrinə açıqlamalarında insult riskini artıran axşam vərdişləri barədə xəbərdarlıq ediblər.
Mütəxəssis Liz Vays xüsusilə axşam saatlarında duzlu qidaların qəbuluna diqqət çəkib. Onun sözlərinə görə, çatdırılma yeməkləri, pizza, ət yarımfabrikatları və hazır yeməklərdə yüksək miqdarda natrium ola bilər.
Yüksək təzyiqi və ya duza həssaslığı olan insanlarda natriumla zəngin qidaların müntəzəm istifadəsi qan təzyiqinə nəzarəti çətinləşdirə bilər. Bu səbəbdən mütəxəssis xüsusilə axşam yeməyində az duzlu qidalara üstünlük verməyi tövsiyə edib.
Vays axşam saatlarında şirin qidalar və şəkərli içkilərdən də uzaq durmağı məsləhət görüb. Onun sözlərinə görə, həddindən artıq şəkər qəbulu uzun müddətdə insult, yüksək qan təzyiqi, piylənmə və 2-ci tip diabet riskini artıra bilər.
Digər riskli vərdiş isə uzun iş günündən sonra bütün axşamı divanda hərəkətsiz keçirməkdir. Diyetoloq bildirib ki, günün böyük hissəsini oturaq vəziyyətdə keçirən şəxsin axşam saatlarında da hərəkətsiz qalması ürək-damar sisteminin sağlamlığını dəstəkləmək üçün vacib olan fiziki aktivlik imkanını azaldır.
Digər diyetoloq Rozanna Rast isə yatmazdan əvvəl spirtli içkilər qəbul etməyin təhlükəsinə diqqət çəkib. Onun sözlərinə görə, alkoqol qan təzyiqini yüksəldə, damarların vəziyyətinə mənfi təsir göstərə və orqanizmdə iltihabi prosesləri gücləndirə bilər.
Bundan əlavə, axşam saatlarında alkoqol qəbulu yuxunun keyfiyyətini poza bilər. Halbuki sağlam yuxu rejimi uzunmüddətli sağlamlıq və insultun profilaktikası baxımından mühüm amillərdən biridir.
Mütəxəssislər insult riskini azaltmaq üçün axşam saatlarında duzlu və şəkərli qidalardan uzaq durmağı, daha çox hərəkət etməyi və sağlam yuxu rejiminə əməl etməyi tövsiyə edirlər.
İnci
Sfera.az






