Ölümdən sonra həyat bəxş etmək istəyənlərin sayı artır – Rəsmi rəqəm açıqlandı

Azərbaycanda orqan donorluğuna maraq ildən-ilə artır. Ölümündən sonra orqanlarını bağışlamaq üçün könüllü razılıq verənlərin sayı artıq 1700 nəfərə çatıb.
Sfera.az-ın mövzu ilə bağlı ünvanladığı sorğuya cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib ki, bu göstəricinin artmasında ictimai maarifləndirmə tədbirləri və orqan donorluğunun insan həyatının xilas edilməsindəki roluna dair aparılan məlumatlandırma kampaniyaları mühüm əhəmiyyət daşıyır.
Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən orqan donorluğu və transplantasiya sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi məqsədilə ardıcıl informasiya kampaniyaları həyata keçirildiyi açıqlanıb.
Bildirilib ki, bu çərçivədə televiziya kanalları, “Sağlam radio” 93 FM, sosial media platformaları və xəbər portalları vasitəsilə orqan donorluğunun əhəmiyyəti, hüquqi əsasları və cəmiyyət üçün faydaları barədə mütəmadi məlumatlar paylaşılır. Mərkəzdən vurğulanıb ki, maarifləndirmə fəaliyyətinin əsas məqsədi cəmiyyətdə orqan donorluğu mədəniyyətinin formalaşdırılması, bu sahədə mövcud yanlış təsəvvürlərin aradan qaldırılması və vətəndaşların məlumatlı qərar verməsinə dəstək olmaqdır.
Bəsti Rəfizadə
Sfera.az




