Sosial şəbəkələrdə yeni təhlükə: Fırıldaqçıların psixoloji manipulyasiya üsulları

Sosial şəbəkələrdə dələduzluq halları son illər daha da geniş yayılıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, fırıldaqçılar insanları aldatmaq üçün psixoloji təsir üsullarından geniş istifadə edirlər.
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Sfera.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə fəaliyyət göstərən dələduzlar insanları aldatmaq üçün psixoloji manipulyasiya üsullarından istifadə edir və onların təlaş hissindən yararlanırlar.

Onun sözlərinə görə, dələduzlar vətəndaşlara düşünməyə vaxt verməmək üçün "hesabınız bloklanacaq", "son 5 dəqiqə qalıb" kimi mesajlarla süni təlaş hissi yaradır, eyni zamanda sənədsiz kredit və zəhmətsiz yüksək gəlir vədləri ilə diqqət cəlb etməyə çalışırlar:
“Fırıldaqçılar tanınmış şəxslərin, bankların və müxtəlif qurumların adından saxta səhifələr yaradaraq etibar qazanmağa cəhd edir, kredit və ya hədiyyə vermək bəhanəsi ilə isə əvvəlcədən "komissiya" və ya "sığorta haqqı" adı altında ödəniş tələb edirlər”.
F.Əmirov vurğulayıb ki, vətəndaşlar belə hallarda xüsusilə ehtiyatlı olmalı, əvvəlcədən ödəniş tələb olunan kredit təkliflərinə inanmamalıdırlar:
“Heç bir rəsmi bank kredit ayırmaq üçün öncədən pul istəmir. Həmçinin, bank kartının arxa hissəsindəki üçrəqəmli təhlükəsizlik kodu və SMS vasitəsilə göndərilən təsdiq şifrələri heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır”.
İradə Elsevər






