Bankaların yeni qərarı kimlərə təsir edəcək? - Bu sahədə çalışanlar...

Azərbaycan Mərkəzi Bankı ilə kommersiya bankları arasında əldə olunmuş razılığa əsasən, kartdan-karta əməliyyatlar üzrə yeni məhdudiyyətlər qüvvəyə minib.
Yeni limitlər gündəlik ödəniş vərdişlərində ciddi dəyişikliklər yaradacaq. Məhdudiyyətlərdən ən çox qeyri-rəsmi qaydada fəaliyyət göstərən kiçik sahibkarlar və fərdi xidmət göstərən şəxslər təsirlənəcək.
Sfera.az xəbər verir ki, avqustun 6-dan etibarən ölkə üzrə kartdan karta vəsait qəbulu üçün gündəlik limit 5 əməliyyat, aylıq limit isə 20 min manat müəyyən edilib. Banklar artıq müştərilərinə bununla bağlı bildirişlər göndərməyə başlayıb.
Yeni qaydalar ilk növbədə ödənişləri şəxsi bank kartı vasitəsilə qəbul edən şəxslərin fəaliyyətinə təsir göstərəcək.
Belə ki, “İnstagram”, “TikTok” və digər sosial şəbəkələr üzərindən məhsul satan onlayn mağazalar ödənişlərin böyük hissəsini kartdan karta qəbul etdiyindən, gündəlik əməliyyat limitinə görə alternativ ödəniş üsullarına keçmək məcburiyyətində qala bilərlər.
Məhdudiyyətlər gözəllik salonlarında çalışan ustalar, bərbərlər, vizajistlər, dırnaq ustaları, fotoqraflar, təmir ustaları və digər fərdi xidmət göstərən şəxslərə də təsir edə bilər. Çünki bu sahələrdə xidmət haqqı əksər hallarda müştərilərin şəxsi karta etdiyi köçürmə ilə ödənilir.
Yeni qaydalar kuryer və çatdırılma xidməti göstərən şəxslər, eləcə də onlayn dərs keçirən müəllimlər və repetitorlar üçün də müəyyən çətinlik yarada bilər. Müştəri sayı çox olan şəxslər gün ərzində müəyyən edilmiş əməliyyat limitini tez doldura bilərlər.
Bundan başqa, POS-terminaldan istifadə etməyən kiçik mağazalar, köşklər və fərdi ticarətlə məşğul olan sahibkarlar da yeni məhdudiyyətlərdən təsirlənəcək qrup hesab olunur. Mütəxəssislər hesab edirlər ki, bu dəyişiklik həmin sahibkarların rəsmi ödəniş sistemlərinə keçidini sürətləndirəcək.
Bununla yanaşı, adi vətəndaşların gündəlik istifadə etdiyi kart köçürmələrinin əksəriyyətinin yeni limitlərdən ciddi şəkildə təsirlənməyəcəyi bildirilir. Bankların açıqlamalarına görə, eyni şəsxsə məxsus kartlar arasında həyata keçirilən köçürmələrə bu məhdudiyyət tətbiq olunmur.
İqtisadçılar hesab edirlər ki, yeni qaydaların əsas məqsədi şəxsi bank kartlarından kommersiya fəaliyyəti üçün istifadənin qarşısını almaq, nağdsız ödənişləri daha şəffaf etmək və sahibkarları rəsmi ödəniş alətlərindən istifadəyə təşviq etməkdir.
Bu baxımdan, yeni limitlərin ən böyük təsiri qeyri-rəsmi fəaliyyət göstərən kiçik biznes seqmentində hiss olunacaq.
Firuzə Əliyeva
Sfera.az






