Vaqif Əsədov: "Sürücü sürücülük vəsiqəsi olmadığı üçün məsuliyyətə cəlb ediləcək" - Açıqlama
Bu gün Nəsimi rayonu, Vaqif küçəsində yol qəzası baş varib.
Sfera.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Mercedes GL" markalı, 90 VJ 099 dövlət nömrə nişanlı avtomobillə "Hyundai Santafe" markalı, 90 HM 466 dövlət nömrə nişanlı avtomobil toqquşub. "Mercedes"in vurduğu zərbədən idarəetməni itirən "Hyundai" səkiyə çıxaraq ağaca dəyib. Məlumata əsasən, 130 minlik "Mercedes"in sükanı arxasında qadın sürücü olub. Onun yaxınları hadisə yerinə gələn jurnalistlərə təzyiq göstərərək çəkiliş aparmağa imkan verməyib və maşının nömrəsini açıb gizlətmək istəyib. Apardığımız araşdırma zamanı məlum oldu ki, həmin "Mercedes GL" Fuad adlı şəxsə məxsusdur və heç kimə etibarnamə verilməyib.
Məsələni Sfera.az-a şərh edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, yol nəqliyyat hadisəsi hadisənin ağırlıq dərəcəsinə əsasən aidiyyatı üzrə Rayon Polis İdarələrində araşdırılır:
"Hadisədə xəsarət varsa, xəsarətin dərəcəsindən asılı olaraq qiymət verilir və qəbul edilmiş qərar əsasında inzibati tənbeh tədbirləri görülür. Lakin maddi zərərlə nəticələnən yol nəqliyyat qəzaları da aidiyyatı üzrə araşdırılır. Əgər sürücünün vəsiqəsi və idarə etdiyi avtomobilin sənədi yoxdursa, kimliyindən asılı olmayaraq, belə hal baş veribsə, qanun cəzanın tətbiq edilməsinə icazə verir. Həmin sürücü sürücülük vəsiqəsi olmadığı üçün məsuliyyətə cəlb ediləcək. Avtomobilin sahibi isə sürücülük vəsiqəsi olmayan şəxsə avtomobili etibarnaməsiz idarə etməyə verdiyinə görə, inzibati məsuliyyətə cəlb olunacaq. İnzibati məsuliyyətində tətbiq olunması araşdırmalar zamanı məlum olacaq", - deyə V.Əsədov əlavə edib.
Gülnarə Eynullaqızı
Sfera.az






