Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı MÜHÜM QƏRAR

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı MÜHÜM QƏRAR
Kateqoriya məlum deyil
T

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəlliflik hüququ ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran mühüm qərar qəbul edib.


Sfera.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.


Məlumata görə, mübahisə audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən Gildiya ilə elektronika və məişət texnikası idxal edən şirkət arasında yaranıb. Gildiya iddia edib ki, cavabdeh şirkət audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılmasında istifadə oluna biləcək avadanlıq və maddi daşıyıcılar idxal etdiyindən onunla müqavilə bağlamalı və qanunvericilikdə nəzərdə tutulan qonorarı ödəməlidir.


Şirkət isə iddiaya etiraz edərək bildirib ki, idxal etdiyi məhsullar qanunda nəzərdə tutulan surətçıxarma avadanlıqları və maddi daşıyıcılar hesab edilmir. Buna görə də Gildiya ilə müqavilə bağlamaq və qonorar ödəmək öhdəliyinin olmadığını vurğulayıb.


Birinci instansiya və apellyasiya məhkəmələri iddianı təmin etməyiblər. Məhkəmələr hesab ediblər ki, müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında bağlanır və heç bir tərəf buna məcbur edilə bilməz. Bundan əlavə, iddiaçının şirkətin idxal etdiyi malların qanunda göstərilən avadanlıq və maddi daşıyıcılar kateqoriyasına aid olduğunu kifayət qədər sübut edə bilmədiyi qeyd olunub.


Ali Məhkəmə isə qərarında fərqli hüquqi yanaşma ortaya qoyub. Qeyd edilib ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun 17.3-cü maddəsinə əsasən müəlliflərin qonorar almaq hüququ və istehsalçı və ya idxalçıların həmin qonorarı ödəmək öhdəliyi birbaşa qanundan irəli gəlir. Bu baxımdan, 17.4-cü maddədə nəzərdə tutulan müqavilə həmin hüququ yaradan əsas deyil, yalnız onun həyata keçirilməsi mexanizmlərindən biridir.


Məhkəmə vurğulayıb ki, tərəflər qonorarın məbləği və ödənilmə qaydası barədə razılığa gələ bilmədikdə belə, bu hal idxalçını qanunla müəyyən edilmiş ödəniş öhdəliyindən azad etmir. Əks yanaşma qəbul olunsaydı, idxalçılar sadəcə müqavilə bağlamaqdan imtina etməklə müəlliflərə ödənilməli olan qonorarın ödənilməsindən yayına bilərdilər ki, bu da müəlliflərin qanunla qorunan əmlak hüquqlarının pozulmasına səbəb olardı.


Ali Məhkəmə bildirib ki, tərəflər arasında müqavilənin olmaması müəlliflərin qonorar almaq hüququnu aradan qaldırmır. Razılıq əldə edilmədiyi halda idxalçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli 132 nömrəli qərarı ilə müəyyən edilmiş minimum məbləğdə qonorar ödəməlidir.


Qərarda daha bir vacib məqama da aydınlıq gətirilib. Belə ki, qanunda sadalanan surətçıxarma avadanlıqları və maddi daşıyıcıların siyahısının məhdud xarakter daşımadığı vurğulanıb. Ali Məhkəmənin mövqeyinə görə, hər hansı texniki vasitənin bu kateqoriyaya aid olub-olmaması onun adından deyil, audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılması imkanını təmin edib-etməməsindən asılı olaraq müəyyənləşdirilməlidir.


Qərarın sonunda Gildiyanın kassasiya şikayəti qismən təmin edilib. Bu qərarın müəlliflik hüquqları sahəsində gələcək məhkəmə təcrübəsi üçün presedent xarakteri daşıdığı bildirilir.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR