Gənclər niyə kitab oxumaq istəmir? - Açıqlama

Kitab oxumaq uzun illər gənclərin əsas məşğuliyyətlərindən biri hesab olunsa da, artıq mütaliəyə marağın azaldığı müşahidə olunur.
Sfera.az xəbər verir ki, mövzu barədə gənc şair Ağarza Elçinoğlu söyləyib ki, gənclərimizin kitab oxumağa marağının azalması daha çox tarixi proseslərə əsaslanır:
"Azərbaycanın əlifbası son yüz ildə 3 dəfə dəyişib. Öncə ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid bizim 20-ci əsrin əvvəllərindən geriyə olan yazılı materiallarla əlaqəmizi kəsdi. Latın qrafikalı əlifbaya öyrəşməmiş kirilə keçdik. Bu da 90-cı illərə qədər davam etdi. Amma yenə biz latın qrafikalı əlifbaya qayıtmaqla bu dəfə 20-ci əsrin sonlarına qədər olan böyük araşdırmalar, ədəbiyyat və s. vasitələri oxuya bilmədik”.

Şair qeyd edib ki, buna baxmayaraq gənclərin kitaba marağının ciddi şəkildə azaldığını söyləmək doğru deyil:
“Bu gün də müəyyən oxucu kütləsi mütaliə edir və kitab oxumaq üçün maraqla yanaşı, dil biliyi də mühüm rol oynayır. Əsərlərin orijinal dildə oxunması daha təsirli olur və xarici dilləri bilən gənclərin mütaliə imkanları da genişdir”.
O əlavə edib ki, Azərbaycan gənclərini uzunmüddətli kitab oxuma ənənəsinə malik xalqlarla müqayisə etmək düzgün yanaşma deyil:
"Kitaba marağın artması üçün cəmiyyətdə yazı və oxu mədəniyyətinin, eləcə də intellektual mühitin daha da inkişaf etdirilməsi vacibdir. Kitaba marağın artması üçün biz öncə ən azı tələb olunan səviyyədə yazmalı, xalq olaraq tam formalaşmalı və yüksək intellektə sahib olmalıyıq”.
İradə Elsevər







