Azərbaycanlılar niyə kökəlir? - Rəqəmlər artır...

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 48,2%-i artıq çəkili, 10%-i isə piylənmədən əziyyət çəkir. Normal bədən kütlə indeksinə (BKİ) malik şəxslərin payı isə cəmi 40,4%-dir.
Yaş artdıqca problem daha da dərinləşir. 45 yaşdan yuxarı şəxslərin təxminən 80%-i artıq çəki və ya piylənmə kateqoriyasına daxildir. Kişilərin 53,7%-i artıq çəkili, 9,3%-i piylənmədən, qadınların isə 43,2%-i artıq çəkili, 10,7%-i piylənmədən əziyyət çəkir.
Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta çəkisi 69,7 kq, orta boyu isə 167,5 sm təşkil edir.
Normadan az çəkili şəxslərin payı isə cəmi 1,4%-dir. Əhalinin 48,2%-nin artıq çəkili, 10%-nin isə piylənmədən əziyyət çəkməsinin əsas səbəbi nədir? Azərbaycanlılar niyə getdikcə kökəlir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, bu rəqəmlər Azərbaycanda artıq çəki və piylənmənin artıq yalnız fərdi məsələ deyil, ciddi ictimai sağlamlıq problemi olduğunu göstərir.

Onun sözlərinə görə, bunun bir səbəblə izah edilməsi düzgün olmaz:
"Əsas amil insanların gündəlik həyat tərzinin və qidalanma vərdişlərinin dəyişməsidir. Əvvəla, enerji qəbulumuz çoxalıb, fiziki aktivliyimiz isə azalıb. İnsanlar əvvəlki ilə müqayisədə daha çox oturaq həyat keçirir, avtomobildən və digər nəqliyyat vasitələrindən daha çox istifadə edir, iş və istirahət zamanı hərəkət azalır. Gün ərzində qəbul edilən kalorinin xərclənən kaloridən çox olması isə zamanla çəkinin artmasına gətirib çıxarır. İkinci mühüm səbəb yüksək kalorili və ultraişlənmiş qidaların geniş yayılmasıdır. Şirin içkilər, fəst-fud, şirniyyatlar, çipslər, hazır və yarımfabrikat məhsullar, yağlı və duzlu qəlyanaltılar asan əlçatandır. Bu məhsulların kiçik porsiyasında belə kifayət qədər yüksək enerji ola bilər. Üstəlik, insan bəzən tox olmasına baxmayaraq dad və vərdiş səbəbindən yeməyə davam edir".
Mütəxəssis qeyd edib ki, porsiyaların böyüməsi və yemək rejiminin pozulması da rol oynayır:
"Gec saatlarda yemək, gün ərzində uzun müddət ac qalaraq axşam həddindən artıq qidalanmaq, televizor və telefon qarşısında fərqinə varmadan yemək çəki artımını sürətləndirə bilər. Azərbaycanlıların qidalanmasında ənənəvi olaraq çörək, düyü, xəmir yeməkləri, şirniyyat və yağlı xörəklərin əhəmiyyətli yer tutması da ümumi rasionun enerji sıxlığını artırır. Bu qidaları tamamilə qadağan etmək lazım deyil, əsas məsələ onların miqdarı, hazırlanma üsulu və tərəvəz, meyvə, paxlalılar, tam taxıllar və digər faydalı qidalarla balanslaşdırılmasıdır. Digər tərəfdən, “sağlam qida” anlayışının yanlış başa düşülməsi də problem yaradır. Məsələn, bal, quru meyvə, təbii şirə və ya kənd məhsulu “təbii” olduğu üçün limitsiz qəbul edilə biləcək məhsul deyil. Təbii məhsul da yüksək kalorili ola bilər".
F.Səfərov vurğulayıb ki, yaş artdıqca problemin yüksəlməsi isə müəyyən qədər metabolizmin və əzələ kütləsinin dəyişməsi, fiziki aktivliyin azalması və uzun illər ərzində formalaşmış qidalanma vərdişləri ilə əlaqəlidir.
Lakin burada da əsas məsələ yalnız metabolizm deyil, illər ərzində qəbul edilən və xərclənən enerjinin balansıdır:
"Ona görə də “azərbaycanlılar niyə kökəlir?” sualının cavabı əslində “daha çox yeyirik”dən daha genişdir. Biz daha çox kalorili qidalar qəbul edir, daha az hərəkət edir, porsiyaları böyüdür, şirin içkilər və qəlyanaltılardan daha çox istifadə edir və bir çox hallarda qidalanmanı sağlamlıqdan çox rahatlıq və dad üzərində qururuq. Problemin həlli də yalnız “pəhriz saxlayın” demək deyil. Daha sağlam qida mühiti yaratmaq, fiziki aktivliyi artırmaq, uşaqlıqdan düzgün qidalanma vərdişləri formalaşdırmaq və insanların qida seçimləri barədə maarifləndirilməsini gücləndirmək lazımdır. Piylənməyə yalnız estetik problem kimi deyil, uzunmüddətli sağlamlıq risklərini artıran tibbi və sosial məsələ kimi yanaşmaq daha doğrudur".
Firuzə Əliyeva
Sfera.az






