İlk 1000 gündə şəkərin məhdudlaşdırılması Alzheimer riskini azalda bilər

İlk 1000 gündə şəkərin məhdudlaşdırılması Alzheimer riskini azalda bilər
Kateqoriya məlum deyil
T

Hamiləlik dövründən uşağın iki yaşına qədər olan ilk 1000 gündə şəkər qəbulunun məhdudlaşdırılması gələcəkdə Alzheimer xəstəliyi, demensiya, depressiya və təşviş pozuntularının inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Sfera.az xəbər verir ki, bu nəticə "npj Aging" jurnalında dərc olunan yeni araşdırmada yer alıb.

Tədqiqatçılar 1951–1956-cı illərdə doğulmuş UK Biobank layihəsinin 60 min 394 iştirakçısının məlumatlarını təhlil ediblər. Alimlər həyatlarının ilk 1000 günü şəkər istehlakının məhdudlaşdırıldığı dövrə təsadüf edən şəxslərlə, şəkər norması ləğv edildikdən sonra doğulanların sağlamlıq göstəricilərini müqayisə ediblər.

Nəticələr göstərib ki, erkən yaşlarda daha az şəkər qəbul edən insanlarda demensiya riski 27 faiz, Alzheimer xəstəliyi riski 46 faiz, depressiya riski 11 faiz, təşviş pozuntuları isə 20 faiz daha aşağı olub.

Araşdırmaya əsasən, ən güclü qoruyucu təsir doğulduqdan sonra da şəkər qəbulunun məhdud saxlanıldığı hallarda müşahidə edilib. Yalnız hamiləlik dövründə şəkərin azaldılması isə beyin sağlamlığına nəzərəçarpacaq təsir göstərməyib.

Maqnit-rezonans tomoqrafiyası (MRT) nəticələri də bu fərqi təsdiqləyib. Belə ki, erkən dövrdə az şəkər qəbul edən iştirakçıların beyninin bioloji yaşı orta hesabla pasport yaşından 0,39 il daha az olub. Həmçinin onların yaddaş və idrak funksiyalarında mühüm rol oynayan hipokamp və talamus nahiyələrinin həcmi daha böyük qeydə alınıb.

Tədqiqat müəllifləri vurğulayıblar ki, əldə olunan nəticələr səbəb-nəticə əlaqəsini tam sübut etmir. Bununla belə, onlar hesab edirlər ki, həyatın ilk illərində əlavə şəkərin məhdudlaşdırılması uzunmüddətli perspektivdə beyin sağlamlığının qorunmasına töhfə verən amillərdən biri ola bilər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR