Türk məhsulları dövriyyədən çıxarıldı - Turistlər isə ölkəyə buraxılmır
Türkiyənin hava sərhədini keçən rus təyyarəsini vurmasından sonra iki ölkə arasındakı gərginlik iqtisadi əlaqələrdən də yan keçməyib.
Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 800 kiloqramdan artıq məhsul yüksək risk qrupuna aid edildiyi üçün dövriyyədən çıxarılıb. Rəsmi açıqlamada isə Türkiyədən gələn məhsullara 2015-ci ilin əvvəlindən ciddi nəzarət edildiyi bildirilib və bunun nəticəsi olaraq 800 kq məhsul keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun gəlmədiyi üçün dövriyyədən çıxarılıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Türkiyədən gətirilən kənd təsərrüfatı məhsullarına nəzarətin güclənməsinin terror faktoru ilə əlaqəli olub-olmaması ilə bağlı sualı cavablandırıb. O bildirib ki, Kreml bu ölkədən gələcək terror təhlükəsini istisna etmir:
“Rusiya Türkiyəyə qarşı ticari embarqo tətbiq etməyib, lakin müxtəlif ekstremist təzahürlərin artma riskinə görə hazırda bu ölkədən gələn məhsullarla bağlı müvafiq ölçü götürülür”.
Bununla yanaşı artıq Türkiyədən Rusiyaya gedən türklər üçün də artıq maneələr yaradılmağa başlayıb. Moskva hava limanında saxladılan türklər təyyarəyə gecikdiklərini, ölkəyə isə buraxılmadıqlarını bildiriblər:
“Bizimlə qaçaq kimi davranırlar. Buradan başqa yerlərə səyahət edən türklər təyyarələrini qaçırdılar. Bizi ölkəmizə göndərəcəklərini deyirlər. Tualet ehtiyacımız üçün tək-tək, polis izn verərsə gedə bilirik”.






