Məscidlər niyə gecələr də fəaliyyət göstərmir?

Azərbaycanda fəaliyyət göstərən məscidlərin böyük əksəriyyəti axşam namazından sonra, əsasən saat 22:00 radələrində bağlanır. Bu isə gecə saatlarında ibadət etmək istəyən bəzi vətəndaşların məscidlərdən istifadə imkanlarını məhdudlaşdırır. Bu baxımdan, İslam ənənəsində məscidlərin iş rejiminin hansı prinsiplər əsasında müəyyənləşdirildiyi, bununla bağlı vahid qaydaların olub-olmaması, eləcə də gələcəkdə gecə saatlarında ibadət etmək istəyən şəxslər üçün şəraitin genişləndirilməsinin nəzərdən keçirilib-keçirilmədiyi diqqət çəkən məsələlərdəndir.
Sfera.az bildirir ki, modern.az mövzu ilə bağlı Dövlət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Komitədən bildirilib ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən məscidlərin gündəlik iş rejimi və ziyarət saatları həmin məscidlərdə fəaliyyət göstərən dini icmalar (və ya din xadimləri) tərəfindən onların nizamnamələri, fəaliyyət xüsusiyyətləri və mövcud şərait nəzərə alınmaqla müəyyən edilir.
"Məscidlərin fəaliyyət rejimi, o cümlədən ibadət evlərinin gecə saatlarında açıq və ya qapalı olması ilə bağlı məsələlər dini icmaların səlahiyyətlərinə aid olub, təhlükəsizliyin təmin edilməsi, bina və inventarın qorunması, təmizlik, sanitariya və digər texniki-təsərrüfat amilləri nəzərə alınmaqla həmin dini icmalar (və ya din xadimləri) tərəfindən müstəqil qaydada tənzimlənir", - deyə məlumatda vurğulanıb.
Məsələyə münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə qeyd edib ki, məscidlərin gecə-gündüz açıq saxlanılması dini baxımdan zəruri hesab edilmir və bu məsələ praktik imkanlar nəzərə alınmaqla tənzimlənməlidir.
Onun sözlərinə görə, həm Azərbaycanda, həm də bir sıra müsəlman ölkələrində məscidlər son namazdan sonra bağlanır:
“Ümumiyyətlə, bundan əvvəl Azərbaycanda, eləcə də Türkiyənin özündə son namaz, yəni yatsı namazı qılındıqdan sonra məscidlər bağlanır. Məscidin daim açıq saxlanılması ilə bağlı hər hansı qayda yoxdur. Məscid əsasən kollektiv namazın qılınması üçün nəzərdə tutulub. İmam namazı qıldırır, insanlar birgə ibadətlərini yerinə yetirirlər. Fərdi ibadət isə evdə də rahat şəkildə edilə bilər”.

Deputat qeyd edib ki, məscidlərin fasiləsiz açıq qalması həm də praktiki baxımdan məqsədəuyğun deyil:
“Burada qızdırılma, elektrik, su və digər təsərrüfat xərcləri var. Məscidin müəyyən saatadək fəaliyyət göstərməsi normaldır. Sübh namazından sonra orada gözətçinin və ya başqa əməkdaşın mütləq qalmasının xüsusi bir mənası yoxdur. Məscid insanların birlikdə namaz qılması və namaz vaxtlarında fərdi şəkildə gəlib ibadət etməsi üçün fəaliyyət göstərən məkandır”.
F.Mustafa hesab edir ki, kollektiv ibadət vaxtı başa çatdıqdan sonra məscidlərin bağlanması təbii yanaşmadır:
“Gecə saatlarından sonra məscidin açıq qalması üçün mütləq qarovulun və ya xidmət personalının işləməsi, eyni zamanda təmizlik və digər işlərin görülməsi tələb olunur. Hesab edirəm ki, bu məsələni ayrıca müzakirəyə çıxarmağa ehtiyac yoxdur. Kollektiv ibadət vaxtları bitdikdən sonra məscidin bağlanması həm təmizlik işlərinin görülməsi, həm də personalın dincəlməsi baxımından normal yanaşmadır”.
Komitə sədri məscidlərin təmizliyinin də ilk növbədə dini icmanın məsuliyyəti olduğunu bildirib:
“Əslində, məscidin təmizliyi üçün ayrıca adam tutulması məsələsi də doğru yanaşma deyil. Ora gələn inanclı insanlar həm məscidə dəstək verməli, həm də onun təmizliyini qorumağa borcludurlar. Müsəlmanın əsas xüsusiyyətlərindən biri təmizlikdir. Əgər öz ibadət evini təmiz saxlaya bilməyən bir icma varsa, bu artıq həmin icmanın problemidir”.
Onun sözlərinə görə, zərurət yaranarsa, icma öz vəsaiti hesabına bu işi təşkil edə bilər:
“Əlbəttə, xüsusi vəsait toplanıb təmizliklə məşğul olan şəxslər də müəyyən edilə bilər. Bu artıq icmanın öz qərarıdır. Hesab edirəm ki, bu məsələnin həmin qaydada həll olunması daha real və mümkündür”.
O həmçinin vurğulayıb ki, məscidlərin təmiz saxlanılması həm dini, həm də ictimai baxımdan vacibdir:
“Bütövlükdə məscidlərin təmiz saxlanılması xoş görüntüdür və insanlar buna diqqət yetirməlidirlər. Xüsusilə inanclı insanlar üçün ibadətin təmiz məkanda həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır”.
Deputat onu əlavə edib ki, məscidin daxili təmizliyi dövlətin deyil, dini icmanın məsuliyyətidir:
“Bu, dövlətin məsələsi deyil. Dövlət bütün dinlərə eyni münasibət göstərir və ibadət yerlərinin daxili təmizliyi ilə məşğul olmur. Əgər söhbət məscidin ətrafından, bələdiyyəyə və ya dövlətə məxsus ərazilərdən gedirsə, bu başqa məsələdir. Amma məscidin daxili icmanın istifadəsindədirsə, onun təmizliyi və saxlanılması ilə də icma özü məşğul olmalı, bunu daxildə toplanan vəsait hesabına tənzimləməlidir”, - deyə F.Mustafa qeyd edib.






