Şeir yazanlar depressiya keçirir? – AÇIQLAMA

Şeir əsrlərdir insanların hiss və düşüncələrini ifadə edən ən təsirli ədəbi janrlardan biridir. Hazırda da bu ədəbi janra maraq göstərən insanlar çoxdur.
Bəzi iddialara görə, şeir yazmaq ehtiyacı ilə insanın psixoloji durumu arasında əlaqə var. Bu əlaqədən irəli gələrək iddia olunur ki, şeir yazanların heç də hamısı istedadlı deyil, onların bir çoxu psixoloji amillərin təsiri ilə, depressiv vəziyyətlə əlaqədar ədəbi janrın bu növünə müraciət edir.
Bu iddia ilə bağlı Sfera.az-a fikrini bildirən şair və müəllim Elnur Uğur Abdiyev söyləyib ki, şeir yazmağı depressiyanın əlaməti kimi qiymətləndirmək düzgün yanaşma deyil.
Onun sözlərinə görə, bu anlayış daha çox insanın daxilində baş verən hisslərin ifadəsi ilə bağlıdır:
"Şeir yazmaq depressiyanın əlaməti deyil. Əgər bunu hansısa psixoloji vəziyyətlə əlaqələndirmək istəsək, repressiyanın əlaməti demək daha doğru olar. Şeir insanın daxilində doğulan ülvi hisslərin ifadəsidir. O, sevgidən doğulan duyğuların səsi, nifrəti və mənfi emosiyaları isə arxa plana keçirən mənəvi gücdür".

E.Abdiyev qeyd edib ki, şeir insanın özünü daha yaxşı dərk etməsinə və daxili aləmi ilə ünsiyyət qurmasına kömək edir:
"Şeir insanın özündən özünə uzanan körpüdür. O, insanı öz daxilində ovudan, ona güc və enerji verən bir yaradıcılıq nümunəsidir. Buna görə də şeiri yalnız kədər və ya depressiya ilə əlaqələndirmək düzgün yanaşma deyil".
Şair əlavə edib ki, poeziyanın yaranmasına səbəb olan hisslər hər bir insanda fərqli olur. Onun fikrincə, şeirin yazılmasına sevgi, sevinc, həsrət, ümid və digər emosiyalar da təkan verə bilər. Bu isə insanın xarakterindən, həyata baxışından və yaşadığı duyğulardan asılı olaraq dəyişir.
Xatırladaq ki, poeziya tarix boyu insanların daxili aləmini, düşüncə və hisslərini ifadə etməsinin ən təsirli vasitələrindən biri hesab olunub.
İradə Elsevər







