Metroda 10 aylıq dəyişiklik: Hərəkət necə təşkil olunacaq?

Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin tikinti mərhələsinə 15 avqust 2026-cı il tarixindən başlanılması planlaşdırılır.
Sfera.az xəbər verir ki, Bakı Metropoliteninin inkişaf strategiyasının əsas layihələrindən sayılan bu mərhələdə "Nizami"–"28 May" arasındakı mövcud tunel istismardan çıxarılacaq və konstruktiv baxımdan ləğv ediləcək. Onun əvəzinə "Nizami"–"Cəfər Cabbarlı" istiqamətində iki yeni metro tuneli inşa olunacaq. Tikinti işlərinin təxminən 10 ay ərzində başa çatdırılması nəzərdə tutulur. Bu müddətdə Yaşıl xətt üzrə qatarların hərəkəti müvəqqəti olaraq "Nizami" stansiyasınadək təşkil ediləcək. Qırmızı və Yaşıl xətlər arasında birbaşa metro əlaqəsi dayandırılacağından sərnişinlərin marşrutlarında dəyişikliklər yaranacaq.
Mövcud çətinliklərin minimuma endirilməsi məqsədilə M1–M6 indeksli 6 müvəqqəti ekspres avtobus marşrutu fəaliyyət göstərəcək. Bu marşrutlara ümumilikdə 87 avtobus cəlb olunacaq. Bundan başqa, mövcud müntəzəm avtobus xətlərinə əlavə 97 avtobus buraxılacaq. Sərnişinlərin metro və alternativ yerüstü ictimai nəqliyyat vasitələri ilə daşınmasının təmin ediləcəyi bildirilir.
Eyni zamanda tikinti dövründə müvəqqəti hərəkət sxemi və alternativ marşrutlar barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək. Layihənin tamamlanmasından sonra isə Qırmızı və Yaşıl xətlər tam müstəqil fəaliyyət göstərəcək. Bu, bir xətdə yaranan nasazlıq və ya gecikmənin digər xəttin işinə təsir etməsinin qarşısını alacaq.
Həmçinin "28 May" stansiyasında sərnişin sıxlığının əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Bundan əlavə, Yaşıl xətt üzrə "Cəfər Cabbarlı"–"Xətai" sahəsində qatarların hərəkət intervalı hazırkı 8 dəqiqədən 3 dəqiqə 30 saniyəyədək enəcək.
Növbəti mərhələlərdə isə hər iki xətt üzrə qatarların hərəkət intervalının təxminən 2 dəqiqəyədək azaldılması üçün texniki imkan yaradılacaq.
Qeyd olunur ki, tikinti dövründə müəyyən narahatlıqlar yaransa da, layihə uzunmüddətli perspektivdə Bakı metrosunun ötürücülük qabiliyyətinin artırılmasına, sərnişin sıxlığının azaldılmasına və şəhərin artan nəqliyyat tələbatının daha səmərəli qarşılanmasına xidmət edəcək.
Firuzə Əliyeva






